İlham Əliyevdən Ermənistana ciddi xəbərdarlıq




"Ermənistan nə qədər tez danışıqlar masasına qayıtsa, onlar üçün bir o qədər yaxşı olacaq".

Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqində bildirib.

Azərbaycan Prezidenti bildirib: "Əlbəttə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli həmişəki kimi, diqqət mərkəzində olmuşdur. Baxmayaraq ki, Ermənistan danışıqlar prosesini hər vəchlə dayandırmağa, onu boykot etməyə çalışır, ancaq buna nail ola bilmir və nail ola bilməyəcək. Minsk qrupunun həmsədr ölkələri artıq bir neçə dəfə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bu, əslində işğala son qoyulması deməkdir. Hesab edirəm, Ermənistana, onun işğalçı siyasətinə Minsk qrupu tərəfindən təzyiq daha da güclənməlidir ki, onlar beynəlxalq normalara riayət etsinlər və işğala son qoysunlar.

Bizim danışıqlar prosesindəki mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz. Ərazi bütövlüyü prinsipi danışıqlar mövzusu deyil və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Mən bütün beynəlxalq təmaslarda qeyd edirəm ki, bu məsələdə heç bir ölkə, yaxud təşkilat tərəfindən ikili standartlar özünü göstərməməlidir. Çünki bəzi hallarda biz bu ikili standartlarla üzləşirik. Postsovet məkanında mövcud olan digər münaqişələrə bəzən daha böyük diqqət göstərilir, yaxud da ki, o münaqişələrin həlli ilə bağlı daha dəqiq ifadələr işlənilir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Postsovet məkanında mövcud olan digər münaqişələrdən fərqli olaraq, BMT Təhlükəsizlik Şurası bu münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. O qətnamələr bəllidir, bütün dünya bunu bilir, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bax, budur əsas prinsip və bu prinsipdən kənarda heç bir başqa məsələ müzakirə oluna bilməz".

Ölkə başçısı qeyd edib ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq, onların qeyri-konstruktiv və qeyri-səmimi siyasəti artıq qınaq obyektinə çevrilib. Onlar nə qədər tez danışıqlar masasına qayıtsalar, onlar üçün bir o qədər yaxşı olacaq. Çünki Azərbaycan gündən-günə güclənir, möhkəmlənir, həm siyasi, həm hərbi, həm iqtisadi potensialımız artır və gec-tez biz bu məsələni istədiyimiz kimi ədalətli həll edəcəyik.

Birinci rübdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə hadisəni qeyd etmək istəyirəm. Birincisi, Dağlıq Qarabağda keçirilən qondarma “referendum”u qeyd etmək istəyirəm. Bu “referendum”un keçirilməsi ilə Ermənistan özünü bir daha biabır və ifşa etdi. Mən bir dəfə demişəm və bir daha demək istəyirəm ki, onlar orada nə qədər çox qanunsuz “referendum” keçirsələr, bu, bir o qədər çox bizim xeyrimizə işləyir. Çünki bütün qonşu ölkələrimiz, Minsk qrupuna həmsədrlik edən ölkələr, Avropa İttifaqı və bir çox ölkələr dərhal bu “referendum”u pislədilər. Bəyan etdilər ki, bu “referendum”u tanımırlar və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Əslində, bu “referendum”un keçirilməsi ilə onlar bütün ölkələri bu həqiqəti bir daha təkrar etməyə sövq etdilər. Əlbəttə ki, bütün beynəlxalq aləm bu “referendum”u qəbul etməməklə bizim ərazi bütövlüyümüzə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsip əsasında həll edilməsinə öz dəstəyini göstərmiş oldular.

Digər hadisə də əlamətdardır. Çünki ilk dəfə olaraq, bizim qanunlarımızı bir neçə dəfə kobudcasına pozmuş, Dağlıq Qarabağa qanunsuz səfərlər etmiş, Azərbaycan dövlətini, xalqını təhqir etmiş bir nəfər xaricdə saxlanılaraq bütün dünyanın gözü qarşısında Azərbaycana təhvil verildi və Azərbaycana gətirildi. Bu, ilk dəfə baş verən hadisədir. Bu, ədalətin bərpasıdır. Bu, beynəlxalq hüququn aliliyidir. Ekstradisiya ilə bağlı olan bütün məsələlər beynəlxalq qanun və konvensiyalar əsasında baş verib. Əminəm ki, bu, həm bizim qanunlarımızı kobudcasına pozan və bununla qürrələnən şəxsə də, onun kimilərinə də dərs olub və dərs olacaq.

Bir önəmli hadisə də baş verdi. Biz Cocuq Mərcanlı kəndinin bərpasına başladıq. Hesab edirəm ki, bu da tarixi hadisədir. İndi orada yeni qəsəbə salınır. Birinci növbədə 50 ev, məktəb, uşaq bağçası, məscid tikilir, yeni yol salınır. Sonra əlavə 150 ev və tibb məntəqəsi tikiləcək. Onu da qeyd etməliyəm ki, o məscid Şuşa məscidinin memarlığını təkrarlayır. Bu, mənim göstərişim idi. Erməni vəhşiləri tərəfindən dağıdılmış bütün abidələrimizin, məscidlərimizin bərpası günü də gələcək. Cocuq Mərcanlının bərpası tarixi hadisədir, bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq. Eyni zamanda, onu göstərir ki, Azərbaycan öz ərazilərini bərpa edəndən sonra bütün kəndləri, bütün şəhərləri yenidən quracaq. Bu, bir daha onu göstərir ki, 20 ildən artıq başqa yerdə məskunlaşan Cocuq Mərcanlı kəndinin sakinləri öz doğma kəndinə tezliklə qayıtmaq arzusu ilə yaşayırlar. Baxmayaraq ki, orada bütün evlər dağıdılıb, ora təmas xəttinə yaxındır. Bax, budur torpaq sevgisi, Vətən sevgisi. Ona görə həm dövlət, həm bizim siyasətimiz, eyni zamanda, xalq bu məsələdə vəhdət təşkil edir. Bu vəhdət, bu birlik bizi daha da ruhlandırır və göstərir ki, biz haqq yolundayıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Onu da qeyd etməliyəm ki, bu il köçkünlər üçün digər yerlərdə yeni binalar tikilir, qəsəbələr salınır. Onlardan biri Tərtər rayonunda inşa edilən böyük qəsəbədir, yaxın aylarda istifadəyə veriləcək. Eyni zamanda, Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin problemləri də əminəm ki, yaxın vaxtlarda öz həllini tapacaq. İlk növbədə, ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcəkdir. Bu proses mərhələli yollarla həll ediləcək, həm yeni binalar tikilir, eyni zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınacaq və məcburi köçkünlər burada yerləşdiriləcəkdir. Hesab edirəm ki, yaxın bir neçə aydan sonra birinci qrup köçkünlər yeni evlərə köçürüləcəkdir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu