Mircəfər Bağırov yazıçı Anarın anasını necə xilas etdi?-FOTOLAR




XX əsrin birinci yarısında Azərbaycan tarixinin mühüm bir dönəmi Mircəfər Bağırovla bağlıdır. 20 ildən çox zaman kəsimində Azərbaycana bu şəxs rəhbərlik edlib. Xalqımızın ziyalılarının repressiyaya məruz qaldığı illər bu dövrə təsadüf edir. Bu səbəbdən də Mircəfər Bağırov haqqında birmənalı fikir yoxdur. Ancaq Mircəfər Bağırovu birmənalı olaraq Azərbaycan xalqının sədaqətli övladı, böyük işlər görmüş şəxsiyyət sayan insanlar da var.

Mircəfər Bağırovun böyük bacısı Məsumə xanımın nəvəsi Məmmədtağı Bağırov da bu sıradadır. O, 1941-ci ildə Quba şəhərində anadan olub, 1953-cü ildə Mircəfər Bağırov işdən çıxarıldıqdan sonra ailəsi təqiblərlə qarşılaşıb, atası işıq pulu borcuna görə partiyadan çıxarılıb, işsiz qalıb, ailəliklə Xaçmaza köçmək məburiyyətində qalıblar. Məmmədtağı Bağırov 1961-ci ildən sonra Quba Rayon İstehsal Cəmiyyətində satıcı işləməyə başlayıb, 1970-ci ildə partiya sıralarına qəbul olub, elə həmin vaxtlar da rayonda qastronomun direktoru olub və bu vəzifədə SSRİ-nin süqutuna qədər işləyib...

AFN olaraq onun Mircəfər Bağırovla bağlı illər öncə verdiyi müsahibədən bəzi məqamları yenidən dərc etməyi qərara aldıq: “1937-ci il avqustun 5-də SSRİ NKVD-si bir qərarı çıxarır. Həmin qərara 3 nəfər- SSRİ daxili işlər naziri Yejov, Mikoyan və Stalin qol çəkib. Qərarda yazılıb ki, müsavatçılar, ittihadçılar, sosial-demokratlar, hümmətçilər, eyni zamanda menşeviklər və daşnaklar güllələnməlidir. Çünki 1936-cı il 5 dekabrda SSRİ Konstitusiyası təsdiqlənir, sosializm qələbə çalır. Molotov da 1937-ci il represiyalarına haqq qazandırıb. Deyib ki, 1937-ci il olmasaydı, SSRİ İkinci Dünya Müharibəsində qalib gələ bilməzdi, fəhlə-kəndli hökuməti yaradılırdı, ziyalılar buna mane ola bilərdilər. Ona görə də 1937-ci ildə qərar çıxır ki, onlar bir sinif kimi güllələnsin. İki kateqoriyaya ayırırlar. Radikallar güllələnir, digərləri sürgün olunur. Ailələri də Qazaxıstana sürgün olunur. Qərarda bu prosesin həyata keçirilməsi üçün 2 il vaxt ayrılır. Mircəfər Bağırov bu işə qarışa bilməyib”.

M.Bağırov deyir ki, o dövrə qədər Mircəfər Bağırovun qoruya bildiyi ziyalılar da olub. Bunlara misal kimi o, Üzeyir Hacıbəyov, Mikayıl Rəfilini göstərir: “Əgər Hüseyn Cavid Müsavat Partiyasının üzvü olsaydı, onu güllələyəcəkdilər. Müsavat Partiyasının üzvü olmayıb. İttihamda onun Müsavat Partiyasına rəğbət bəslədiyi qeyd olunub. Bu səbəbdən sürgün edilib.
Ancaq Mircəfər Bağırovun Hüseyn Cavidə hörməti olub, 1937-ci ilə qədər onu qoruyub. Mən sənədlərə istinad edirəm. Hüseyn Cavidin yaşadığı bina dövlət idarəsinə məxsus olur. Həmin binada bir neçə nəfər yaşayır. Onların hamısını oradan çıxarırlar. Hüseyn Cavid Mircəfər Bağırova məktub yazır ki, xahiş edirəm, burada yaşayım, çünki eyvana çıxanda Xəzəri görürəm, ilham alıram. Mircəfər Bağırov Hüseyn Cavidə həmin binada yaşamağa icazə verir. Yəni Mircəfər Bağırov Cavidin xətrini istəyib. Ancaq onu 1937-ci ildə repressiyadan qoruya bilməyib.

Hüseyn Cavidin Mircəfər Bağırova məktubları var. Məktublarında Mircəfər Bağırovdan onu “onlar”ın əlindən qorumaq xahiş olunur. 1937-ci ildə əmr çıxandan sonra Mircəfər Bağırov buna müdaxilə edə bilmir. Müdaxilə edərək Üzeyir Hacıbəyovu, Mikayıl Rəfilini qoruya bilib. O cümlədən, Mirmövsüm ağanı saxlaya bilib. Mirmövsüm ağa da siyahıda olub. İddia olunub ki, Mirmövsüm ağanın evində anti-sovet təbliğatı aparılır. Mirmövsüm ağaya görə mənim nənəm Məsumə qardaşından, yəni Mircəfər Bağırovdan xahiş edib. Mircəfər Bağırov Mirmövsüm ağaya görə şəxsən Stalinin qəbuluna gedib. Ondan sonra Mirmövsum ağadan əl çəkiblər”.

M.Bağırovun sözlərinə görə, şair Səməd Vurğun heç bir partiyanın üzvü olmadığı üçün 1937-ci ildə onu qorumağa ehtiyac olmayıb: “Ancaq Səməd Vurğun, Süleyman Rüstəm və başqaları Mikayıl Müşfiqə qarşı şeirlər yazıb, onu millətçi adlandırıblar. O şeirlər var. Mikayıl Müşfiq “Oxu Tar”, Süleyman Rüstəm “Oxuma Tar” şeirlərini yazıb. 1930-cu ildə, Azərbaycana ermənilər rəhbərlik edəndə Mərkəzi Komitədə məsələ qaldırılır, bildirilir ki, tar xalqa yaddır. Süleyman Rüstəm də yazır ki, “oxuma tar, səni başa düşmür proletar”. Doğrudan da proletar nə bilir ki, tar nədir. Sonra Mikayıl Müşfiq yazdı ki, “oxu tar, səni kim unudar”. Mikayıl Müşfiq də haqlıdır”.

Bəs 1937-ci ildə heç bir partiyanın üzvü olmayan Mikayıl Müşfiqi, cavan şairi Mircəfər Bağırov niyə güllələnmədən xilac edə bilmir? Suala cavab verən M.Bağırov bildirir ki, Mikayıl Müşfiqin, Hüseyn Cavidin Müsavat Partiyasına rəğbəti olub: “Mircəfər Bağırovdan soruşmayıblar ki, filankəsi güllələyirik, filankəsi güllələmirik. Mircəfər bir sıra şəxsləri Stalinin qəbuluna düşməklə güllələnmədən xilac edə bilib. 1937-ci ildə Mircəfər Bağırovun özünü də həbs ediblər, 10 gün ev dustağı olub.

Moskvadan SSRİ prokurorunun müavini Mattuleviç Bakıya gəlib. Mircəfər Bağırovu da o həbs etdirib. Ruhulla Axundov həbs olunan zaman onun evindən Mircəfər Bağırovun çoxlu məktubları çıxıb. Mircəfər Bağırov Ruhulla Axundovun xətrini çox istəyib. Ruhulla Axundov çox savadlı, çox böyük şəxsiyyətdir, Sosial Demokrat Partiyasının üzvü olub”.

1938-ci ildə daxili işlər naziri postuna keçən Beriya Mircəfər Bağırovu həbsdən azad edə bilib. Bacısı nəvəsi deyir ki, Mircəfər Bağırovun Azərbaycan üçün böyük xidmətləri olub: “1933-cü ilə qədər Azərbaycan yox idi. Mircəfər Bağırov Azərbaycan neft sənayesini milliləşdirib, Üzeyir Hacıbəyov kimi dahini və digər ziyalıları qoruyub. Əgər qoruya bilməyibsə, onlara deyib ki, sizi qoruya bilməyəcəm, qaçın. Məsələn, yazıçı Anarın anası Nigar xanımı Mircəfər Bağırov qoruyub. Nigar xanım Xudadat bəyin qızıdır. Xudadat bəy sovet hakimiyyətinə qarşı Gəncədə üsyana başçılıq edən şəxsdir. Mircəfər Bağırov onu və oğlanlarını Azərbaycandan qaçırdıb. Nigar xanım da 1937-ci ildə Moskvada oxuyub. 1937-ci il 5 avqustda əmr çıxanda Mircəfər Bağırov teleqram vurur ki, Nigar xanım gəlsin. Əgər Nigar xanım Moskvada qalsaydı, onu da həbs edəcəkdilər, çünki xalq düşməninin qızı sayılırdı.
Yuxarıda da qeyd etdim, Mircəfər Bağırov BDU-nu bərpa edib.
Mircəfər Bağırov İkinci Dünya Müharibəsi zamanı bütün ağırlıqları öz üzərinə götürüb. Stalinin, marşal Jukovun xatirələri var. Marşal Jukova Bakını qorumaq tapşırılır. Komissiya yaradılır, Jukov özü Bakıya gəlir. Sonra Stalinə məruzə edir ki, Bakı partiya təşkilatı bütün işləri görüb, bizim burada heç bir işimiz yoxdur, arxayın ola bilərik.
Mircəfər Bağırov Azərbaycanda Samur-Dəvəçi kanalını salıb, Mingəçevir Su Elektrik Stansiyasını, Mingəçevir, Sumqayıt kimi şəhərlər yaradıb. Azərbaycanın istər sənayesində, istər mədəniyyətində Mircəfər Bağırovun xidmətləri göz qarşısındadır”.

P.S. Yazı M.Bağırovun lent.az-a müsahibəsi əsasında hazırlanıb.

Mircəfər Bağırov yazıçı Anarın anasını necə xilas etdi?-FOTOLAR












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu