Deputatların, məmurların və onların qohumlarının QHT Şurasından qrant alması çoxalıb- MÜSAHİBƏ





Azərbaycanda Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyəti ətrafında söz-söhbət hər zaman olub. Əvvəllər Şuranın fəaliyyətindən narazılıqlar daha çox olsa da, son dövrlər mediada qurumun “müsbət imici” formalaşıb, yaxud formalaşdırılıb. Təbii ki, bir çox saytların baş redaktorlarının, KİV rəhbərlərinin QHT-lərinin olması və Şuradan qrantlar alması da bu istiqamətdə rol oynamamış deyil. AFN-in bu mövzuda ayrıca bir yazısı olcaq. Hələlik isə bir müddət öncə yazdığımız araşdırma yazısından sonra yaranmış rezonans nəticəsində ortaya çıxan bir sıra suallara müsahibimiz, Demokratik İslahatlar Ugrunda Cəmiyyətin sədri Oqtay Gülalıyevlə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.

- Oqtay müəllim, əvvəllər Şuranın fəaliyyətindən narazılıq daha çox idi, daha doğrusu, media daha çox yazırdı bu tip mövzuları, indi sanki azalıb. Bu sizcə, nə ilə bağlıdır-Şuranın fəaliyyəti əvvəlkinə nisbətən müsbətə doğru irəliləyib, yoxsa media yazmağa maraq göstərmir? Nəzərə alaq ki, xeyli sayda KİV rəhbərinin, jurnalistin QHT-si var və onlar da Şuradan zaman-zaman qrantlar alırlar. Bu məsələnin də Şuranın “müsbət imici”nin yaranmasına təsiri varmı?

- QHT Şurası və digər dövlət qurumları haqqında son zamanlar mətbuatda tənqidi yazıların az yazılmasının səbəbi daha çox onunla bağlıdır ki, ölkədə müstəqil vətəndaş cəmiyyəti kimi müstəqil mətbuat da sıradan çıxarılıb. Aparıcı azad mətbuat orqanlarının sayı barmaqla sayılacaq qədərdir. Hakimiyyətdən və ayrı- ayrı məmurlardan asılı olan mətbuat orqanları höküməti tənqid etməz və edə də bilməz. Amma digər dövlət qurumlarından fərqli olaraq QHT Şurası haqqında mətbuatda çox nadir hallarda tənqidi yazılara rast gəlmək olur. Təbii ki, bu amil adı çəkilən qurumun digər dövlət qurumlarından müqayisə olunmaz dərəcədə şəffaf və hesabatlı olması və ya sizin təbrinizcə desək “Şuranın fəaliyyətinin irəliyə doğru irəliləməsi” ilə bağlı deyil. QHT Şurası donor təşkilat olduğuna və cəmiyyətlə aktiv təmasına görə digər dövlət qurumlarından fərqli olaraq mətbuata daha çox təsir imkanına malikdir. Onlarla əməkdaşlıq edə bilir. Digər tərəfdən əksər mətbuat orqanlarında çalışan məsul şəxslərin, jurnalistlərin özlərinin və yaxınlarının QHT-ləri var. Həmin QHT-lər vasitəsi ilə onlar QHT Şurasından vaxtaşırı olaraq çox asanlıqla qrant layihələri ala bilirlər. Necə deyərlər, əl əli yuyur, əl də üzü…

- QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətini qaneedici hesab etmək olarmı? Vətəndaş cəmiyyətinə nə verdi bu qurum?

- QHT-lərə Dövlət Dəstəyi Şurası yarananda bu quruma ümidlər və qurumdan gözləntilər daha çox idi. Amma təəssüf ki, QHT Şurası bu gözləntiləri doğrultmadı. Adına və missiyasına uyğun olaraq QHT-lərə dövlətin dəstəyi rolunda deyil, QHT-lərin dövlətə dəstəyi rolunda çıxış etdi. Hakimiyyətin vətəndaş cəmiyyətinə qarşı həyata keçirdiyi təzyiqlərin, repressiyaların dəstəkçisi oldu. Qanunvericiliyə məhdudlaşdırıcı əlavə və düzəlişlərin edilməsinə loyal münasibət göstərdi. Düzdür, hazırda bir çox QHT-lər bu qurumun həyata keçirdiyi qrant müsabiqələrində iştirak edir və qurum QHT-lər üçün yeganə donor rolunda çıxış edir. Amma Şura mövcud hakimiyyətin maraqlarına və siyasətinə zidd olmayan layihələrə qrant ayırır. İnsan haqları, azad seçkilər, neft gəlirləri, məmur özbaşınalığı, korrupsiya halları, siyasi məhbus, polis zorakılığı, işgəncələr və s. problemlərlə bağlı layihələrə dəstək vermir. Bəzi hallarda müstəqil vətəndaş cəmiyyətinin parçalanmasına, sıradan çıxarılmasına, onların ələ alınmasına yönəlik atılan addımlara dəstək verir. Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası ilə bağlı son zamanlar QHT Şurasının tutduğu mövqe buna misal ola bilər.

- AFN-in Şuranın fəaliyyəti ilə bağlı yazdığı araşdırma yazısını məhz sədr Azay Quliyevə yönəlmiş qərəz kimi qələmə verdilər. Burdan belə qənaətə gəlmək olar ki, Azay Quliyevin özü öz işindən əmin deyil. Necə hesab edirsiz, rəhbərlik öz işini düzgün qura bilibmi Şuranın fəaliyyətində?

- Azərbaycanda bütün sahələrdə və dövlət qurumlarında total nəzarət və eyni vəziyyət hökm sürür. QHT Şurasının üzvləri dövlət başçısı tərəfindən təyin olunur. Şura üzvləri müstəqil vətəndaş cəmiyyətini deyil, hakimiyyəti təmsil edir və onun yürütdüyü siyasəti dəstəkləyirlər. Başqa cür olması da mümkün deyil. Rəhbərliyi və qərarverici orqanı müstəqil olmayan, hakimiyyətdən asılı olan donor təşkilat Azərbaycan kimi ölkələrdə müstəqil ola və müstəqil vətəndaş cəmiyyətini dəstəkləyə bilməz. QHT Şurası ilə bağlı indi arzuolunmaz vəziyyət odur ki, Şuranın üzvləri həm qrant layihələrini qiymətləndirən münsiflər kimi çıxış edir, həm də Şuraya layihə təqdim etmiş QHT rəhbəri kimi. Yəni onlar özü- özlərinə layihə ayrırlar. Özlərinə digər ərizəçilərlə müqayisədə daha çox həcmdə maliyyə vəsaiti ayırırlar. Dünyanın heç bir yerində belə analoqsuzluq yoxdur.

- Qrant musabiqələrində layihələrin tapşırıqla keçdiyi haqda iddialar var. Şuranın iş prinsipində belə hal mümkündürmü?

- Mən bu barədə nəsə deyə bilmərəm. Amma görünən odur ki, Milli Məclisin bir sıra deputatları, onların qohumları, məmur övladları, başqa vəzifəli şəxslərə aid olan QHT-lərin son zamanlar Şuranın qrant müsabiqəsində iştirakı genişlənib. Onların əksərinin yaxşı layihə yazdıqlarına görə deyil, vəzifələrinə və statuslarına görə Şuradan layihə almaları daha inandırıcı görünür. Digər tərəfdən, həyata keçirilən həmin layihələrin cəmiyyətə faydalı ola biləcəyi şübhəlidir.

- Sizcə Şura şəffaf və hesabatlıdırmı?

- Düzdür, QHT Şurası müsabiqədə iştirak edən QHT- lərlə və onların qalib olduğu layihələrlə bağlı məlumatı sayta yerləşdirir. Amma seçim müsabiqəsində cəmiyyətin etimad göstərdiyi, müstəqil mövqeli şəxslər iştirak etmirsə və ya belə şəxslərin iradəsi həlledici deyilsə, biz orda şəffaflıqdan danışa bilmərik. QHT Şurası ilə bağlı əsas məsələlərdən biri həyata keçirilən layihələrin səmərəliliyi faktorudur. Gəlin görək dövlət büdcəsindən ayrılan milyonlarla vəsait hesabına vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, möhkəmələnməsi isitiqamətində hansı işlər görülüb? Cəmiyyətin inkişafına töhvə verən hansı layihələr həyata keçirilib? Bu gün vətəndaş cəmiyyəti böhran içindədirsə biz həmin layihələrin səmərəliliyindən danışa bilmərik. Eyni zamanda hakimiyyətin siyasətini dəstəkləyən QHT-lər və onların rəhbərləri son illər davamlı şəkildə qrant layihələri ilə mükafatlandırılır. Hətta onların bir çoxu dünən də, bu gün də özlərini müstəqil göstərməyə, müxalif qurumların və şəxslərin yanında yer alıb “müstəqil” görüntüsü yaratmağa çalışıblar. Ümumilikdə hesab edirəm ki, QHT Şurasınn layihələrinin qiymətləndirilməsinə obyektivliyi şübhə doğurmayan müstəqil ekspertlər cəlb edilməli, dövlət büdcəsindən indiyə qədər ayrılan və xərclənən vəsaitlər, bu vəsaitlər hesabına görülən işlər, qrant alan təşkilatların ümumi büdcəsi (məsələn, indiyə qədər hansı QHT QHT Şurasından ümumilikdə nə qədər vəsait alıb və nə işlər görüb- red.), Şuranın daxili, institusional xərcləri və digər məsələlərlə bağlı ətraflı hesabat hazırlanıb ictimaiyyətə açıqlansa və qurumun saytına yerləşdirilsə yaxşı olardı. QHT Şurasının son illər QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına edilmiş məhdudlaşdırıcı əlavə və düzəlişlərin aradan qaldırılması istiqamətində təşəbbüslərini artırmalı, müstəqil QHT-ləri “ələ almaq” siyasətinə son qoyub bütün tərəflər üçün bərabər məsafə tutmaq və imkan yaratmaq siyasətinə üstünlük verməlidir.

Həbibə ABDULLA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu