Avropa Gənclər Kartı Assosiasiyasının (EYCA) direktoru Bakıda rəsmi səfərdədir




Avropa Gənclər Kartı Assosiasiyasının (EYCA) direktoru Manel Sançez cari ilin 22-26 iyun tarixləri ərzində Bakıda rəsmi səfərdədir. Səfər çərçivəsində M.Sançez Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının qonağı olub.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində olan EYCA direktoru ilə nazirliyin rəsmiləri Elşən Hüseynov və Elnur Abdullayev görüşüb. Görüş zamanı Azərbaycan Tələbə Kartı barədə qonağa ətraflı məlumat verən rəsmilər kartın daha çox tələbəyə çatdırılması üçün işlərin sürətlə davam etdiyini vurğulayıb. Kartın qeydiyyatı, tələbələrin kart sahibi olması və endirimlərin keçərli olduğu məkanlar barədə danışan nazirliyin rəsmiləri hazırda 20 mindən çox tələbənin Azərbaycan Tələbə Kartı əldə etmək üçün qeydiyyatdan keçdirini bildiriblər. E.Hüseynov görüş zamanı qeyd edib ki, hazırda 15 minə yaxın tələbə artıq kart sahibidir və onlar kartın bütün imkanlarından rahat istifadə edir.
Avropa Gənclər Kartı Assosiasiyasının direktoru Manel Sançez assosiasiyanın son yubiley asambleyasında azərbaycanlı gənc Faiq Məmmədovun idarə heyətinin 9 nəfərlik üzvündən biri seçilməsini və bunun assosiasiya tarixində bir ilk olduğunu vurğulayıb. Həmçinin, o bildirib ki, 2017-ci ildən etibarən Azərbaycan Tələbə Kartının yeni dizaynda təqdim edilməsi və tam fərqli, daha rahat qeydiyyat sisteminin yaradılması təqdirlayiqdir.
Daha sonra M.Sançez Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında gənclərlə görüşüb. Görüş zamanı təşkilatın fəaliyyəti, görülən işlər, keçirilən böyük layihələr barədə məlumat verilib. Təqdimat zamanı ATGTİ-nin fəaliyyəti dövründə 600-dən çox irimiqyaslı yerli və beynəlxalq layihələr reallaşdırdığı qeyd olunub. Azərbaycan Tələbə Kartının qeydiyyat prosesi görüş zamanı xüsusi vurğulanıb.
Gənclərlə görüşdə çıxış edən EYCA direktor M.Sançez təşkilatın qərargahında olmağından məmnunluğunu bildirib və Azərbaycan Tələbə Kartının qeydiyyat prosesini və onların daha rahat kart sahibi olmalarını təqdirəlayiq hesab edib. Manel Sançez gənclərə Avropa Gənclər Kartının beynəlxalq təcrübəsindən danışıb. Qonaq Avropada bu kartın sahibinə çevrilmək üçün tələbələrin müxtəlif miqdarda ödənişlər etdiyini, lakin, Azərbaycanda tələbələrə tamamilə pulsuz verildiyini xüsusilə vurğulayıb.
Keçirilən rəsmi görüşlər zamanı qarşılıqlı əməkdaşlıqların davamlılığı və gələcəkdə daha gücləndirilməsi barədə danışıqlar aparılıb və qonağa milli hədiyyələr təqdim edilib.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu