“Mən elə bir qanunsuzluq etməmişəm ki...”- Zahid Oruc şikayət edəcək?


“Hansısa sözümün parlamentin İntizam Komissiyasında müzakirə olunacağı mənim özümə də maraqlıdır”.

Bunu millət vəkili Zahid Oruc Milli Məclisin sədri Oqtay Əsədovla arasında yaşanan olaya münasibətində deyib. Deputat bu gün parlamentdə spikerlə arasında yaşananlarla bağlı qeyri-adi heç nə görmədiyini qeyd edib: “Parlament üzvü kimi müzakirə olunan məsələlərlə bağlı fikirlərimi bölüşmüşəm. Bu çox normal yanaşmadır. Çünki millət vəkili müzakirə meydanında iştirak edərkən ölkənin həyatına, ictimai-siyasi proseslərə təsirini göstərmiş, dövlət quruculuğunda iştirak edir və ölkə həyatı üçün əlamətdar məsələləri, cəmiyyəti düşündürən fikirləri ora daşımış olur. Beləliklə də hər hansı insanların, sosial qrupların düşüncəsində olan bu gərginiklər, radikallıq əriyir və qeyd olunan proseslər daha çox məclisin içərisinə keçir və dövlət quruculuğuna parlament bu vasitə ilə özünün müsbət mənada töhfəsini verir. Mənim tərəfimdəm kiməsə qarşı hər hansı təhqiramiz hərəkət baş verməyib. Şəxsimi tanıyanlar bilir ki, media ilə münasibətlərimdə də ünvanımıza ağır ittihamlar yağdıran, bizi süngüyə taxmağa hazır olanlara belə ədəb-ərkanımızı qoruyub saxlamışıq. Heç kəsə qarşı hansısa nizamnamədən kənar mövqe tutmamışam. Lakin niyə belə reaksiya verilib, hansı ifadələr ünvanıma işlədilib, bunu dəyərləndirmək istəmirəm. O cümlədən parlamentin İntizam Komissiyasında bu məsələnin müzakirə olunmasına normal yanaşıram. Bu məsələdə qeyri-adilik yoxdur. Bir daha söyləyirəm ki, mənim hansı sözümün müzakirə olunacağı mənim özümə də maraqlıdır”.

Z.Oruc onun bu günə kimi fəaliyyətində hansısa bir qanunsuzluğun olmadığını da deyib: “Mən elə bir qanunsuzluq eləməmişəm ki, ondan ötrü əsəbi reaksiya verilsin və məlum ifadələr işlədilsin. Reallıq budur. Lakin bununla bərabər ötən zamanlarda olan hər hansı hadisələri adi parlamentdaxli məsələlər kimi qiymətləndirmişik. Hər hansı emosiyaların müzakirə mühitinin tələbi olduğunu başa düşmüşük, heç zaman bunun şəxsi münasibətlər zəmininə keçməsinin tərəfdarı olmamışıq. Bu üzdən düşünmürəm ki, kimsə hesab eləsin ki, biz kin-küdurətlə yaşayan adamlarıq. Bir daha söyləyirəm ki, parlamentin müzakirə mühitinin normal və hüququ müstəvidə olması üçün çalışanlardan biri də mən olmuşam”.

Deputat olanlarla bağlı hər hansı bir quruma şikayət etməyəcəyini vurğulayıb: “Qələmimiz, media ilə işləmələrimizlə dövlətimizə xidmətimizi davam etdiririk. Mənim üçün orada əlavə bir iddia meydanı yoxdur ki, kimdənsə şikayət edim. Şikayət müstəvisi mənim hərəkət meydanım deyil”.

Xatırladaq ki, parlamentin növbədənkənar sessiyasının sonuncu iclasında MM sədri Oqtay Əsədovla millət vəkili Zahid Oruc arasında mübahisə düşüb. Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə bağlı müzakirələrdə, millət vəkilinin çıxışı saxlanılıb, o isə buna etiraz edərək danışmaq istədiyini bildirib. Spiker ona irad tutaraq deyib ki, Z.Oruc hər dəfə mövzudan kənar məsələlərə toxunur. O.Əsədov deyib ki, bir daha ona söz verməyəcək: “Çünki Zahid, sən özünü düzgün aparmırsan. Sənin səviyyən yoxdur. Bunu da bu gün gördüm”. (Aznews)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu