Lapşinin müdafiəçisi olan blogerlər Xankəndidən Bakıya dil uzatdılar




Martın 20-də Azərbaycanın işğal altındakı Xankəndi şəhərində daha bir qanunsuz tədbir keçirilib. Separatçı rejimin qeyri-hökumət təşkilatı olan “Artsaxakertum” və “jurnalistlər ittifaqı”nın təşkilatçılığı ilə keçirilən “blogerlərin beynəlxalq forumu”nda 11 ölkədən 30 bloger iştirak edib.

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, “forum”da Qarabağ münaqişəsi də müzakirə mövzusu olub. Qeyd olunub ki, bu tədbirin reallaşdırılmasında blogger Aleksandr Lapşinin Bakıya ekstradisiyası xüsusi rol oynayıb.

Tədbirdə iştirak edən beloruslu bloger Aleksandr Qoyşik Lapşin işinə görə Belorus rəhbərliyinin hərəkətlərinə görə üzr istədiyini bəyan edib. Maraqlıdır, Belorus rəhbərliyi Lapşinlə bağlı tutduğu prinsipial mövqeyini davametdirəcəkmi, Qoyşikin Azərbaycan və Belorus qanunlarını pozmasına, üstəlik, başından böyük danışdığına görə onu cəzalandıracaqmı? Ancaq söhbət təkcə Belorusdan getmir, tədbirdə digər ölkələrin də təmsilçiləri olub. Rusiya təmsilçiləri isə üstünlük təşkil edir.

Bu sırada ekstremist çağırışları ilə tanınan və özünün “Jivoy Jurnal”dakı bloqunda Azərbaycanın ünvanına təhqirlər yağdıran Anton Nosiklə yanaşı, digər jurnalistlər də yer alıb. Qeyd edək ki, “konfrans” işi canlı yayımla yayımlanıb. Qarabağ separatçılarının mətbu orqanları da həvəslə bu tədbirə canlı yayım imkanı yaradıb.

Qeyd edək ki, Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev virtualaz.org-a açıqlamasında işğal altındakı ərazilərə qanunsuz səfər edən rusiyalı bloqqerlərlə bağlı məsələni araşdırıb müvafiq addım atacaqlarını demişdi.

Ancaq bayram günlərində bu işin davamını görə bilmədik. Bəlkə də rəsmi Bakı müvafiq addımlar atıb. Diqqətçəkən budur ki, Serj Sərkisyanın Rusiyaya son səfərinin ardınca işğal zonasına qanunsuz səfərlər artmağa başlayıb.

Bu arada 2015-ci ildə qəfildən Moskva ətrafındakı fermasını atıb ailəsi ilə birlikdə Azərbaycanın işğal altındakı ərazilərinə köç edən, sonra isə rəsmi Bakının onun barəsində cinayət işi açmasından sonra Rusiyaya qayıdan milyoner German Sterliqov yenə də ürək bulandırmağa başlayıb. Sterliqovun özünün Facebook səhifəsində belə yazıb: “Bu gün mənə xəbər verdilər ki, Azərbaycanın Baş prokuroru yenidən Rusiya hakimiyyətindən barəmdə cinayət işi qaldırılmasını və tutulub Bakıya təhvil verilməyimi tələb edir. Bütün bunlar ona görədir ki, mən yüksəkdən və arqumentləşdirilmiş şəkildə Qarabağın erməni torpağı olduğunu demişəm. Və mənim müsahibəmə dünyanın hər yerindən milyonlarla adam baxıb. Ona görə də belə görünür ki, məni ələ keçirib hamının gözü qarşısında xırda hissələrə doğramaq istəyirlər”. (Virtualaz.org)Sterliqov daha sonra yazır ki, Azərbaycan hakimiyyəti əmin ola bilər: Rusiya onu verməyəcək. “Çünki burada hakimiyyətdə Putindir, Lukaşenko deyil. Və Rusiya hansısa banan ölkəsi yox, yaxın gələcəyin monarxiyasıdır”.

Bəzi müşahidəçilər hesab edir ki, A.Lapşinin ekstradisiyası Rusiyadakı dairələrə pis təsir göstərdiyindən onlar Bakını cəzalandırmaq üçün yeni təzyiq rıçaqlarını işə salıblar. Bu mənada həm blogerlərin Qarabağa göndərilməsi, həm də rus milyorderin iddialı danışmasının arxasında Rusiya hakimiyyət dairələrinin iradəsinin olduğu şübhələri var. Lakin Musavat.com-un müraciət etdiyi ekspertlər məsələyə birmənalı münasibət bildirməyin tərəfdarı olmadıqlarını dedilər.

Politoloq Hikmət Hacızadənin fikrincə, bu, Rusiya hökümətinin təşəbbüsü deyil: “O jurnalistlər Lapşinin müdafiəsi naminə öz təşəbbüsü ilə yığışıb Qarabağa getməyə qərar verib. Ekspert rus milyarderin də Moskvanın iradəsi ilə hərəkət etmədiyi qənaətindədir: “Bu da onun öz təşəbbüsüdür. O adam ağlı dayazın, dəlinin biridir. Çoxdan Qarabağa gedib-gəlir”.

Bəs, Bakı bu vəziyyətdə nə etməlidir?

H.Hacızadə qanunların tətbiqini zəruri sayır: “Azərbaycan XİN onları “qara siyahı”ya salmalıdır. Eyni zamanda rəsmi Moskvaya nota verilməlidir”.

Politoloq Elçin Mirzəbəyli hesab edir ki, bu məlumatların ciddi şəkildə yoxlanılmasına ehtiyac var: “Səfəri kim təşkil edib, Rusiyanın dövlət qurumlarının bu səfərə hər hansı bir aidiyyatı var ya yox, bütün bu məsələlərə aydınlıq gətirilməlidir. Yalnız bundan sonra Rusiyanın bu prosesdəki iştirakını dəyərləndirmək olar. Görünən odur ki, Lapşinin Azərbaycana ekstradisiya edilməsi Sərkisyan və tərəfdarlarının mövqeyinə ciddi zərbə vurub. Jurnalist-bloggerlərin səfəri də bu faktın unutdurulmasına xidmət edə bilər”. E.Mirzəbəylinin sözlərinə görə, Ermənilərin bu səfəri təşkil etməkdə başqa bir məqsədi şübhəsiz ki, Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirməkdən ibarətdir: “Bu səbəbdən də məsələyə emossional yanaşmanın doğru olmadığını düşünürəm. Ciddi araşdırma aparılmalı və səfərlə bağlı bütün detallar aydınlaşdırıldıqdan sonra həmin şəxslərlə bağlı cinayət işi açılmalı, axtarış elan edilməli və əlverişli bir şərait yarandıqda bu şəxslərdən biri, yaxud bir neçəsi Azərbaycana ekstradisiya edilməlidir. Lapşin presidenti möhkəmləndirilməlidir”.

“Ermənistan hakimiyyətini Lapşin kimilərinin sayını çoxaltmağa çalışacaq. Yəni başqa ölkələrin vətəndaşlarını, o cümlədən Rusiya vətəndaşlarını Dağlıq Qarabağa qeyri-qanuni səfərlərə təşviq edəcəklər”.

Bunu isə Musavat.com-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi. Ekspert belələrinin tapılacağını istisna etmədi: “Onlar guya Azərbaycandan qorxmadıqlarını və Lapşinə dəstəklərini işğal altındakı torpaqlara səfərlərlə “sübut” etmək istəyir. Belə şəxslərin sayının çox olacağını düşünmürəm. Buna baxmayaraq, işğal altındakı torpaqlara qeyri-qanuni səfərlər edənlər tapılsa belə, bu tendensiyaya qarşı mübarizəmizi davam etdirməliyik. Lapşin olayında olduğu kimi onlar haqqında cinayət işləri açılmalıdır. Üstəgəl, Azərbaycan XİN bütün dövlətlərə bəyanatla müraciət göndərməlidir ki, vətəndaşlarını Dağlıq Qarabağa qeyri-qanuni səfərlərdən çəkindirsinlər, əks halda, həmin şəxslərə qarşı cinayət işinin açılacağı bəyan olunmalıdır”.

İş günü olmadığından Azərbaycan XİN-in atdığı və ya atacağı addımlar barədə məlumat ala bilmədik. Mövzuya qayıdacağıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu