Fransa mediasından ermənilərə zərbə
Son illər beynəlxalq arenada Azərbaycan həqiqətlərinin xaricilərin öz dillərindən çatdırılmasının şahidi oluruq. Sevindirici hal odur ki, Avropa mediasında xarici ekspertlər, siyasi xadimlər və incəsənət xadimləri ölkəmizi müdafiə edən yazılarla çıxış edirlər. Ölkəmizi öz gözləri ilə görən tanınmışlar feysbuk, instqram və tivitter hesablarında fikirlərini bölüşürlər. Bu isə minlərlə izləyicinin Azərbaycanla bağlı məlumat əldə etməsinə səbəb olur.
Onların ölkəmizə səfərlərini təşkil edən Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd edilməlidir. Daxildə və xaricdə həyata keçirilən mədəniyyət layihələri Avropada dostlarımızın sayını artırır. Bir məsələni xüsusi qeyd edim ki, ölkənin tanıtdırılmasında mədəniyyət faktoru mühüm əhəmiyyət kəsb edir. Sadəcə olaraq bir işlə kifayətlənmək olmaz. Fəaliyyət davamlı və ardıcıl aparılmalıdır ki, erməni lobbisi yalançı həqiqətləri ilə beynəlxalq ictimaiyyəti çaşdıra bilməsin.
80-ci illərin sonu və 90-ci illərin əvvəllərində Ermənilər Avropada tanınmış şəxsləri öz tərəflərinə çəkməklə, onların öz dillərindən Qarabağ və Ermənistan barədə yalan və heç bir faktı özündə daşımayan məlumat yayırdılar. Zaman-zaman biz bunun acı nəticələrinin şahidi olduq.
Şübhəsiz ki, bu gün erməni lobbisinin güclü olduğu ölkələrdən biri də Fransadır. Erməni diasporu sözü işlədiləndə ilk Fransa dövləti yada düşür. Bu günlərdə Fransanın “huffingtonpost.fr” portalında Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan-Fransua Manselin Azərbaycanla bağlı məqaləsinin yayımlanması artıq vəziyyətin dəyişdiyini ortaya qoyur. Bu yazı Azərbaycan həqiqətlərinin çatdırılması növqeyi-nəzərindən də yüksək qiymətləndirilməlidir. Fransalı deputat bu məqaləsi ilə erməni diaspor üzvünün ölkəmizlə bağlı həqiqətə uyğun olmayan və böhtanlarla dolu məqaləsinə tutarlı faktlarla cavab verir. Deputatın fikirləri ilə tanış olmaq istəyənlərhttp://azertag.az/xeber/Fransali_deputatdan_ermeni_diaspor_uzvunun_Azerbaycanla_bagli_qerezli_yazisina_tutarli_cavab-1050013 daxil ola bilərlər.
Bundan bir müddət öncə, erməni lobbisinə qarşı ciddi mübarizə aparan Paris Azərbaycan Evinin sədri, Azərbaycanın Dostları Assosiyasiyasının baş katibi Mirvarı Fətəliyevanın Fransanın nüfuzlu "Libération" qəzeti "Ermənistan- Azərbaycan: Fransa münaqişənin sülh yolu ilə həllinə çalışmalıdır" başlıqla məqaləsi erməni lobbisinin hiddətinə səbəb olmuşdur. Bir məsələni qeyd edim ki, Mirvarı Fətəliyeva ermənilər tərəfindən fiziki təzyiqə məruz qalan icma sədridir. Mirvari Fətəliyeva ciddi təzyiqlərə baxmayaraq, bir addım olsun erməni lobbisinə qarşı mübarizədən geri çəkilmir.
Təqdirəlayiq hal odur ki, bu gün Fransada Azərbaycanın haqlı mövqeyini dəstəkləyən qüvvələr formalaşmaqdadır. Azərbaycan icmasının bu prosesdə körpü rolunu oynadığını yaddan çıxartmaq olmaz. Görülən işləri gücləndirilmiş şəkildə davam etdirməliyik. Əsas odur ki, hər kəs üzərinə düşən vəzifəni həyata keçirməyə çalışarsa, vəziyyətin bizim xeyrimizə dəyişəcəyi şübhəsizdir.
Elnur ELTÜRK