Pensiya yaşı 65-ə qalxdı




Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Qanuna dəyişikliklərə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il yanvarın 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Dəyişikliyə əsasən kişilər və qadınlar üçün pensiya yaşı 65-ə qaldırılır. Lakin bu müddət mərhələli şəkildə tətbiq olunacaq. Kişilər üçün nəzərdə tutulan 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılacaq.

Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtlərində edilmiş dəyişikliyə əsasən, əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İkinci və üçüncü qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.

Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği maddəsində edilən dəyişikliyə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu qanunun 13.3-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğində aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

Əmək pensiyaçısı vəfat etdikdə, alınmamış əmək pensiyasının ödənilməsi və dəfn üçün müavinətin verilməsi maddəsində edilən dəyişikliyə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir.

Əmək pensiyasının minimum məbləği maddəsinə edilən dəyişikliyə əsasən bu qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 yanvar tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir.

Dəyişikliyə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan gündəlik qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır.

Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması maddəsinfə edilmiş dəyişikliyə əsasən sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 yanvar tarixinədək olan dövr üzrə fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 70 faiz artırılmaqla, 2017-ci il 1 yanvar tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.

Bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu