AFN.AZ / Azərbaycan XİN işğalçıların

Azərbaycan XİN işğalçıların

Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz turizm əməllərinə və işğal olunmuş Kəlbəcər rayonunda İstisu termal su mənbəyində turizm kompleksi tikmək niyyətinə münasibətdə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev haqqın.az sorğusuna cavab olaraq bildirib:

Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərinin ilhaq etmək, işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaratdığı qondarma rejimi təşviq etmək və işğalın nəticələrini möhkəmləndirmək, həmçinin çirkli gəlir əldə etmək məqsədilə işğal olunmuş ərazilərdə turizmdən sui-istifadə edir.

Beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə Konvensiyalarına əsasən işğalçı dövlət işğal olunmuş ərazilərdə qeyri-qanuni hərəkətlərdən, o cümlədən iqtisadi və turizm fəaliyyətindən kənar durmalıdır. Beynəlxalq hüququ kobud şəkildə pozan və sivil davranış qaydalarından kənar olan bir dövlət kimi Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində də qanunsuz turizm fəaliyyəti həyata keçirməyə cəhd göstərir. Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda İstisu termal su mənbəyində turizm istirahət zonasının tikilməsi niyyəti də Ermənistanın sistematik şəkildə yürütdüyü qanunsuz əməllərinin növbəti nümunəsidir.

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətləri ATƏT-in müvafiq olaraq fakt qiymətləndirmə və fakt araşdırma missiyalarının hesabatlarında da öz təsbitini tapmışdır. 2016-cı ildə Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər əməllər” adlı hesabatda da Ermənistanın bu kimi qanunsuz əməlləri ətraflı şəkildə təhlil edilmişdir.

Bu istiqamətdə həyata keçirilən fəaliyyətdə əsas diqqət qondarma rejimin beynəlxalq turizm sərgilərində iştirakının qarşısının alınması, işğal olunmuş ərazilərə qanunsuz turizm səfərləri təşkil edən əcnəbi hüquqi və fiziki şəxslərin fəaliyyətinin dayandırılması və məsələnin aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması kimi məsələlərə yönəldilir. Bu xüsusda, ötən illər ərzində həyata keçirilmiş tədbirlər nəticəsində bir çox beynəlxalq turizm sərgilərdə qondarma rejimin ayrıca stendlə təmsil olunmasının, turizm səfərləri təşkil edən bəzi əcnəbi şirkətlərin fəaliyyətinin qarşısı alınmışdır. Arzuolunmaz şəxslər siyasının tətbiq olunması və bu əsasda məlumatlandırma işinin gücləndirilməsi fərdi əsasda qanunsuz səfərlərin xeyli dərəcədə azalmasına səbəb olmuşdur.

Azərbaycan Respublikası 2014-cü ilin oktyabrında Səmərqənddə keçirilmiş Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurasının 99-cu sessiyasında ÜTT-nin nizamnaməsinə, beynəlxalq hüquqa və turizmin fundamental məqsəd və məramlarına zidd olaraq, turizmin siyasi məqsədlər üçün sui-istifadə edilməsi, münaqişə zonaları və qeyri-qanuni hərbi işğal altında olan ərazilərin turizm məntəqəsi kimi təşviq olunması kimi narahatlıq doğuran halları gündəmə gətirmişdi. Bu kimi əməllərin ÜTT və BMT Baş Assambleyası tərəfindən təsdiq olunmuş Turizmə dair Qlobal Etik Məcəlləyə zidd olduğu da qeyd olunmuşdu.

Turizmə dair Qlobal Etik Məcəlləyə əsasən turistlərdən və turizm sahəsində fəaliyyət göstərən qurumlardan səfər edilən ölkənin qanunlarına hörmət etmək və turizm səfəri zamanı cinayət əməlləri və səfər edilən ölkənin qanunlarına görə cinayət hesab oluna biləcək hər hansı fəaliyyətdən kənar durmaq tələb olunur.

Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurası 2015-ci ilin mayında Xorvatiyada keçirilmiş 100-cü sessiyasında Azərbaycanın təklifi əsasında Turizmin Etik Qaydaları üzrə Dünya Komitəsinin “Münaqişə zonalarının turizm məntəqəsi kimi təşviqinin və turizmin qeyri-qanuni məqsədlər üçün istifadəsinin qarşısının alınması” adlı tövsiyələri nəzərdən keçirmişdi. Bu tövsiyələr əsasında hökumətləri, turizm sektorunda olan dövlət və özəl müəssisələri bütün hallarda, o cümlədən hərbi münaqişələr zamanı Turizmə dair Qlobal Etik Məcəllə, eləcə də BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutmağa çağıran qərar qəbul edilmişdi.

ÜTT-nin Nizamnaməsini, Turizmə dair Qlobal Etik Məcəlləni, ÜTT-nin İcraiyyə Şurasının müvafiq qərar və tövsiyələrini rəhbər tutaraq, biz bütün dövlətləri, turizm sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxsləri Azərbaycanın işğal olunmuş ərazilərinin turizm məntəqəsi kimi təşviq və sui-istifadə edilməsinə imkan verməmək üçün təsirli addımlar atmağa çağırırıq.

İşğal olunmuş ərazilərdəki bütün növ qanunsuz fəaliyyətləri daim diqqətdə saxlayırıq.
9-01-2017, 14:18
Geri qayıt