Qazaxıstandan Ermənistana sərt cavab: “Bizə Azərbaycandan şikayət etməyin”


Qazaxıstanın Ermənistandakı səfiri Timur Urazayevi bu ölkədə artıq birinci il deyil ki sevmirlər. Səfir erməni nifrətinin alovunu bu gün bir az qızışdırıb.

Virtualaz.org xəbər verir ki, Urazayev “Ermənistan xəbərləri” portalına müsahibəsində Ermənistan prezidentinin dəfələrlə bildirdiyi narazılıqları nəzərə almaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətinin effektivliyi barədə danışıb. Məlum olduğu kimi, Serj Sarkisyan “Azərbaycan tərəfindən Ermənistanın sərhədlərində atəşkəs reiminin pozulması” ilə bağlı KTMT iştirakçı ölkələrinin mövqeyindən hiddətlənmişdi.

Bu suala Qazaxıstan səfiri sərt cavab verib: “Ermənistanla Azərbaycan sərhədindəki problemlər Ermənistanın özündən çox Dağlıq Qarabağ ətrafında problemlə bağlıdır”.

Bundan sonra diplomat erməni jurnalistlər üçün (və yəqin ki. onlar vasitəsilə həm də Serj Sarkisyan üçün) maarifləndirici məlumat verib:

“Birincisi, KTMT Nizamnaməsində açıq-aydın yazılıb ki, iştirakçı ölkələr Təşkilata daxil olmayan üçüncü dövlət tərəfindən xarici təcavüzün qarşısının alınması üçün bir-birinə zəruri köməyi göstərirlər. Tavuş vilayətindəki sərhədin bir hissəsi Ermənistanın nəzarətində olan rayonlarla (Azərbaycan rayonları – virtualaz.org) həmsərhəddir. Biz – həm Qazaxıstanda, həm Rusiyada, həm də digər KTMT ölkələrində əvvəlcədən dəqiq və açıq mövqe tutmuşduq – söhbət hər hansı ərazi problemlərindən asılı olmadan üçüncü dövlətin xarici təcavüzündən gedirsə, bu bir şeydir, Dağlıq Qarabağa aiddirsə, tamam başqa şeydir”.

Buna görə də, Timur Urazayev fikrini davam etdirib, Qazaxıstanın mövqeyi ədalətlidir. “Dağlıq Qarabağ problemini biz KTMT Nizamnaməsi çərçivəsində həll olunan vəzifələrin siyahısına daxil etmirik. Biz Qarabağ məsələsinin yalnız sülh yolu ilə həllinə tərəfdarıq, hərbi həll yolu mümkün deyil”, - diplomat qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu