Astan Şahverdiyevin xanımı danışdı: "Biz sadə ailəyik"

Xəbərin çap versiyası
Tarix: 27-12-2016, 18:33    |    Xəbər oxunub: 504 dəfə
Astan Şahverdiyevin xanımı danışdı: AFN Milli Məclisin deputatı Astan Şahverdiyevin həyat yoldaşı Solmaz Şahverdiyevanın Publika.az-a müsahibəsini təqdim edir:

- Solmaz xanım, Astan müəllimin məlum müsahibəsi bir sıra insanlar tərəfindən etirazla qarşılanıb. Bu gün isə Astan müəllim xalqdan üzr istəyib. İndi vəziyyət necədir, yenə müraciətlər olurmu?

- Vəziyyət hələ ki, yaxşı deyil. Kimlərsə mənim nömrəmi yayıb. Mənə pis-pis mesajlar yazırlar. Hətta ABŞ, Almaniya, Ukrayna, Rusiya kimi ölkələrdən mənim mobil telefonlarıma mesaj göndərirlər. Hamısı da ağızlarına gələni yazırlar. Bilmirəm ki, mənim nömrəmi kim yayıb. Əslində, Astan müəllim bir nəfərdən – vəkil Adəm Məmmədovdan şübhələnir. Ola bilsin ki, nömrələri Adəm Məmmədov yayıb. Çünki Adəm Məmmədov seçkilərdə Astanın rəqibi olub, onun atasını təhqir edib. Buna görə də biz Adəmdən şübhələnirik.

Mən yaşlı insanam, 69 yaşım var. Dava-dərmanla yaşayıram. Axı mənim nömrəmi kim yayıb? Məgər bu adamların anaları, bacıları yoxdur? Heç olmasa, məni onların yerinə qoysunlar. Başqa vaxtı kişilikdən, qeyrətdən danışırlar. Qadına belə mesajlar yazarlar? İnanın ki, mənə yazılan mesajları görəndən sonra halım çox pisləşib. Axı bunu yazanların vicdanı yoxdur, utanmır? Mən onların anaları, nənələri yaşındayam. Mənə niyə “siz pissiniz” yazırlar? Axı mən nə pislik etmişəm?

Biz sadə ailəyik. Astan müəllim də sadə həyat tərzi sürür. Məncə, insanlar da hər zaman sadə olmağı bacarmalıdır.

- Bu mesajlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək fikriniz var?

- Hələ dəqiq bilmirik, nə edəcəyik. İndi Astan müəllim evdə yoxdur. Bu məsələdə Astan müəllimin heç bir günahı yoxdur. O, ömrü boyu qaçqın və məcburi köçkünlərin qayğısına qalıb, onların problemlərinə diqqətlə yanaşıb. O, öz xalqını sevən adamdır. İndi kimlərsə onu ləkələməyə çalışır. Əgər siz onu ləkələyəcəksizsə, o zaman biz kimi dəstəkləyək, kimə inanaq? Axı belə şey olmaz!

Yəqin ki, ara sakitləşəndən sonra məhkəməyə müraciət olunacaq. Belə olmaz axı! Astan da yaşlı adamdır, bunları görəndə halı pisləşir. Böyük-kiçik yoxdur? Astan onların atası, babası yerindədir. İndi kişi yaşlı adamdır, əsəbiləşib nə isə bir söz deyib, özü də bu söz hamıya aid deyil. Bütün bunlara görə adamı təhqir etmək olar?

İnanın ki, səmimi sözümdür. Astan müəllim öz millətinin qədrini bilən adamdır. Bir dəfə Astan xaricdə səfərdə olan zaman əcnəbilərdən kimsə ona “sizin millətiniz alverçidir” deyib. Astan həmin adamı dərhal yerinə oturtmuşdu. İndi bunu edən adam necə öz xalqına pis deyə bilər? Astanın o fikirləri düzgün anlaşılmayıb. Astan hər yerə öz millətini, xalqını müdafiə edir.

Biz neçə illərdir ki, ailə qurmuşuq, bir yerdəyik. Astan müəllimdir, hər zaman da hamıya təmənnasız kömək etməyə çalışıb. Balalarımın canına and olsun ki, düz söyləyirəm. O, çox səmimi insandır. Astan müəllimin ürəyi genişdir. O, insanlara heç zaman pis gözlə baxmayıb. İndi onun haqqında ağıllarına gələni yazırlar. İnanın ki, görəndə xəcalət çəkirəm. Astan müəllimlə məsələləri bitib, indi də mənə hücum edirlər, nalayiq sözlər yazırlar. Yadıma düşəndə halım pisləşir. O sözlərə görə utanıram. Axı mən sizin tayınızam? Heç utanmırsız? Yazılan o sözlərə görə ürəyim ağrıyır. Qadını söyüşlə hədələyən necə kişi ola bilər? Kişi adam sözünü kişiyə deyər. Mən qadınam, bilirlər ki, əlimdən heç nə gəlmir, ona görə mənə yazırlar. Onu yazanlar öz analarını düşünmürlər.

- Məlumatlar yazılmışdı ki, Astan Şahverdiyevin qardaşı oğlu Nemət Şahverdiyev özünün sosial şəbəkədəki hesabında əmisinin içkili vəziyyətdə müsahibə verdiyini yazıb. Bu nə qədər doğrudur?

- Mənim elektronikadan, telefonlardan başım çıxmır. Ancaq evdəkilərlə söhbət oldu. Ondan bilirəm ki, qaynım oğlunun profilini sındırıblar, sonra da adından o sözləri yazıblar. Biz onunla əlaqə saxladıq, dedi ki, əmi, o sözləri mən yazmamışam, kimsə adımdan yazıb.

- Cəbrayıl rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyev də deyib ki, Astan Şahverdiyev danışığını bilmir, ona görə sakinlərlə qarşıdurma yaranıb və sairə. Bu cür fikirlər bir qədər ziddiyyət yaradır. Səbəb nədir?

- Axı o da balasının canına and içərək elə sözlər demədiyini bildirib. Vallah, biz elə bilirik ki, o da Astan müəllim haqqında müsbət fikirlər söyləyib.

- Xaricdə yaşayan və azərbaycanlıları təmsil edən təşkilatlarımız və soydaşlarımız Astan Şahverdiyevin fikirlərinə etiraz bəyanatı yayıblar. Onların içərisində qadınlar da var. Bir ana kimi onlara cavabınız nə olardı?

- Vallah, onlara mən deyə bilərəm, hər şeyi Allah özü görür. Artıq Astan müəllim Azərbaycan xalqından üzr də istəyib. Ancaq evdə də deyir ki, mən elə söz deməmişəm. Deyir ki, mən dediyim cümlədən bir sözü çıxardıblar və bu cür qalmaqal baş verib. Astan müəllim hamını nəzərdə tutmayıb, bir hissə deyib. Digər tərəfdən isə o əsəbi halda müsahibə verib. Müsahibəsində isə “bəziləri” sözünü işlədib. Ancaq “bəziləri” sözünün kəsiblər, cümlə “hamısı” kimi təqdim edilib.

Həmin vaxtı o gedib orada insanların polislərə necə hücum etməsini görüb, əsəbiləşib. Etiraz edən insanlar elektrikə görə İcra Hakimiyyətinə gəliblər. Etirazçılar da İcra Hakimiyyətinə dinc yolla məsələni həll etmək əvəzinə, lom-balta və daşla gəliblər. Astan müəllim deyir ki, həmin vaxtı etirazçılar polislərə daşları elə atırdılar ki, sanki “Qrat”dan mərmilər atılırdı. İnsident o qədər qızışıb ki, polislər insanları sakitləşdirə bilməyib, qonşu rayondan da polislər köməyə gəliblər. Bütün bunlardan belə çıxır ki, bu adamlar hökumətə qarşı çıxıblar. Yoxsa ki, adam sözünü, şikayətini normal şəkildə dillə deyər də!

Yoldaşım deyir ki, orada “Azərışıq”ın nümayəndələrinə də tapşırıb ki, insanların işıqları kəsilməsin, onlara güzəşt edilsin. Çünki elektrik enerjisindən istifadə ilə bağlı limit tətbiq edilir. O rayonda isə mənfi 6 dərəcə şaxta olur. Onların borcu da buna görə yaranıb. Hadisənin baş verməsinin kökündə də bu dayanır. Hətta, insident zamanı polislərdən biri gözündən ciddi xəsarət alıb.

Astan Şahverdiyev də çox ürəyikövrək adamdır, onların etirazını görəndən sonra əsəbiləşib. Sonra da polislərlə insanlar arasında qarşıdurma yaranıb. Özü də hadisə havanın qaranlıq vaxtı baş verib. Aydındır ki, bu hadisəni kimlərsə təşkil etdirib.

- Kimdən şübhələnirsiz?

- Hazırda hökumət nümayəndələri, polis və Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları hadisə ilə bağlı araşdırma aparırlar. Yəqin ki, onlar günahkarları tapacaqlar.

- Baş verən bu hadisə ilə bağlı Astan müəllim təmsil olunduğu Yeni Azərbaycan Partiyasına (YAP) çağırılıbmı, hər hansı töhmət verilibmi?

- Xeyr, heç yerə çağırılmayıb, töhmət verilməyib. Bununla bağlı heç bir zəng də olunmayıb. Sadəcə olaraq, bu gün Milli Məclisə çağırılıb. Orada da məsələni izah edib. Amma dünən saytlar yazıb ki, guya Astan müəllimin mandatını alıblar və sairə. Bunlar yalan xəbərdir. Dünən heç yerə çağırılmayıb, getməyib.

Astan həmişə insanlar üçün əlindən nə kömək gəlirsə, etməyə hazır olub. Onu hamıdan çox tanıyıram. İnanın ki, indiyədək bir dəfə də pisliyini görməmişəm. Onun ağzından ömründə söyüş çıxmayıb. Allaha and olsun ki, mən Astandan “köpək qızı” sözünü belə eşitməmişəm.

Astan çox sadə insandır, lovğalıqla qətiyyən arası yoxdur. Heç kəsə zərrə qədər paxıllıq etməz, kin saxlamaz. Bəlkə də Astanın ən böyük zəifliyi onun sadəliyidir. Bilirsiz, insanda gərək az da olsa çoxbilmişlik olsun. Ancaq bu insanda zərrə qədər biclik deyilən hal yoxdur.

- Hüquqşünas Xalisə Şahverdi ilə münasibətləriniz necədir?

- Bilirsiz, kimsə təsir altına düşüb Astanı pisləyir. O da cavan idi, düşünmürdü. Ancaq Xalisə sonra Astan müəllimdən üzr istədi. Artıq onunla Astan müəllim arasında heç bir problem yoxdur. O qız Astanın qohumlarındandır. Deyəsən, Astanla əmi nəvəsidir. İndi Astanla arası çox yaxşıdır. Ancaq mən onu yaxından tanımıram.

- Bir neçə il öncə əməkdar artist Firuzə İbadovanın sizinlə torpaq mübahisəsi olmuşdu. Bu nə məsələ idi?

- Bilirsiz, həmin Firuzə İbadova bir neçə il əvvəl bağını rəhmətə gedən kürəkənimə satıb. Həmin torpaq da mənim adıma keçirilib. Torpaq satılanda Firuzə İbadova da gedib bank vasitəsilə pulunu alıb. Kürəkənim rəhmətə gedəndən sonra isə həmin qadın iddia edib ki, guya torpağı satmayıb və bizdən pul tələb edib. Halbuki onların bankdan pul almasını sübut edən çeklər əlimizdə var. Bu məsələni aydınlaşdırmaq üçün məhkəmə olub, məhkəməni də kürəkənimin qardaşı udub. Çünki kürəkənimin qardaşının əlində konkret faktları, sənədləri var. Sadəcə olaraq, Firuzə İbadova eşitmişdi ki, rəhmətlik deputat Astan Şahverdiyevin kürəkənidir, ona görə də yalandan bizdən pul qoparmağa çalışıblar. Heç mən Firuzə İbadovanı da yaxından tanımamışam. Bu adamları da bizim üzərimizə qızışdırıb salan rəhmətlik kürəkənimin Rəşid adlı keçmiş tanışı olub. Həmin Rəşid əvvəllər polisdə çalışıb. Bizdən pul almaq üçün də Firuzə İbadova ilə əlbir olublar. Ancaq məhkəmə ədalətli qərar çıxarıb. Bizim haram malda gözümüz yoxdur. Həmin Firuzənin bacısı həbsxanada yatıb çıxan adamdır. Yadımdadır, Firuzənin bacısı həbsxanadan çıxanda anası televiziyaya müsahibəsində deyirdi ki, mənim qızım türməyə xanım kimi girib-çıxıb. Məgər türməyə girən xanım olur? Ümumiyyətlə, Firuzə İbadovanın heç bir malı bizə lazım deyildi. Mən hər zaman evdə də deyirəm ki, filan şey mənə artıqdır, gərək yoxdur və sairə. Köhnə evdə yaşayanda da hamı bizə "sadə ailə" deyirdi.

- Heç bir biznesiniz yoxdur?

– Xeyr, heç bir biznesimiz yoxdur. Astan müəllim maaşa dolanan adamdır. Bəzən yazırlar ki, guya Astan Şahverdiyevin biznesi, villaları var və sairə. Astanın necə biznesi var ki, mənim xəbərim yoxdur! Mən artıq heç nə demirəm. Kaş ki, doğrudan da olaydı. Yaşadığımız evi də sağ olsun, cənab Prezidentimiz verib. Allah ona uzun ömür, can sağlığı versin, ailəsini qorusun! Biz naşükür adamlar deyilik. Buna görə oturub-durub Allaha dua edirəm. Deyirəm ki, ay Allah, xalqımı, millətimi qoru, həmişə əmin-amanlıq olsun.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar baş verib

İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar baş verib

Putin prezident seçkilərində müstəqil namizəd olacaq

Putin prezident seçkilərində müstəqil namizəd olacaq

Azərbaycanda qızıl və gümüş hasilatı artıb

Azərbaycanda qızıl və gümüş hasilatı artıb

İraqda 38 İŞİD-çi edam olunub

İraqda 38 İŞİD-çi edam olunub

İranla Azərbaycanın dəmir yolları birləşdiriləcək

İranla Azərbaycanın dəmir yolları birləşdiriləcək

Məleykə Abbaszadə yeni qəbul qaydalarından danışdı

Məleykə Abbaszadə yeni qəbul qaydalarından danışdı

Türkiyə XİN:

Türkiyə XİN: Ermənistan Xocalı qətliamına görə cavab verməlidir

Ərdoğanın baş müşaviri istefa verib

Ərdoğanın baş müşaviri istefa verib

"Dəmirbank" "əriyir": Əmanət və kreditlərə "stop"

Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı

Prezident səfərbərlik xidməti ilə bağlı fərman imzalayıb

Prezident səfərbərlik xidməti ilə bağlı fərman imzalayıb

Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib

Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur