"Gülənin ekstradisiyası bir az zaman alacaq"- Bayden


Dövlət çevrilişinə cəhd Türkiyədə demokratiyanın əleyhinə yönəlmişdi.

AzVision.az xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binali Yıldırımla birgə mətbuat konfransında ABŞ-ın vitse-prezidenti Co Bayden deyib. Onun sözlərinə görə, ABŞ əvvəlki kimi Tükiyəni regionda əsas müttəfiqi görür. C.Bayden qeyd edib ki, ABŞ Türkiyəyə istənilən dəstəyi göstərməyə hazırdır.

`ABŞ Türkiyədə hərbi çevrilişə hazırlıq getdiyini bilmirdi` deyən Bayden dövlət çevrlişindən ABŞ-ın əvvəldən məlumatlı olması haqda yayılan xəbərləri təkzib edib. Vitse-prezident dövlət çevirilişinə cəhdi "qorxaq akt" adlandırıb:`Dövlət çevrilişi cəhdindən əvvəl olduğu kimi ABŞ indi də Türkiyə xalqı ilə çiyin-çiyinədir. Türk millətinin ABŞ-dan yaxşı dost yoxdur. Biz ortaq dəyərlərimiz və ortaq etibarımız üçün birlikdəyik`.

Amerikalı diplomat əlavə edib ki, Türkiyə və ABŞ İŞİD-ə qarşı birgə mübarizəni davam etdirəcək: `Terror bütün region üçün ciddi təhdiddir`.

C.Bayden Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənlə bağlı məsələni birlikdə araşdırdıqlarını, onun Türkiyəyə ekstradisiyasına isə məhkəmənin baxacağını söyləyib:

`ABŞ Fəthullah Güləni müdafiə etməyə hazırlaşmır, lakin ölkədə qanun var və hamı ona hörmət edir. Bunu üçün bütün dəlillər və məlumatlar ABŞ məhkəmələrinə təqdim edilməlidir. Ədliyyə belə fəaliyyət göstərir. Türk millətinin narahatlığını anlayıram. Ancaq prosesin davam edəcəyinə də şübhəniz olmasın. Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi məsələsi hüquqi prosedurdan asılı olacaq. Bu çərçivədə Türkiyənin səlahiyyətli şəxsləri ilə əməkdaşlıq edirik.

Hüquqşünas mütəxəssislərimiz türk həmkarları ilə çalışır, dəlil və sənədləri araşdırırlar. Bu dəlil və sənədlər ABŞ məhkəməsinə təqdim ediləcək. Bu şəkildə Fətullah Güləni təhvil verə bilərik. Bizim heç bir şəkildə bir müttəfiqimizə zərər verən şəxsi qorumaq niyyətimiz yoxdur, amma qanunlarımıza boyun əymək məsuliyyətimiz də var. Bu, bir az zaman alacaq`- deyə o, əlavə edib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu