Nazirin nazirdən "qorxması" ona 12 ilə başa gələ bilər

Xəbərin çap versiyası
Tarix: 28-12-2016, 17:49    |    Xəbər oxunub: 84 dəfə
Nazirin nazirdən O, "paket” deyil, rüşvətdir. Rüşvət vermək də məsuliyyət yaradan hallardan biridir. Qorxu o anda yaranır ki, qanunsuz hərəkətlərlə məşğul olursan və ona nəzarət edən qurum, güc strukturu və ya əlində müəyyən səlahiyyət olan qurumlar bunu bilir. Bu zaman da o qurumlar arasında cinayətkar razılaşma əldə olunur.

Bunu millət vəkili Çingiz Qənizadə keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun qorxusundan keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova hər ay 800-900 min manat “paket” verməsi ilə bağlı etirafına münasibət bildirərkən deyib.

Çingiz Qənizadə Əli Abbasovun bu məsələdə zəiflik göstərdiyini bildirib: “Mənim Əli müəllimə çox böyük hörmətim var. Gözəl ziyalı kimi tanıyıram. Amma məlumdur ki, Vidadi Zeynalov kimi bir adam aparat rəhbəri təyin olunandan sonra aqibət belə olmalı idi. Yəni Vidadi Zeynalovun tamahı ilə hərəkəti, MTN-də olan Akif Çovdarovun tamahı və hərəkəti ilə üst-üstə düşür. O, öz sahəsində çapıb talayırdı, bu isə öz sahəsində. Beləcə milyonlara sahib olurdular. Görünür, Əli müəllim bir az zəiflik göstərib bu məsələdə. Hər halda o nazirlikdə qanunazidd hərəkətlər olmasaydı, Əli müəllim heç nədən qorxmazdı”.

Ç.Qənizədə bildirib ki, məhkəmə qərarı olmadan heç kimə cinayətkar demək olmaz, amma istintaq materiallarından da bəlli olur ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş verən belə əməllərin başında – rüşvətdən tutmuş, qiymətlərin şişirdilməsi, maxinasiyalara yol verilməsinə kimi - Vidadi Zeynalov dayanıb: "O həm Əli Abbasovu güdaza verdi, həm özünü, həm də o cinayətkar yuvada olan digər adamları. Məhkəmə istintaqı gedir, ifadələr var, etiraflar var. Onun təqsirli olub-olmamasıyla bağlı məhkəmə qərarı olacaq və biz ondan sonra kimisə "cinayət törətdi” deyə ittiham edə bilərik”.

Deputat "MTN işi” başlayan vaxtlarda Əli Abbasovun nazirlikdə törədilən cinayətlərdən xəbərsiz olması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:

"Bir müəssisədə uzun illər davam edən belə hərəkətlər olursa, istər "JEK” olsun, istər idarə olsun, istər nazirlik, onun rəhbərinin bundan xəbərinin olmaması mümkün deyil. Necə yəni, xəbərim olmayıb? Bu ifadəsinin işlədilməsi düzgün deyil. Ola bilməz ki, xəbəri olmasın. Hətta bir epizoda görə, bir qanunsuz hərəkətə görə insan məsuliyyət daşıyır. Amma mən Əli Abbasovun cinayət məsuliyyətinə cəlb olunmasıyla bağlı heç nə deyə bilmərəm. O, səmimi fikirlərini ifadə edib. İstintaq hər şeyə qiymət verir və məhkəmə də sonda qərar çıxaracaq”.

Hüquqşünas Osman Kazımov isə açıqlamasında Əli Abbasovun bu ifadəsinin onun cinayət məsuliyyətinə cəlb olunması üçün əsas olduğunu deyib: "Mən Eldar Mahmudovdan qorxurdum” deməklə heç kim məsuliyyətdən kənarda qala bilməz. Əli Abbasov qorxurdusa, ölkə rəhbərliyinə müraciət edəydi. Deyəydi ki, ona qarşı təhdidlər var, hədələr var. Bildirəydi ki, dövlət sirlərinə qulaq asmaq istəyirlər, telefon danışıqlarını dinləmək istəyirlər.

Onun "qorxurdum” deməklə məsuliyyətdən qaçmağa cəhd eləməsi və bu gün də məsuliyyətdən kənarda qalması yolverilməzdir. Əli Abbasovun cinayəti barədə etirafı var. Rüşvət verdiyi adamlar var. Kimlərinsə tələbiylə vəzifəyə təyin olunan adamlar var. Onlar hamısı dindirilməlidir. Sabiq nazir etiraf edir və etirafdan əlavə fakt da var ki, MTN onun özünün razılığı ilə şəbəkəsindən istifadə edib. Etirafı təsdiq edəcək faktlar, əməllər var. Ona görə o, mütləq məsuliyyətə cəlb edilməlidir”.

Vəkil Əli Abbasovun hansı maddələrlə ittiham edilə biləcəyini də açıqlayıb: "Burada rüşvət vermə maddəsinin tərkibi və vəzifəsindən sui-istifadə maddəsinin ağır nəticələrə səbəb olması var. Bunlar hamısı ağır maddələrdir. 8 il də verə bilərlər, 10 il də, 12 il də. Bu, məhkəmənin səlahiyyətindədir. Amma cinayətin tərkibində sırf rüşvətvermə var. "Mən qorxurdum” deməklə nazir yaxasını kənara çəkə bilməz. Mən onun bu ifadəsini qəbul eləmirəm. O, məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır. Ortada dövlətin taleyindən gedir söhbət”.

AFN.az


Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru










Facebook hesabınla fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər
loading...
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN Media Group məhsuludur | Designed by Simvol



 
Facebook səhifəmiz