Türkiyə XİN: “NATO Türkiyənin təhlükəsizlik və müdafiə siyasətinin təməl daşıdır”



“Türkiyə NATO çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiq qalmağa davam edəcək”.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin ölkənin NATO-ya üzv olmasının 65 illiyi ilə bağlı yaydığı açıqlamada deyilir.

“Bu gün Türkiyənin NATO-ya üzv olmasının 65-ci ildönümünü qeyd edirik. 1952-ci ildə üzv olduğumuz NATO-nun Türkiyə üçün əhəmiyyəti artaraq davam edir. NATO Türkiyənin müdafiə və təhlükəsizlik siyasətinin təməl daşını təşkil edir. Etibarlı müttəfiq olaraq Türkiyə son 65 ildə olduğu kimi, bundan sonra da NATO-ya töhfə verməyə və üzərinə götürdüyü öhdəliklərə tam bağlı qalmağa davam edəcək“, - deyə açıqlamada bildirilir. Qeyd olunur ki, “soyuq müharibə”dən sonra ittifaq avroatlantik regionda sabitlik və təhlükəsizliyin qorunmasında zəruri rol oynayır, Türkiyə isə Balkanlar, Qafqaz, Yaxın Şərq, Qara və Aralıq dənizlərində NATO-nun müxtəlif fəaliyyətlərində effektiv iştirak edir.

Türkiyə XİN NATO-nun 15 iyul hərbi çevriliş cəhdindən sonra Türkiyəyə verdiyi dəstək və həmrəylik nümayişindən məmnunluq duyduğunu da söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu