Qənirə Paşayeva Malatyada Türk dünyası mərkəzi yaradılması təklifi ilə çıxış edib




Millət vəkili, Dr. Qənirə Paşayeva Malatya İsmət İnönü Universitetinin rektoru Prof. Dr. Ahmet Kızılay və universitetdə təhsil alan gənclərlə görüşündə Qarabağ həqiqətlərinin daha geniş yayılmasında, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizəmiz daha da güclənməlidir deyib.



Malatya İsmət İnönü Universitetinin rektoru Prof. Dr. Ahmet Kızılay qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. Rektor rəhbərlik etdiyi universitetin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirib və universitetdə təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını, tələbələrin burada təhsil almaları üçün şəraitin yaradıldığını qeyd edib. Tanınmış araşdırmaçı-yazar İmdat Avşarın da iştirak etdiyi görüşdə millət vəkili, Dr.Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığının getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Malatya İsmət İnönü Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib. Malatya İsmət İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələrin sayının getdikcə artmasının sevindirici hal olduğunu qeyd edən millət vəkili, Dr. Qənirə Paşayeva onların burada özlərini öz vətənlərindəki kimi hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib və azərbaycanlı tələbələrin də öz növbəsində Malatya İsmət İnönü Universitetində Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını bildirib. Millət vəkili, Dr. Qənirə Paşayeva Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı Universitet gəncləri ilə geniş müzakirələrə, tələbələrlə bu mövzular ətrafında daha çox görüşlərin, konfransların daha da artmasına ehtiyac olduğunu deyib. Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, Türk dünyasının bir sıra qanayan yaraları ətrafında söhbətlə yanaşı gənclərin təhsilə,oxumağa,öyrənməyə daha çox meyilləndirilməsinin önəmi barədədə geniş fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva Universitetdə Azərbaycan və ya Türk dünyası mərkəzinin açılması təklifi ilə çıxış edib. O bildirib ki, belə bir mərkəzin olması Türk kökənli gənclərimiz üçün də, burada təhsil alan xarici tələbələrə həqiqətlərimizin daha geniş və doğru çatdırılması üçün də çox önəmlidir. Millət vəkili Qənirə Paşayeva mərkəz üçün Azərbaycanla bağlı lazım olan kitab, material, sənədli filmlərin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən Universitetə hədiyyə ediləcəyini də deyərək belə bir mərkəzin vacibliyi və əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparıb. Universitetin rektoru təklifi dəstəkləyib və bu məsələyə baxılacağını bildirib.

Malatya İsmət İnönü Universitetinin rektoru rəhbərlik etdiyi universitet ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişaf edəcəyini deyib və millət vəkilinə dəvətlərini qəbul edib universitetdə Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı geniş konfrans verdiyi üçün təşəkkürünü bildirib və bu cür konfransların önəminə toxunaraq onu təkrar konfranslar verməyə dəvət edib. Dəvət üçün təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva rektora Azərbaycan həqiqətləri vəmədəniyyəti ilə bağlı materialları hədiyyə edib,burada təhsil alan azərbaycanlı tələbələrlə bağlı bir sıra fikir və təkliflərlə çıxış edib və geniş fikir mübadiləsi aparılıb. Qənirə Paşayeva Malatya İsmət İnönü Universiteti rektoruna və universitetin kitabxanasına Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, millət vəkili Q.Paşayeva həmçinin özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını digər həmmüəllif İmdat Avşarla birlkdə hədiyyə edib. Q.Paşayev həmçinin Malatya İsmət İnönü Universitetinin müəllimləri, burada təhsil alan bəzi azərbaycanlı tələbələrlə və digər türk torlumlarından olan tələbələrlə də görüşüb. Görüşdə millət vəkili Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında xaricdə yaşayan azərbaycanlıların da üzərinə böyük vəzifələr düşdüyünü bildirib. Malatya İsmət İnönü Universitetində eyni zamanda millət vəkili Qənirə Paşayeva və araştırmaçı-yazar İmdat Avşarın hazırlayıb tərtib etdikləri “Karabağ hikayeleri” kitabının Türkiyə türkcəsində təqdimatı və imzalanma mərasimi olub. “Karabağ hikayeleri”nin təqdimat və imzalanma mərasimində iştirak edən valilik, bələdiyyə rəsmiləri, universitet müəllimləri, ziyalılar və gənclər kitabın önəmi ilə bağlı fikirlərini bölüşüblər. Türkiyə KİV-lərinin də geniş iştirak etdiyi tədbirdə millət vəkili Qənirə Paşayeva və İmdat Avşar “Karabağ hikayeleri” kitabını hazırlamaqda əsas məqsədin Türkiyədə və Türkiyədən kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildirib. Ermənistanın mülkü azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən danışan millət vəkili Q.Paşayeva işğalçı Ermənistanın törətdiyi vandalizmi dünyanın hər yerində yaşayan qardaş-bacılarımız bütün dünyaya daha geniş yaymalı, işğalçıların layiq olduğu cavabı alması üçün daha çox çalışmalıdırlar deyib. Beynəlxalq təşkilatların ikili standartlarından, ədalətsizliklərindən danışan millət vəkili Qənirə Paşayeva çox təəssüf ki, BMT Təhlükəsizlik Şurası, AŞPA və digər beynəlxalq təşkilatlar özlərinin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində Ermənistana heç bir təzyiq göstərmirlər deyib. Ermənistanın ön cəbhədə mülkü azərbaycanlılara qarşı həyata keçirdiyi cinayətlərdən, mülkü insanları hədəfə almaları, qətlə yeitrmələri, yaralamaları, evlərini dağıtmaları barədə geniş məlumat verən millət vəkili Q. Paşayeva “bu cür insanlıqdan kənar əməllər, cinayətlər Ermənistanın xislətinə xas addımlardır, amma Azərbaycan və ordumuz artıq 20 il əvvəlki Azərbaycan və ordu deyil, işğalçılar layiq olduqları cavabı alacaqlar” deyib. “Qarabağ problemi harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanının problemidir” deyən millət vəkili Qənirə Paşayeva türk gənclərini Qarabağ həqiqətlərini daha geniş öyrənməyə çağırıb və dünyanın hər yerində yaşayan insanlarımızın bu həqiqətlərin dünyaya daha geniş yayılmasında fəallıqlarının artmasının vacibliyini vurğulayıb. Kitabda yer alan bir-birindən dəyərli hekayələrin, Azərbaycanın haqq səsini, öncə qardaş Türkiyədə və Türk dünyasında, sonra da bütün dünyada əks etdirəcəyinə ümid edirik deyən millət vəkili Q.Paşayeva tanıtım və imzalanma mərasiminə qatılanların Qarabağ mövzusu ilə bağlı suallarını da cavablandırıb.

Qeyd edək ki, “Karabağ hikayeleri” kitabı iyirminci yüzildə dünyanın gözləri önündə tarixin canlı olaraq qeyd etdiyi ən qanlı, ən ağır soyqırıma, qətliamlara məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir.











AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu