Türkiyə səfirindən Gülənin Bakıdakı gücü və imkanları haqda SENSASİON AÇIQLAMALAR


AFN.az Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun APA-ya müsahibə təqdim edir:

- Türkiyədəki dövlət çevrilişinə cəhdlə bağlı keçirdiyiniz mətbuat konfransında belə bir cümlə işlətdiniz ki, FETÖ ilə mübarizədə Türkiyənin sonuna qədər yanında duracağından əmin olduğu yeganə dostu və müttəfiqi Azərbaycandır. Bilmək istərdik, Azərbaycan bu təşkilatla mübarizədə Türkiyə tərəfinə konkret nə kimi yardımlar təklif edib?

- Baş nazirimiz kimi, biz də Azərbaycanın 15 iyuldakı hərbi çevriliş təşəbbüsü ilə bağlı mövqeyinə görə minnətdarlığımızı bildiririk. Niyə minnətdarlıq hiss etdiyimizin yaxşı anlaşılmasını istəyirəm. Azərbaycan Türkiyədə konstitusion, demokratik quruluşa bizim kimi sahib çıxdığı üçün, Türkiyədəki konstitusion quruluşun yıxılması təşəbbüsü qarşısında durduğu üçün minnətdarlığımızı ifadə edirik. Azərbaycan ədalət, demokratiya və doğrunun yanında durub. O baxımdan çox dərin minnətdarlıq hissimiz var. Konkret, verdiyiniz suala gəlincə, mən onun detallarını burada açıqlama durumunda deyiləm.

Lakin onu deyə bilərəm ki, biz Azərbaycanla bütün mövzuları - həm təhdidləri, həm də fürsətləri ortaq görürük. Azərbaycan və Türkiyənin məqsədi hər iki ölkənin bu bölgədə sülh, sabitlik içində, suveren bir dövlət olaraq inkişaf etməsi, ortaq şəkildə millətimizin və bölgənin yararı naminə birgə çalışmaqdır. Türkiyə və ya Azərbaycanda buna əngəl törətmək istəyən kimsə olsa, bu, hər iki ölkə üçün təhdid təşkil edəcək. İstər Azərbaycanı hədəf alsın, istər Türkiyəni, hər iki ölkəni qarşısında görəcək. Azərbaycan da budəfəki mövqeyi ilə bunu bir daha təsdiqlədi. Bu səbəblə dərin minnətdarlığımızı ifadə edirik.

- Azərbaycanda FETÖ-nün gücü və imkanları barədə nə deyə bilərsiniz?

- Bu suala ən düzgün cavabı verəcək tərəf Azərbaycandır. Fətullah Gülən hərəkatı barədə onu deyim ki, bu, uzaqdan kifayət qədər məsum görünən, xüsusilə Türkiyəmizin, Azərbaycan kimi bizimlə qardaş olan millətimizin ən həssas nöqtələrini özü üçün sui-istifadə vasitəsinə çevirən bir hərəkatdır. Birincisi, inancdan istifadə edərlər. Gülən hərəkatı özünü “mühafizəkar, inanclı” bir hərəkat kimi təqdim edir. Bizim millətimiz onsuz da inanclı bir millət olduğu üçün həmin bu həssas nöqtəni özləri üçün sui-istifadə vasitəsi halına gətiriblər. İkincisi, millətimizin digər həssas nöqtələrindən biri yardıma, xeyir işlərinə möhtac olan şəxslərə dəstək verməkdir. Gülən hərəkatı bu mənada özünü fəal, konstruktiv işlər görən təşkilat kimi aparmağa çalışır. Görünüşdə, çevrəsinə qarşı həssas davranır, təhsilə önəm verir. Bunlar həm Türkiyədə, həm xaricdə getdikləri yerlərdə bu sözdə məsumanə kimliyi ortaya qoyurlar. Bizim çox fəxr etdiyimiz özəllikləri öz özəllikləri kimi təqdim edirlər. Guya ki, mədəniyyətlərarası dialoqa çox önəm verirlər. Getdikləri yerlərdə məktəblər açırlar, bacarıqlı uşaqları həmin məktəblərə gətirib, təqaüdlə oxutdururlar. Orada təhsil alanlar bəlli maarifləndirmədən keçir və o məktəbləri bitirdikdən sonra dövlət idarəçiliyində mühüm vəzifələrə gəlirlər. Bununla yanaşı, biznes fəaliyyətləri də mövcuddur. Bu təşkilat üzvləri getdikləri ölkələrdə lokallaşırlar. Beləcə, iqtisadi qazanc və bu fəaliyyətləri dəstəkləyəcək maliyyə imkanları qazanaraq özünü təmin edən çarx halına gəlirlər.

Bu, Azərbaycan qədər, üçüncü ölkələr baxımından da ciddi təhdiddir. “Soyuq müharibə”dən sonra artıq klassik təhdidlərin aradan qalxdığını, terrorçuların timsalında asimmetrik təhdidlərin meydana gəldiyini gördük. Türkiyənin hazırda başına gələnlər asimmetrik təhdidlərin yeni formasıdır. Dindən, insanların vicdanından sui-istifadə edərək, robotlaşmış fərdlər yetişdirərək dövləti ələ keçirmək təşəbbüsü göstərən təşkilatdan söhbət gedir. Təkcə Türkiyədə deyil, 140-dan çox ölkədə fəaliyyət göstərən terror təşkilatından danışırıq. Bunların Türkiyədən sonra ilk addım atdıqları yerlərdən biri Azərbaycan olub. Dil yaxınlığı, qardaşlıq hissiyyatı və s. amillərlə əlaqədar bu coğrafiyanı ilk gediləcək yer olaraq görüblər. Dolayısı ilə, Türkiyənin başına gələnlərlə heç bir dövlətin, millətin, demokratiyanın qarşılaşmamasını istəyirik. Türkiyədə təəssüf ki, Silahlı Qüvvələrin keçmişdən gələn “uğurlu” çevrilişləri olub. Özümüz də şahidik ki, bunların heç birində uniformalı əsgər küçədəki mülki vətəndaşa atəş açmayıb. Onların beyni bu qədər yalanlarla yuyulub. Baş Qərargah rəhbərimizin yanındakı adamın - yavərinin verdiyi açıqlamaya baxın: “Mən imtahan nəticələrimi öncədən aldıqdan sonra hərbi liseyə girdim. Baş Qərargah rəhbərinin yanında əvvəlcə yavər köməkçisi olaraq xidmətə başladım, 3 il boyunca hər gün otağına girib dinləmə cihazı qoydum. Otaqda axtarış aparılacağını bildiyim vaxt cihazı gizlətdim. Amma kimsənin baxmayacağını bildiyim zaman cihazı yenə qoyurdum. Kənarda abilərimiz vardı ki, sirləri ona təslim edirdim”.

Bu nümunələri verirəm, çünki bu acı təcrübənin yaşanacağına heç kim inanmırdı. Hətta biz çevriliş təşəbbüsü olarkən işin bu nöqtəyə varacağını xəyal belə edə bilməzdik. Dolayısı ilə, biz Azərbaycanla buradakı yapılanma ilə bağlı təcrübə mübadiləsi edirik. Hər ölkə kimi, şübhəsiz, Azərbaycanımız da özü üçün lazımi nəticələri çıxaracaq.

- Fətullah Gülənin ekstradisiyasının gecikəcəyi və yaxud rədd cavabı alınacağı təqdirdə, Türkiyənin ABŞ-la münasibətlərini yenidən nəzərdən keçirməsi ehtimalı var?

- Birincisi, rədd cavabı alacağımızı gözləmirik. Səbəb də aşkardır. Qənaətimizə görə, hüquq belə tələb edir və siyasi olaraq da ABŞ-ın bunu etməsinin doğru olacağına inanırıq. Hüquq bunu tələb edir. Belə ki, hərbi çevriliş təşəbbüsü edən şəxslərin Fətullah Gülən və bu terror təşkilatı ilə birbaşa bağlı olduqları, bu təşkilatın istiqamətləndirməsi ilə hərəkət etdikləri, həmin təşkilat liderinə itaət etdikləri öz ifadələri ilə hər gün daha aydın şəkildə ortaya çıxır. Fətullahçı Terror Təşkilatının Türkiyədə təkcə bu hadisə ilə deyil, bundan öncə də terror təşkilatı kimi tanınmasına səbəb olan başqa məlumatlar və dəlillər mövcuddur.

Bunların hamısını Türkiyə ABŞ-la olan anlaşmaya əsasən bir sənəd halında təqdim edib. Bu dönəmdə nəzarət altına alınan, həbs edilən, hərbi çevrilişə qarışmış xainlərin ifadələrində Fətullah Gülən terror hərəkatının hərbi çevriliş təşəbbüsü haqqındakı aydın dəlillər hər gün daha da artır. Onları da ABŞ-la paylaşaraq ekstradisiyanın gerçəkləşdirilməsini tələb edirik. Hüquqi baxımdan bunun belə olmalı olduğuna inanırıq. Baxın, bunun necə təhdid olduğunun anlaşılmasını və Fətullah Gülənin ekstradisiyasını təmin edəcək bəzi nümunələr vermək istəyirəm. Hərbi çevriliş baş verdiyi gecə basqına məruz qalan TRT-nin yaxın civarında, Ankaranın Kazan rayonundakı Akıncılar bazası civarında hərbi çevrilişdən öncə Fətullah Gülən təşkilatına bağlı olduqları üçün vəzifələrinə son verilən bir qrup şəxs (əsasən polislər) olub. Bunlar TRT-nin, Akıncılar bazasının yaxınında idilər. Əsgər forması geyinmiş keçmiş polis tankın içərisində tutulub. Bunlar Fətullah Gülənlə bağlılığı təsbit edilərək vəzifələrinə son verilən şəxslərdir. Hərbi çevriliş təşəbbüsünün baş verdiyi gecə nə hikmətdirsə, hamısı ən vacib nöqtələrdə meydana çıxdılar. Üstəgəl, xaricə qaçan bir prokuror var. Bu prokuror da Gürcüstan sərhədinə qədər gəlib. Hər halda, hərbi çevriliş cəhdi onların düşündüyü kimi uğurla nəticələnsəydi, bu şəxslər mühüm dövlət vəzifələrində yer tutacaqdılar. Bu faktların hər biri Fətullah Gülənin bu terror təşkilatının içində necə mərkəzi rol aldığını təsdiqləyir. Üstəlik, Baş Qərargah rəisi də bəyan edib ki, onun yanında olanlar “arzu etsəniz, sizi mənəvi liderimizlə görüşdürərik” deyə təklif də veriblər. Bunlar dəlil deyilsə, başqa nə kimi dəlil lazımdır? Təbii, onu Amerika hüquq sistemindən soruşmaq lazımdır. O zaman bu iş siyasi tərəfə keçər.

Siyasi olaraq, ABŞ-ın bu və ya digər səbəblərlə bu mövzuda hüququn tələbindən uzaq durduğu təəssüratı yaranar. Şübhəsiz, bu da iki dost, müttəfiq arasındakı münasibətlər baxımından heç arzu edilməyən bir vəziyyət olar. Qeyd etdiyimiz kimi, baş nazirimizin vəzifəni təhvil aldıqdan sonra vurğuladığı əsas məqam beynəlxalq münasibətlərdə dostların sayını artırmaq, düşmənlərin sayını azaltmaqdır. Əslində, bu, türk xarici siyasətinin klassik refleksi və arayışıdır. Hər ölkənin də normal şərtlərdə etməsi labüd olan bir vəziyyətdir. Dolayısı ilə, biz kimsə ilə münaqişə axtarışında deyilik. Rusiya və İsraillə münasibətlərin düzəlməsinə çalışırıq. Bu günə qədər dediyimiz məqamları yenə deyirik və qarşılıqlı şəkildə bir-birimizi dinləyirik. Bu günə qədər bəlli bir irəliləyiş əldə etmişik, bunu müsbət qiymətləndiririk və xoş niyyətlə də davam edəcəyik. Digər bütün ölkələr üçün də eyni məqam keçərlidir. Amma bunu demişkən, Ermənistan üçün ayrıca bir mötərizə açaraq Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi şərtindən də vaz keçmirik.

ABŞ-a gəlincə, dost və müttəfiq ölkədir. Dostluq, strateji münasibətlərimiz olan ölkədir. Hər mövzuda anlaşmırıq, lakin gözləntimiz demokratiyamızı, konstitusion quruluşumuzu hədəf alan və bu prosesdə birbaşa rolu olan şəxsi bizə ekstradisiya etmələridir. Bu, çox qanuni tələbdir. Münasibətlərimizi konstruktiv şəkildə qorumaq iradəsi Türkiyədə güclüdür və ABŞ-dan gözləntimiz də o qədər güclüdür.

- ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Maykl Link Türkiyədə çevrilişə cəhd edən şəxslərlə bağlı keçiriləcək məhkəmə proseslərini izləmək üçün müraciət etdiklərini, lakin hələlik cavab ala bilmədiklərini deyib. Türkiyə bu haqda nə düşünür, ATƏT müşahidəçiləri bu prosesləri izləmək üçün ölkəyə buraxıla bilərmi?

- Onu deyə bilmərəm. Hakimiyyət orqanlarımız bunun mümkün olub-olmadığını mütləq dəyərləndirəcəklər. Fəqət, mən bildiyim qədəri ilə indiyədək rəsmi müraciət olmayıb. Amma işin ümumi məntiqini deyə bilərəm. Biz Türkiyədə hazırda Konstitusiya düzənimiz içərisində, hüquqi dövlət özəlliyimizdən heç bir şəkildə güzəşt etmədən təqsirkarları təsbit etməyə, təsbit etdikdən sonra nəzarət altına almağa, ondan sonra aparılan istintaq nəticəsində lazım gəlsə, həbs etməyə qədər gedən bir prosesdəyik. Doğrudur, fövqəladə vəziyyət rejimi elan etdik, amma fövqəladə vəziyyət rejimi elanı da konstitusion düzən çərçivəsində edilib. Konstitusiyada nəzərdə tutulan bir məsələdir. Fövqəladə vəziyyət elan edilərkən nələr tətbiq ediləcəyi Konstitusiyada yazılıb. İmzaladığımız Avropa İnsan Haqları Konvensiyasında fövqəladə vəziyyət elan edilərkən həmin ölkənin sənəddə əksini tapan bəzi maddələrdən bəlli bir dönəm üçün imtina edə biləcəyi haqda öhdəlik var. Fransada bu tətbiq edilmişdi. Dolayısı ilə, Türkiyənin öz hüquq düzəni içərisində, insan haqlarını heç bir şəkildə pozmadan fövqəladə vəziyyət rejimi tətbiq edə biləcəyini hamının bilməsi lazımdır. Halbuki, daha tətbiqinə yeni başlamışkən, Türkiyəyə bu qədər yüklənilməsi, əlbəttə, xoş niyyətin nə qədər mövcud olduğunu düşündürür açığı...

- Fransa və Belçikada fövqəladə vəziyyət rejiminin tətbiqi Avropada qıcıq yaratmadı. Amma Türkiyədə fövqəladə vəziyyət rejiminin tətbiqi Avropanı qıcıqlandırdı. Səbəb nədir?

- İnşallah, bir gün bu sualın cavabını mən də ala bilərəm. Mən də bunu anlamıram. Türkiyə bütün siyasi partiyalardan millət vəkillərinin bir araya gəldiyi, ortaq mətnlə demokratiyaya, Konstitusiyaya qarşı xain hərbi çevriliş cəhdi ilə bağlı vahid mövqedən çıxış etdiyi ölkədir. Mülki vətəndaşlarımız partiya və s. anlayışları bir kənara qoyaraq demokratiyamıza sahib çıxmaq üçün, istər prezident seçkilərində cənab prezidentə səs versin ya verməsin, Ədalət və İnkişaf Partiyasında olsun, ya da olmasın, hamısı küçələrə tökülərək ölkəmizə sahib çıxdılar. Taksim meydanında CHP-nin çağırışı ilə keçirilən mitinqə Ədalət və İnkişaf Partiyasından da millət vəkilləri qatılmışdı. Kütlələrə baxdıqda, görmək olurdu ki, siyasi partiya düşüncəsindən azad, hamının demokratiyaya sahib çıxmaq üçün iştirak etdiyi mitinq idi. Hətta insanlar siyasi partiyaların deyil, Türkiyənin bayraqları ilə qatılmışdı. Türkiyə vahid orqanizm olduğunu sübut etdi. Xalq bunu sübut etdi ki, silaha baş vuraraq seçki qutularında əldə olunan nəticələrin dəyişdiriləcəyi dövr geridə qaldı. İndi belə bir Türkiyə var.

Məsələ demokratiya, insan haqlarıdırsa, onda ayaqda alqışlanması lazım olan nəticə var. Əlini vicdanına qoyan hər bir ölkə və insan əvvəlcə deməlidir ki, keçmiş olsun, təbrik edirik, siz bir demokratiya dərsi verdiniz dünyaya. Bunların hamısını bir kənara qoyaraq Fransa və Belçikaya vermədikləri sualları, dilə gətirmədikləri narahatlıqları Türkiyə üçün etdilər. Üstəlik, Türkiyə təəssüf ki, bu ölkələrlə müqayisədə terrorla daha iç-içə yaşamasına baxmayaraq, fövqəladə vəziyyət rejimini elan etməmiş bir ölkə idi. Dövlət çevrilişinə cəhd qarşısında Türkiyə özünü buna məcbur hiss etdi. Və Türkiyə bu şəkildə tənqid edilir. Burada xoş niyyət olmadığı aşkardır. Xüsusən, Qərbdə ciddi dezinformasiya kampaniyası var. Türkiyənin təcrübəsinin nə qədər ciddi olduğu, Türkiyə demokratiyasının bundan nə qədər güclü şəkildə çıxdığı anlaşılmalıdır. Digər mövzuları daha sonra masaya yatırmalıdırlar. Ortada pis niyyət var. Lakin Türkiyənin mövcudluğundan söhbət gedir. Bir tərəfdən, dünyaya nə etdiyimizi düzgün şəkildə anlatmağa, digər tərəfdən də ölkəmizin təhlükəsizliyi naminə bu terror təşkilatının kökünün qazınması üçün hüquq çərçivəsində ciddi qətiyyətlə çalışmağa davam edəcəyik.

- Baş verən hadisələr Türkiyənin turistlər üçün cəlbediciliyini azaldıbmı? Son rəqəmlər necə deyir?

- Türk Hava Yolları və bizim turizm ofisi ilə təmaslar nəticəsində əldə etdiyim məlumatlara görə, rəqəmlərdə çox cüzi enmə olduğu təsbit edilib. Bu da ilk dönəmin təzahürü olduğu üçün təbii qəbul edilməlidir. Mən böyük miqyasda mənfi məqamların yaranacağı qənaətində deyiləm. Türkiyə təhlükəsiz və iqtisadiyyatı güclü ölkədir. Azərbaycanlı qardaşlarımız fövqəladə hal rejiminin tətbiqindən sonra səyahətlərində və ya təhlükəsizlik məsələləri ilə bağlı hər hansı problem olub-olmayacağını soruşurlar. Hər iki baxımdan demək istəyirəm ki, heç bir narahatlıqları olmasın.

- Baş nazir Binəli Yıldırım gürcü həmkarı Kvirikaşvili ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin Bakıda planlaşdırılan görüşünün tezliklə keçirilməsini istədiklərini bildirib. Bu görüşün vaxtı və digər təfərrüatları barədə Sizdə məlumat varmı?

- Görüşün tarixi 3 dövlət başçısının proqramına görə müəyyən ediləcək. Ev sahibi Azərbaycan olduğu üçün digər 2 prezidentin proqramına uyğun olaraq Azərbaycan tərəfindən müəyyənləşdiriləcək. Üçlü əməkdaşlıq fəaliyyətlərinə Azərbaycan kimi, biz də çox böyük önəm veririk. Görüşün payızda keçirilməsi arzu edilir.

- ATƏT-in Minsk qrupu həmsədrlərinin Ankaraya planlaşdırılan səfəri və görüşləri qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Yeni səfərin vaxtı məlumdurmu?

- Bu səfər baş tutacaq, lakin hələlik dəqiq tarix müəyyənləşməyib. Dəqiqləşdirilməsi istiqamətində iş aparılır.

- Həmsədrlərin Türkiyəyə gözlənilən səfərini, Rusiya ilə münasibətlərin normallaşmasını nəzərə alsaq, Türkiyənin Dağlıq Qarabağ münaqişəsində aktiv rol almağa başladığını demək olarmı?

- Həmsədrlər nəticə etibarilə Minsk qrupunun həmsədrləridir. Türkiyə də Minsk qrupunun üzvüdür. Dolayısı ilə onlar Türkiyə də daxil olmaqla, bütün Minsk qrupu üzvlərinin məlumatlandırmalıdırlar. Bundan başqa, həmsədrlərlə müxtəlif məkanlarda görüşlərimiz həmişə olur.

Kipr məsələsini hər platformada necə izləyiriksə və maraqlanırıqsa, Dağlıq Qarabağ məsələsini də eyni şəkildə izləyir və maraqlanırıq. Nazirimizin dediyi kimi, Azərbaycan bu məsələnin həllində hansı formulları məqbul hesab edəcəksə, Türkiyə əlindən gələn dəstəyi verəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu