Dilqəmin həkimi Bakıya gəldi: "Videolara baxanda dəhşətə gəldik"




Erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun həkimi Azərbaycana gəlib. Bu barədə girovun qardaşı Sahib Musayev məlumat verib.

Britaniyalı həkimlə görüşən S.Musayev qardaşının səhhəti ilə maraqlandığını deyib: “Həkim britaniyalıdır. O, Dilqəmi müayinə edib. Bizə bildirdi ki, Dilqəmin səhhəti normaldır, müalicə ediblər, ciddi problemi yoxdur. Mənim fikrimcə, həkim həqiqəti demir. Çünki biz Dilqəmin sonuncu videolarına baxanda dəhşətə gəldik. O, çox pis vəziyyətdə idi. Dilqəmin səhhətinin yaxşı olduğu inandırıcı deyil. Həkim Dilqəmi səthi müalicə edib. Onun daxili orqanlarının hansı vəziyyətdə olduğunu Allah bilir”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Azərbaycanlı girovların Şuşa həbsxanasında saxlanıldığı bildirilir.(azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu