İlham Əliyev Xorvatiya ilə əlaqələrin möhkəmləndirilməsi haqda


“Xorvatiya prezidentinin ölkəmizə səfəri böyük əhəmiyyət kəsb edir. Bir az əvvəl bizim ikitərəfli, regional və təhlükəsizlik məsələlərlə bağlı geniş fikir mübadiləsi aparmaq imkanımız oldu. Gördüyünüz kimi, mövqelərimiz üst-üstə düşür”.

Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyevin Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç ilə geniş tərkibli görüşündə deyib. Dövlət başçısı bildirib ki, ikitərəfli əməkdaşlığı inkişaf etdirmək lazımdır: “İndi bunun üçün yaxşı imkanlar var. Bizim müxtəlif sahələrdə yaxın siyasi əlaqələrimiz var. Xorvatiya prezidentinin səfəri bunu bir daha nümayiş etdirir. Sabah biznes dairələrinin çox maraqlı toplantısı keçiriləcək. Biz ticarət mübadiləsinin səviyyəsini və investisiyaların necə artıra biləcəyimizə və digər imkanlara nəzər salmalıyıq”.

Prezident İlham Əliyev bildirib ki, enerji sahəsində əməkdaşlıq böyük əhəmiyyət kəsb edir: “Biz qrafik üzrə icra olunan Cənub Qaz Dəhlizində tərəfdaşıq. Bizim çox geniş gündəliyimiz var. Xorvatiyanın mühüm rol oynadığı Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq var. Bütün bu sahələrdə daha çox irəliləyiş görmək istəyirik. Düşünürəm ki, ölkələrimiz bir çox sahədə yaxın tərəfdaşlıq əlaqələri qurub. Biz xüsusən, ticarət, iqtisadi inkişaf, şirkətlər arasında əlaqələr sahəsində daha nələr edə biləcəyimizə nəzər salmalıyıq. Çünki siyasi əlaqələr çox yaxşıdır və bu səfərdən sonra daha da yaxşı olacaq. Mən əminəm ki, səfər çox uğurlu keçəcək və dostluq əlaqələrimizin inkişafında daha mühüm bir addım olacaq”.

Səmimi qarşılanmaya görə təşəkkür edən Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç deyib ki, Bakıda və Azərbaycanın digər yerlərində yaşayan xorvat icması ilə görüşüb: “Mən çox şadam ki, Azərbaycan milli yığmasının baş məşqçisi ilə yanaşı, iqtisadiyyat, əczaçılıq, nəqliyyat, mühəndislik və digər sahələrdə çalışan bir çox xorvat var.

Sizin 20013-cü ildə Zaqrebə səfərinizdən və bu il Suriya ilə bağlı Londonda keçirilən konfrans çərçivəsində görüşümüzdən sonra bu gün əlaqələrimizi daha da inkişaf etdirməklə bağlı müzakirələr aparmaq üçün yaxşı imkanlar var.

Bizim aramızda açıq qalan məsələlər yoxdur. Siyasi əlaqələrimiz çox yaxşıdır. Lakin bu əlaqələri inkişaf etdirmək üçün daha çox imkanlar var. Xüsusən iqtisadiyyat, investisiya, ticarət, mədəniyyət, təhsil, müdafiə, təhlükəsizlik sahələrində əlaqələr və bizim hamımıza təsir edən regional və qlobal təhlükəsizliklə bağlı hərtərəfli əməkdaşlığı koordinasiya və məsləhətləşmələrlə dərinləşdirmək, genişləndirmək üçün çoxlu imkanlar mövcuddur”. Kolinda Qrabar-Kitaroviç onu da qeyd edib ki, Xorvatiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu