"Belə olsa, vəziyyət düzəlməyəcək" - Parlamentdə müzakirə


“Bələdiyyələrin fəaliyyətinin düzgün olması üçün onların müvafiq büdcəsi olmalıdır. Bələdiyyələr var ki, işçilərə maaş da verə bilmirlər”.


Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Parlamentdə müzakirəyə çıxarılan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2015-ci il üzrə)" məruzə haqqında danışarkən deyib.

Komitə sədri bildirib ki, bələdiyyələrin bir çoxlarının Dövlət Sosial Müdafiə Fonduna 20-40 min manat arası borcu var: “Onların büdcələrinə pul daxil olan kimi dərhal fondun hesabına köçürürlər. Nəzərə alsaq ki, Respublikada bələdiyyələrin 14 faizinin əhalisi 1000 nəfərə qədərdir, o zaman onların vəziyyəti daha acınacaqlıdır. Belə bələdiyyələr tənqid edilsə də, cəzalandırılsa da vəziyyət düzəlməyəcək. Ona görə də həmin bələdiyyələrə mütləq dövlət köməyi edilməlidir. Qanunvericilik də buna imkan verir. Bunları nəzərə alaraq dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsait artırılmalıdır”.

A.Rəhimzadə qeyd edib ki, bələdiyyələr müəyyən layihələri icra etmək üçün dövlətdən vəsait almaq hüququna malikdir.

“Nə keçən il, nə də bu il müvafiq məqsədlə vəsait yarılmayıb. Dövlət büdcəsində bununla bağlı müvafiq sətir də açılmayıb. Büdəcədə gərginliyi anlayırıq".

Spiker Oqtay Əsədov isə çıxışında bələdiyyələrlə bağlı xoşagəlməz fikirlərin formalaşdığını deyib. Parlament ədri qeyd edib ki, bələdiyyələrin yalnız torpaq satması ilə bağlı səsləndirilən fikirlər bir kənara qoyulmalıdır:

“Bələdiyyələrə dəstək verilməli, onlara şərait yaradılmalıdır. Bunun qarşılığında isə onlardan da hərəkət olmalıdır. Lakin bələdiyyələr bunun müqabilində heç nə etmirlər. Necə ola bilər ki, bələdiyyələrin bəziləri yaxşı işləyir, bəziləri pis. Demək ki, bu iş başdan yaxşı qurulmayıb. Bələdiyyələrin hesabatını formal bir hesabata çevirməyək. Bizim onlara dəstək verməyimiz üçün onların özündə də təşəbbüs gəlməlidir”. (azvision.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu