XİN rəhbəri: “Azərbaycan beynəlxalq münasibətlər sistemində tanınmış və hesablaşılan güclü ölkədir”

Xəbərin çap versiyası
Tarix: 27-12-2016, 15:49    |    Xəbər oxunub: 54 dəfə
XİN rəhbəri: “Azərbaycan beynəlxalq münasibətlər sistemində tanınmış və hesablaşılan güclü ölkədir” Elmar Məmmədyarov: Azərbaycan nəinki regional layihələrin iştirakçısı, həmçinin təşəbbüskarı və lokomotivi rolunda çıxış edir

"Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində tanınmış və hesablaşılan güclü ölkədir, regionun lider dövləti kimi bu coğrafiyada baş verən istənilən məsələ ilə əlaqədar ölkəmizin maraqları nəzərə alınır".

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 2016-cı ilin yekunları ilə əlaqədar AZƏRTAC-a müsahibəsində deyib.

O qeyd edib ki, Azərbaycan nəinki regional layihələrin iştirakçısı, həmçinin təşəbbüskarı və lokomotivi rolunda çıxış edir: "Bu uğurlar əsasını ulu öndər Heydər Əliyevin qoyduğu, hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uzaqgörən və praqmatik xarici siyasət strategiyası sayəsində qazanılıb.

2016-cı il Azərbaycanın ikitərəfli əlaqələrinin inkişafı baxımından məhsuldar və faydalı olub. İkitərəfli əlaqələrimizin inkişafında qonşu dövlətlər olan Türkiyə, Rusiya, İran və Gürcüstan ilə qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığımızın genişlənməsi xüsusi olaraq qeyd edilməlidir".
Nazir xatırladıb ki, bu il Qətərin Əmiri, Ukrayna, Venesuela, Xorvatiya, Belarus prezidentləri Azərbaycana rəsmi, Türkiyə, İran və Rusiya prezidentləri işgüzar səfər ediblər: "Həmçinin Rusiya Hökumətinin sədri, Macarıstan, Türkiyə və Pakistanın baş nazirləri Azərbaycanda rəsmi, İsrailin Baş naziri isə işgüzar səfərdə olub. Azərbaycanın ev sahibliyi etdiyi IV Qlobal Bakı Forumu və BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək məqsədilə Monteneqro, Bolqarıstan, Gürcüstan, Albaniya, Malta və digər ölkələrin dövlət başçıları ölkəmizdə səfərdə olublar.
Beynəlxalq tədbirlərdə Azərbaycanın fəal iştirakı və ikitərəfli qarşılıqlı səfərlər ölkəmizin regionda və dünyada önəmini göstərir və bizim üçün yeni imkanlar açır".
E.Məmmədyarov bildirib ki, Azərbaycanın ikitərəfli səviyyədə olan əlaqələri üçtərəfli formatda regional əməkdaşlıq mexanizmləri vasitəsilə daha da inkişaf edir: "2016-cı ildə Azərbaycan-Rusiya-İran prezidentlərinin, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran xarici işlər nazirlərinin üçtərəfli formatda görüşləri keçirilib. Bu üçtərəfli görüşlərin keçirilməsi regionda təhlükəsizliyin möhkəmləndirilməsi, ölkələrimizin əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün son dərəcə böyük əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilmiş Azərbaycan, Rusiya və İran dövlət başçılarının üçtərəfli görüşü və yekunda qəbul edilmiş Birgə Bəyannamə siyasi, iqtisadi, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaratdı. Bu formatda əməkdaşlıq, eləcə də Cənub və Cənub-Şərqi Asiyadan Şimali Avropaya qədər uzanan xətt üzrə transregional əməkdaşlığı təşviq edən strateji əhəmiyyətə malikdir.
Ümumiyyətlə, üçtərəfli formatda əməkdaşlıq mexanizmi ölkəmizin region dövlətləri ilə uğurlu ikitərəfli əməkdaşlığını tamamlayaraq onun üçtərəfli əsasda hərtərəfli inkişafı üçün münbit zəmin yaradır, regional məsələlər üzrə siyasi dialoqu və iqtisadi-ticarət əlaqələrini daha da yüksək səviyyəyə qaldırmaq üçün əlverişli imkanlar vəd edir. Bundan sonra da mövcud üçtərəfli formatlarda əməkdaşlıq davam etdiriləcək və yeni üçtərəfli mexanizmlərin yaradılması imkanları nəzərdən keçiriləcək".

AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru
loading...







Facebook hesabınla fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN Media Group məhsuludur | Designed by Simvol



 
Facebook səhifəmiz