Dedi ki, o kameranı söndür...- Heydər Əliyev və jurnalistlər+Qənirə Paşayevanın xatirələri





AFN.az keçmiş prezident jurnalistlərinin Heydər Əliyevlə bağlı xatirələrini işıqlandırmaqda davam edir. Bu dəfəki müsahibimiz millət vəkili Qənirə Paşayevadır. Qənirə xanım uzun illər ANS TV-də prezident müxbiri işləyib, 2005-ci ildən deputat seçilib, parlamentdə 105 saylı Tovuz seçki dairəsini təmsil edir. Bundan əvvəlki müsahiblərimizlə söhbətdə olduğu kimi, Q.Paşayeva ilə də söhbətdən sonra mərhum prezident Heydər Əliyevin mediaya və jurnalistikaya münasibətdə unikal bir şəxsiyyət olduğu qənaəti yaranır. Hər şeyi Qənirə xanımın öz dilindən oxuyaq:

Heydər Əliyev Qazaxıstana səfərə getmişdi, biz də jurnalist kimi onunla birlikdə idik. Mənim sualım vardı, mütləq Qazaxıstanın prezidenti Nazarbayevdən cavab almalı idim. Mətbuat konfransında sual verdim ki, cənab Nazarbayev, ekspertlər tərəfindən belə bir fikir səsləndirilir ki, Qazaxıstan Bakı-Tiflis-Ceyhan layihəsinə qoşulacaq. Sualı birmənalı qoydum ki, manevr imkanları az olsun, bu sualın cavabı ya “hə”dir, ya da “yox”. O da başa düşdü ki, mən konkret cavab almaq istəyirəm, dedi ki, mən bilmirəm onu hansı ekspertlər deyib və ardınca ümumi cavablar verdi, hər şeyi gələcəyə buraxdı. Mətbuat konfransı qurtaranda biz jurnalistlərlə yığılıb söhbət edirdik, bir də baxdım qoluma bir əl toxundu. Döndüm ki, rəhmətlik Heydər Əliyevlə Nazarbayevdir. Nazarbayev Heydər Əliyevdən soruşdu ki, Heydər Əliyeviç, bu sizin qızınızdır? O da gülə-gülə cavab verdi ki, bəli. Nazarbayev də zarafatla dedi ki, onda bununla işiniz çətindir. Heç unutmaram rəhmətlik Heydər Əliyev bir əlilə Nazarbayevin, bir əlilə mənim qolumdan tutub dedi ki, qızım, bunu heç vaxt yaddan çıxarma, biz o kəməri mütləq tikəcəyik, sən onları görəcəksən ki, o kəmərə hələ çoxları gələcək qoşulmaq üçün, siz heç narahat olmayın, rentabellilik-filan əhəmiyyətsiz müzakirələrdir. Bu layihə Azərbaycan üçün də, elə region üçün də böyük əhəmiyyət daşıyır. Bu, bir siyasətçinin nə qədər uzaqgörən olmasının təzahürü idi. Orada BTC-nin nə qədər vacib olması, Azərbaycanın region üçün önəmi haqda dəyərli fikirlər səsləndirdi. Doğrudan da BTC-nin müxalifliyinin başını çəkənlər, bəzi ölkələr, tərəddüd edənlər, layihəyə qarşı çıxanların bir çoxları qısa zaman sonra layihəyə böyük maraq göstərdilər.



Bizi nazirə göstərib dedi ki...

Heydər Əliyev jurnalistikanın imkanlarını çox gözəl dəyərləndirə bilirdi. Bir dəfə Türkiyənin dövlət naziri Rəşad Doğru gəlib. Bundan öncə də biz Naxçıvanda səfərdə olmuşduq. Bilirsiniz ki, Naxçıvanda bəzi kənd təşərrüfatı məhsulları əkilib-becərilirdi, insanlar bunu satmaq üçün çətinlik çəkirdilər, ona görə də güzəştlər istəyirdilər. Naxçıvanlılar deyirdilər ki, burdan Bakıya aparmaq çətindir, Türkiyə bizə güzəştlər etsin, ora bazarlarına çıxaraq məhsulumuzu. Biz bunu Naxçıvanda rəhmətliyə sual verdik ki, cənab prezident, bu məsələ ilə bağlı danışıqlar varmı? Bundan bir neçə gün sonra da, dediyim kimi, Rəşad Doğru gəldi. Görüş əsnasında türk nazir danışmağa başlamaq istəyəndə Heydər Əliyev bizi göstərdi və həmin məsələyə toxunaraq dedi ki, bir bunlara baxın, bir neçə gün əvvəl gedib Naxçıvanda camaatı danışdırıb onların istəklərini öyrəniblər, sonra da məndən soruşurdular Türkiyə tərəfilə danışıqlar aparanda güzəşt məsələsini qaldırdınızmı, güzəşt olacaqmı, indi siz özünüz burdasız, onların suallarına da münasibət bildirərsiniz. Yəni jurnalistikanın gücünü çox yaxşı bilirdi və dəyərləndirirdi. Bir sözlə, jurnalistlərin həqiqətən də ən yaxşı dostu idi.



O iki saatlıq söhbət mənim üçün dönüş nöqtəsi oldu

Sonuncu dəfə biz ABŞ-a gedəndə bir yerdə olduq. O qədər gərgin qrafiki vardı ki, deyirdik ABŞ-a uçanda yəqin dincələr. Təyyarədə məni yuxu tutub, yatmışam. Rəhmətliyin də səfərlərdə olanda həmişə gəlib jurnalistlərlə maraqlanmağı vardı. Bir də gördüm kimsə deyir, qalx cənab prezident gəlib, elə bildim yuxuda görürəm, gözümü açdım ki, yox, gerçəkdən gəlib. O qədər diqqətli idi ki, təyyarədə, qaldığımız yerlərdə hər zaman bizim qayğımıza qalırdı, yeməyimizlə, şəraitimizlə maraqlanırdı. Uzaq, yaxud yaxın səfər olsun, fərqi yoxdur, hər zaman bunları edərdi. ABŞ-a gedəndə də gəldi, söhbət edəndə dedim ki, cənab prezident, sizdən xahişim var, mənə eksklüziv müsahibə verin. Qayıtdı soruşdu ki, nə müsahibə? Dedim ki, eksklüziv, yəni təkcə mənə müsahibə verin. Cavab verdi ki, yaxşı, sənə eksklüziv müsahibə verərik. Orada düşündüm ki, gərgin görüşlər olacaq, proqram sıxdır, yadına düşməz. Səhv etmirəmsə Çeyni ilə görüşdən gələndə biz zalda dayanmışdıq, dedilər ki, səni çağırır kamera ilə. Qarabağla bağlı suallar verdim və s. Birdən qayıtdı ki, söndür o kameranı. Bu məşhur kadrdır, ANS-də dəfələrlə verilib. Söndür kameranı dedi söhbət edək səninlə. Kameralar söndü, hamını da çıxartdı otaqdan, hardasa 2 saat söhbət etdik. Yadımdadır, deyirdi, qızım, jurnalistsən, insanların içərisində çox olursan, bir çox məsələləri bilməniz lazımdır. Azərbaycanın keçdiyi yol, bizi gözləyən təhdidlər və s., təkcə o günə aid yox, gələcəyə dair məsələlərdən danışırdı. O söhbət əsnasında dedim, cənab prezident, bunları yazsanız çox yaxşı olar, bəhrələnərik biz də, başqaları da. Dedi ki, mənim vaxtım var yazmağa?! Dedim, cənab prezident, siz deyin biz yazaq. Dedi baxarıq. Məni həmişə təəssüfləndirən odur ki, onun özünün yazacağı memuarlar daha maraqlı olardı. Açığını deyim ki, onun Azərbaycanı nə qədər ciddi təhlükələrdən qorumaq adına etdiyi çox böyük işlər var. Mənə hərdən deyirlər ki, yaz o xatirələri deyirəm yox, bunların bir çoxu yazmaq üçün deyil, bilib nəticə çıxarmaq üçündür. O iki saatlıq söhbət mənim baxışlarımda, bəzi məsələlərlə bağlı fikirlərimin formalaşmasında çox ciddi rol oynadı. O söhbət diplomatik deyildi, protokol deyildi, çox önəmli nöqtələrə toxunulan bir söhbət idi. Yana-yana toxunurdu o nöqtələrə ki, dövlətimizin, millətimizin gələcəyi üçün bu məsələlərə böyük önəm verməliyik, çünki Azərbaycanı həmişə istəməyənlər olacaq. Ona görə də o iki saatlıq görüş eksklüziv müsahibədən daha önəmli idi mənim üçün. Və o görüşdən öyrəndiklərim bu günə və gələcəyə doğru fikirlərimin xeyli möhkəmlənməsinə, formalaşmasına səbəb oldu.
Bunu nəyə görə deyirəm, o jurnalistlərə çox ciddi önəm verirdi. İnsanlar onun müsahibələrini, jurnalistlərn ona suallar vermələrini görürdülər, amma onun bizə münasibətini görmürdülər. O istəyirdi ki, jurnalistlər savadlı, məlumatlı olsunlar. Əvvəla, hər xaricə çıxan jurnalisti həm də millətimizin, Azərbaycanın siması sayırdı. İkincisi isə deyirdi ki, ölkədə 4-cü hakimiyyətdir media, jurnalistlər nə qədər savadlı olsa, bilgili olsa ölkə o qədər irəli gedər.



Dedi ki, hamımız elə qəşəng, elə gözəl görünürsüz ki...

Adını çəkməyəcəm, ölkələrin birində səfərdəyik, baxdım ki, tez-tez bizim jurnalistlərə baxır, onların jurnalistlərinə baxır. Fürsət düşəndə soruşdum ki, cənab prezident, narahatlıqmı vardı, elə diqqətlə baxırdız? Zarafatla dedi ki, yox, siz hamınız elə gözəl, elə qəşəng görünürdünüz ki, yaxşı, savadlı sualar veriridiniz ki, xoşuma gəldi. Yəni ona qədər diqqət edirdi, jurnalistlərin necə görünməsi, necə davranması, özünü necə təqdim etməsi onun maraq dairəsində idi. O adam bilirdi ki, cəmiyyəti nə maraqlandırır, insanlar hansı suallara cavab istəyir. Jurnalistikanın cəmiyyətin suallarına cavab vermək missiyasını çox gözəl dəyərləndirirdi. Bilirdi ki, jurnalist sualı verirsə, demək, cəmiyyət onun cavabını gözləyir. Yadımdadır biz hətta bir dəfə onun protokolunu bir az pozmuşduq. Gürcüstanın o zamankı prezidenti Şevardnadze ilə görüşdə idi, ardınca da Köçəryanla görüşəcəkdi. Biz isə yetişməli idik ikinci görüşə... O zaman bilirsiz, bəzi QHT-lər BTC-yə problem yaratmışdılar Gürcüstanda, biz bu suala cavab almalı idik Şevardnadzedən. Yəni Azərbaycan bu qədər sizə jest edir, amma sizin ölkədə xoşagəlməz hadisələr var. Görüş başlayıb, biz tələsirik, aparırlar. Protokola görə isə görüş başlamazdan öncə jurnalistlər sual vermirlər, gərək görüş bitsin sonra suallar verilsin. Elmira Axundova və mən yavaşca dedik ki, cənab, prezident, bizi o biri görüşə çataq deyə aparırlar, xahiş edirik, sualımız var. Rəhmətlik baxdı üzümüzə ki, hamımızın üzümüzdə xahiş dolu ifadə var. Əslində bütün dünya üçün bu sualın cavabı önəmli idi o dövr üçün. Heydər Əliyevin üzündə bir təbəssüm yarandı və dedi ki, verin suallarınızı. Və biz başladıq suallarımızı verməyə, sonra getdik. Səfərdən qayıdanda bir kəlmə bizə irad tutmadı ki, niyə protokol qaydalarına əməl etmədiniz. Bu, çox böyük sayğı və diqqətin əlaməti idi. O başa düşürdü ki, bu, işin vacibliyindən doğan məsələdir.

Hatəmiyə sual verdim ki, Ermənistanla sərhədi niyə bağlamırsız

Rəhmətlik İrana gedəndə bəzi iranlı jurnalistlər protokolu pozaraq başlamışdılar ona suallar verməyə. Mən də başladım yüksək səslə ki, mənim də sualım var. Gördülər ki, dayanmıram, şərait yaratdılar. Sual verdim ki, cənab Hatəmi, siz bütün müsəlman dünyasına çağırış etmisiz ki, İsraillə əlaqələri kəssinlər, müsəlman Fələstinə dəstək göstərsinlər. Cavab verdi ki, bəli. Hər kəs də mənə diqqətlə qulaq asır ki, axırda nə sual verəcəm. Dedim ki, bəs niyə belə bir çağırış da səsləndirməmisiz ki, işğalçı Ermənistanla əlaqələri kəssinlər, müsəlman Azərbaycana dəstək göstərsinlər? Sükut yaranan kimi də döndüm dedim ki, əslində çağırış etməsəniz də elə İran Ermənistanla öz sərhədlərini bağlasa biz torpaqlarımızı tez işğaldan azad edərik. Bir səssizlik yarandı zalda, sual açıq deyim ki, çox sərt idi. İran prezidenti suala cavab verdi, sonra bəzi adamlar üçün maraqlı idi ki, buna nəsə bir reaksiya olacaqmı. Amma rəhmətlik bilirdi ki, bu, Azərbaycan vətəndaşlarının soruşmaq istədiyi şeydir. Əslində bizim vətəndaşlarımızın İran prezidentinə demək istədiyi bir məsələ idi. Mən də öz jurnalist missiyamı yerinə yetirmişəm.



Bir dəfə də olsun demədi ki, mənim haqqımda niyə elə yazmısız, demisiniz

Mən neçə illər ərzində bir dəfə də nə rəsmi, nə qeyri-rəsmi söhbətlərdə eşitmədim desin ki, mənim haqqımda niyə bunu yazdız, niyə belə dediz elə dediz. Ümumi məsələlər olardı, məsələn, dövlət məsələləri ilə bağlı, deyərdi ki, bunu doğru düşünmürsüz, fikriniz doğru deyil, belə olmamalıdır. Amma işimizi necə yerinə yetirməyimizlə bağlı heç vaxt irad tutmazdı. Mən düşünürəm ki, dünya tarixində jurnalistikanın cəmiyyətdə böyük rolunu anlayan 5 lider seçmək istəsələr onun biri məhz Heydər Əliyev idi.
Türkiyədə səfərlərin birində idik. Türkiyənin futbol komandası da axşam Braziliya ilə oynayacaqdı. Səhv etmirəmsə dünya çempionatı idi. Türkiyə nümayəndələri ilə görüşəndə dedi ki, inşallah bu axşam Türkiyə udacaq. Mən də kənarda dayanmışam, gördü gülümsəyirəm, zarafatla qayıtdı ki, nədi sən elə düşünmürsən? Mən də cavab verdim ki, cənab prezident, qarşıdakı millinin adı Braziliya olunca insan tam əmin ola bilmir. Axşam gəldi Braziliya Türkiyəni uddu. Səhəri gün yenə görüşdə idi, məni görəndə qayıtdı ki, sən niyə dünən elə dedin? Orda da zarafat etdi, sonra mənə dedi ki, unutma, həmişə biz qalib gələcəyik de. O inam sizin içinizdə olmalıdır, o güclü inam olmasa inkişaf edə bilməzsiniz.

Fenomenal yaddaşa sahib idi

Bütün nazirlər, məmurlar onun jurnalistikaya münasibətini bilirdi. Onlar bilirdilər ki, jurnalistlərin şikayət edəcəyi yer var. Məsələn, bizim işimizə problem yaradacaq birinə “cənab prezidentə deyəcəyik” deyə biləcəyimiz qədər şərait yaratmışdı bizə, o səmimiyyəti vermişdi. Çox böyük lider idi. Məni ən çox təəccübləndirən məsələlərdən birini də danışım. Rayonlardan birinə səfərə getmişdik, zalda çıxış edirdi, birdən əlini uzatdı bir qıza ki, sən qalx görüm ayağa. Qız qalxdı, dedi sən o qız deyilsən ki, 80-ci illərdə mən rayona gələndə səni oxumağa göndərdim? Cavab verdi ki, bəli, cənab prezident, mən o qızam. Düşünün, zalda nə qədər adam var və o xanım da ortada oturub. Onu oradan tanımaq nə qədər fenomenal bir yaddaş deməkdir, təsəvvür etmək belə çətindir. Belə bir diqqəti mən İraqda olanda gördüm. İraq müharibəsinin sonudu, Bağdad mühasirəyə alınıb, jurnalistlərin əksəriyyəti çıxıb, ruslar çıxanda onların bəzilərinə atəş də olmuşdu, hamı jurnalistləri ordan çıxarmağa çalışırdı. Mən də hadisələrin ortasında idim. ANS-dən Seyfulla Mustafayev zəng etdi mənə ki, təcili oranı tərk eləməlisən. Amma mənim üçün gedişat maraqlı idi, bir jurnalist üçün bu böyük fürsətdi. Bir də baxdım Seyfulla müəllim yenidən yığdı məni ki, cənab prezident maraqlanıb və deyib ki orada ağırdı vəziyyət o qızı oradan çıxarsınlar. Böyük çətinliklə ordan çıxdım, gəldim. Gələndə tədbirlərdən birində dedi ki qızım bilirəm peşəniz bunu tələb edir amma oralarda vəziyyət çox ağırdır ehtiyatlı ol. Yəni, Heydər Əliyev üçün bir jurnalistin, bir insanın həyatı çox dəyərli idi.

Həbibə ABDULLA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu