ABŞ mətbuatında Ermənistanın işğalçı siyasətinə dair məqalə dərc olunub



Məqalə Azərbaycanın Los Ancelesdəki baş konsulu tərəfindən yazılıb

ABŞ Konqresinin ən nüfuzlu nəşri olan, senator və konqresmenlər, xarici siyasət ekspertləri və geniş ictimaiyyət tərəfindən mütəmadi olaraq izlənən “The Hill” qəzetinin 18 fevral tarixli sayında Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin məqaləsi dərc olunub.

Konsulluqdan "Report"a verilən məlumata görə, “Qafqazda sülhün vaxtı çatıb” başlıqlı məqalədə baş konsul, hazırda davam edən gərgin münaqişə ocaqları fonunda Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə nizamlanmasına böyük zərurət olduğunu, bu səpkidə ABŞ-ın yeni adminitrasiyasının bununla bağlı atacağı konstruktiv addımlara böyük gözləntilərin olduğunu qeyd edir.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə geniş məlumat verən baş konsul, sülhə nail olmaq üçün beynəlxalq hüquqi əsasların kifayət qədər güclü olduğunu, bu səpkidə BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının, eləcə də, Avropa Şurası, Avropa Parlamenti, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu təşkilatların Ermənistanın işğalçı siyasətini pisləyən və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən çoxsaylı sənədlərinin mövcud olduğunu vurğulayır. Diplomat, hətta Avropa İnsan Haqları Məhkəməsinin 2015-ci ildə qərar qəbul edərək, işğal və etnik təmizləmə faktlarını təsdiqlədiyini diqqətə çatdırır. Bütün bunlara baxmayaraq Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinin Ermənistana müvafiq beynəlxalq təzyiqlərin olmaması ilə bağlı olduğunu bildirən N.Ağayev, dünyada sülhün qorunması üçün II Dünya Müharibəsindən sonra yaradılmış, ərazi bütövlüyü prinsipinin yüksək önəm daşıdığı beynəlxalq hüquq sisteminin son onilliklərdə aşınmaya məruz qaldığını qeyd edir. Bu hüquqi aşınmanın dünya üçün olduqca təhlükəli olduğunu yazan baş konsul, beynəlxalq hüquqa hörmətin təmin edilməsi vəzifəsinin beynəlxalq təşkilatların, ancaq onlardan da çox, böyük dövlətlərin üzərinə düşdüyünü qeyd edir.

Gələn həftə 25 illiyi tamam olacaq Xocalı soyqırımından bəhs edən diplomat bildirir ki, 1992-ci ildə təxminən 300 nəfəri uşaq, qadın və qoca olmaqla, 613 nəfər mülki azərbaycanlı Ermənistan silahlı birləşmələri tərəfindən qəddarcasına öldürüblər. N.Ağayev, bu qanlı qətliamdan başqa, 800 min azərbaycanlının işğal altındakı öz dədə-baba yurdlarından didərgin salındığını, Azərbaycan torpaqlarının 20%-nin - müqayisə üçün, ABŞ-ın Konnektikut ştatından da böyük bir ərazinin - Ermənistan tərəfindən işğal edildiyini vurğulayır.

Diplomat, ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin ədalətli həllində, Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoyacaq və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına şərait yaradacaq həll yolunun taplmasında ABŞ-ın yeni administrasiyasının öz səylərini intensivləşdirəcəyinə ümid edildiyini diqqətə çatdırır.

Azərbaycanın bir çox qlobal önəmli transregional layihələrdə mərkəzi rol oynadığını bildirən N.Ağayev, Azərbaycan-ABŞ tərəfdaşlığı barədə məlumat verir və münaqişənin tezliklə həllinin həm region, həm də dünya üçün faydalı olacağını qeyd edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu