Prezident: "Azərbaycana təqribən 200 milyard dollar investisiya yatırılıb"



"Bizim siyasətimiz həmişə belə bir çox vacib amilə əsaslanıb ki, neft bizim üçün məqsəd yox, ölkəni inkişaf etdirmək üçün bir vasitədir. Buna görə də neftin qiyməti çox yüksək olan dövrdə biz neft satışından əldə etdiyimiz gəlirlərdən infrastruktura sərmayə yatırmaq üçün istifadə etdik".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də "Əl-Cəzirə" televiziyasına müsahibəsində deyib.

"Ötən on ildən artıq müddət ərzində demək olar ki, Azərbaycanın bütün infrastrukturu modernləşdirilib. Yeni yollar çəkilib, 6 beynəlxalq hava limanı tikilib. Xəzərdə ən böyük dəniz limanı inşa olunur, 26 elektrik stansiyası, 3000 məktəb, 600-dən çox xəstəxana istifadəyə verilib, kənd təsərrüfatına yüz milyonlarla dollar məbləğində investisiya yatırılıb. Azərbaycana yatırılan həm xarici, həm də yerli investisiyaların ümumi məbləği təqribən 200 milyard dollar təşkil edir. Buna görə də biz neft və qaz amilindən asılı olmayan inkişaf üçün möhkəm baza və özəl sektora sərmayə yatırmaq, ölkə iqtisadiyyatının şaxələnməsinə kömək etmək üçün imkanlar yaratdıq. Neftin qiyməti 3-4 dəfə aşağı düşdükdə əlbəttə ki, sizin də düzgün qeyd etdiyiniz kimi, bizim gəlirlərimiz də azaldı. Lakin iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı atdığımız addımlar və Neft Fondunda toplanılmış maliyyə resurslarının köməyi ilə biz böhranın böyük fəsadlarından yan keçə bildik. Onu da deyim ki, ötən ilin büdcəsində neftin bir barelinin qiyməti 25 dollar götürülmüşdü və o zaman bir barelin qiyməti 40 dollara yaxın idi. Bu ilin büdcəsində neftin bir barelinin qiyməti 40 dollar hesablanıb, indi isə bu qiymət təxminən 55 dollar təşkil edir. Buna görə də büdcə siyasəti baxımından biz risklərdən sığortalana bilmişik. Lakin, eyni zamanda, hazırkı vəziyyət bizə şaxələndirməyə daha çox diqqət yetirməyi tələb edir. Hər şeydən əvvəl, biz qlobal nəqliyyat qovşağına çevrilmək üçün coğrafi mövqeyimizdən istifadə edirik. Biz qonşu regionlar - Şərq-Qərb və Şimal-Cənub arasında dəmir yolu əlaqəsini yaradırıq. Azərbaycan artıq mühüm tranzit ölkəsinə çevrilib. Biz kənd təsərrüfatına da böyük həcmdə sərmayə yatırırıq və qarşıdakı illərdə kənd təsərrüfatı məhsullarının ixracını ən azı iki dəfə artırmaq niyyətindəyik".

O, ötən dövr ərzində yüksək texnologiyalar sahəsinə də investisiyaların qoyulduğunu və bu gün Azərbaycanın kosmik kluba üzv ölkə olduğu qeyd edib. "Biz kosmik sənaye yaratmışıq və müasir texnologiyalar bizə neft və qazdan asılılığımızı azaltmağa imkan yaradacaq", - İlham Əliyev əlavə edib.

Prezident təhsil sahəsində də böyük işlərin görüldüyünü diqqətə çatdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu