Azərbaycanla Belarus arasında hərbi anlaşma - FOTOLAR


Azərbaycan və Belarus müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb.

Bu barədə AzVision.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, sənədi sentyabrın 28-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Bakıda rəsmi səfərdə olan Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkov imzalayıb.

Sənədin imzalanmasından əvvəl iki nazir arasında görüş olub. Görüşdən əvvəl Belarusun nümayəndə heyəti Fəxri xiyabana gələrək ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Ziyarətdən sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib və hər iki ölkənin dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb.

Rəsmi qarşılanma mərasimindən sonra general-leytenant A.Ravkov Silahlı Qüvvələrin Baş Qərargahının binasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış olub.

Hər iki ölkənin müdafiə naziri arasında geniş tərkibdə keçirilən görüşdə qonaqları salamlayan general-polkovnik Z.Həsənov əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını vurğulayıb. General-polkovnik Z.Həsənov rəsmi Minskin müxtəlif beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın prisipial mövqeyini daim dəstəklədiyinə görə minnətdarlığını bildirib.

Belarus Müdafiə nazirinin "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün böyük nümayəndə heyəti ilə Bakıya səfərinin önəmini vurğulayan general-polkovnik Z.Həsənov bunun ölkələr arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da inkişafına yeni təkan verəcəyini deyib. General-leytenant A.Ravkov öz növbəsində dövlətlərimizin əlaqələrinin möhkəm dostluq münasibətlərinə əsaslandığını, Belarusun Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayaraq bu cür görüşlərin ikitərəfli münasibətlərin, eləcə də hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib.

Sonra tərəflər hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, bir sıra istiqamətlərdə əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər. Nazirlər beynəlxalq və regional təhlükəsizlik problemləri, təcrübə mübadiləsi məqsədilə mütəxəssislərdən, ekspertlərdən ibarət heyətlərin qarşılıqlı səfərlərinin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar.


















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu