Pul verib “ölüm” aldığımız gözəllik salonları...


Günümüzdə hər kəsi narahat edən problemlərdən biri də yoluxucu xəstəliklərdir. Son vaxtlar geniş yayılmış və artıq “qorxulu virus” adını alan Hepatit virusları isə bir çox hallarda kabusa çevrilir.

Yüksək yoluxma səviyyəsinə malik olan bu viruslar haqda artıq dünya alimləri də həyəcan təbili çalıblar. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən dünya əhalisinin 2 milyardı hepatit daşıyıcısıdır. Bütün infeksion xəstəliklər arasında hepatitlər yayılmasına görə 3-cü yer tutur. Bunlar arasında parenteral yolla yoluxan B(HBV), C(HCV) virus hepatitləri əhalinin sağlamlığına daha böyük təhlükədir. Heç bir əlaməti ilə özünü büruzə verməyən bu viruslar uzun illər boyu insan orqanizmində qalaraq, yalnız ən son mərhələdə - orqanizmin əsas həyat funksiyalarına malik orqanları, ən əsası isə qaraciyəri sıradan çıxardıqdan sonra aşkarlanır. Bu viruslara yoluxan insanlarda əksər hallarda qaraciyər sirrozu və qaraciyər xərçəngi yaranır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada HBV-dən 2 milyondan yuxarı insan ölür. Təşkilatın mütəxəssisləri hepatitlərə qarşı ən yaxşı mübarizə yolu kimi profilaktikanı məsləhət görürlər. Odur ki, mütəxəssislər insanları özlərini qorumağa səsləyirlər. Azərbaycanda hepatitlərə yoluxma riski yüksək olan yerlərdən biri isə gözəllik salonları hesab edilir. Belə salonların sayı gündən-günə artsa da, onların çox az faizi yüksək xidmət səviyyəsinə malik olur, gigiyena qaydalarına riayət edir. Paytaxtda fəaliyyət göstərən saysız-hesabsız gözəllik salonlarından bir neçəsinə girmək kifayətdir ki, burada əksər hallarda adi gigiyena qaydalarına əməl edilmədiyinin şahidi olasan.

Gözəllik salonlarında virus necə yayıla bilər?

Salonlarda aparılan manikür-pedikür, pirsinq, tatu, qulaq deşilməsi, botoks əməliyyatları zamanı bu virusların yayılma ehtimalı olduqca yüksəkdir. Salonların əksəriyyətində bütün bu proseslərdə istifadə edilən alətlərin heç bir sterilizədən keçirilmədiyi hələ də müşahidə olunan durumdur. Halbuki HBV və HCV 150 dərəcəyə qədər istiliyə dözümlü viruslar olduğu üçüb qanla təmas olan bütün prosedurlarda istifadə edilən alətlər avtoklav adlanan xüsusi cihaz vasitəsilə dezinfeksiya olunmalıdır.

Sabunçu rayonu Şəhər şossesi döngə 5-də yerləşən “Aybəniz” salonunda dezinfeksiya aparatının - avtoklavın olub-olmaması ilə maraqlandıq. Salonun sahibəsi Aybəniz xanım sualımızı gülüşlə qarşıladı: “Sənə qurban, mən burda milyon qazanmıram ki, yüz minlərlə manat verəm elə böyük aparat alam. Hər dəfə istifadə etməmişdən əvvəl avadanlıqları spirtlə silirəm, vəssalam”. Salon sahibəsinin diqqətinə çatdırdıq ki, spirt Hepatit viruslarını öldürmür, onun üçün xüsusi aparatlar var: “Məsələn, stomatoloqa getmisizsə görmüsüz yəqin, avadanlıqlar aparatdan çıxarılır, siz niyə ehtiyat tədbiri görmürsüz?” Cavabı bu oldu ki, nə vaxt salonunu böyüdüb, gündəlik qazancını 1000 manata çatdırar, onda hər cür şərait yaradar.

Maraqlıdır, bəs salona gələn müştərilər özləri necə, maraqlanırlarmı avadanlıqların təmizliyi ilə? Aybəniz xanım bu sualımızı da gülüşlə qarşıladı: “Maraqlanası adamlar böyük salonlara gedirlər, bizə gələnlər kasıb adamlardı”.

Bakının böyuk salonlarından birində çalışan, eyni zamanda öz evində də xidmət göstərən digər həmsöhbətimiz Gülər deyir ki, işlədiyi yerdə təcrübə keçənə qədər bu məsələlərdən bixəbər olub: “Sözün düzü, bir dəst manikür-pedikür avadanlığım vardı, gələn müştərilərə də istifadə edirdim, evdə özümə, qızıma da. Sonra böyük bir salonda işləməyə başladım, gördüm ki, əvvəla, aparatdan istifadə edilir, digər yandan da xüsusi məhlul var ki, avadanlıqlar daim onun içərisində saxlanılır. Tərkibini bilmirəm, amma deyirlər ki, bu məhlul manikür-pedikür avadanlığı üçün kifayət edir, lakin tatu, pirsinq, qulaqdeşmə əməliyyatlarında işlənən avadanlıqlar mütləq həmin aparata qoyulur. Ondan sonra mən öz evimdə onlardan istifadə etmirəm, bilirəm ki, bir problem yaransa bu mənim karyerama zərbədir. Manikür-pedikür üçün isə dediyim həmin məhluldan almışam, ondan istifadə edirəm”.

Gülər ustanın sözlərinə görə, onun yanına gələn müştərilər elə onun hesabına yeni qaydalardan xəbərdar olublar: “Mən bu yenilikləri tətbiq edəndən sonra çoxları məlumatlandı ki, belə şeylər var”.

Dünyanı bürüyən bu bəladan qorunmağın ən yaxşı yolu məlumatlanmaq və yoluxma ehtimalı olan hər yerdə istifadə edilən avadanlıqların diqqətlə araşdırılmasıdır. Növbəti yazılarımızda müvafiq dövlət qurumlarının bu sahəyə nəzarət mexanizmlərini də öyrənəcəyik.

Həmçinin abort otaqlarında, stomotoloji kabinetlərdə mövcud olan vəziyyət haqda yazılar yazacağıq.

Həbibə ABDULLA




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu