Nazir oğlunun KFC restoranında zəhərlənən uşaqlar reanimasiyadadır


KFC restoranında niyə azyaşlı uşaqlar zəhərlənir?

Xəbər verdiyimiz kimi, Bakıda KFC restoranlar şəbəkəsinə məxsus kafedə 3 azyaşlı uşaq zəhərlənib. Bu barədə mediaya uşaqların valideynləri məlumat veriblər. Onlar bildirirlər ki, sentyabrın 14-də günorta saatlarında uşaqları “28 May” metrosu yaxınlığında yerləşən KFC-də yemək yeyiblər. Axşam hər 3 uşağın vəziyyəti pisləşib. Sentyabrın 15-i səhər saatlarında uşaqlar təcili tibbi yardımla xəstəxanaya aparılıblar. Onların vəziyyəti ağırdır.



Qeyd edək ki, teleqraf.com saytı KFC şəbəkəsinin baş ofisi ilə əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, uşaqların KFC-dəki qidadan zəhərlənmələri ilə bağlı məlumatlıdırlar: “Zəhərlənmə xəbəri düzdür, amma bu barədə əlavə məlumat verə bilmərik. Yaxın vaxtda açıqlama yayacağıq”.

AFN.az olaraq KFC-dəki olayı araşdırarkən maraqlı faktların şahidi olduq. Məlum oldu ki, dünyada tanınan bu şəbəkəni Azərbaycana Ziya Məmmədovun oğlu Anar Məmmədovun “Qarant Holdinq”inə məxsus olan AFK şirkəti gətirib.



Şirkətin saytında bildirilir: “AFK şirkəti may ayının 18-i 2010-cu il tarixində Azərbaycanda biznesin inkişafı və dəstəyi məqsədi ilə ictimai qida sahəsində müxtəlif layihələrin həyata keçirilməsi üçün yaradılmışdır. Bizim ilk və böyük layihəmiz KFC restoran şəbəkəsidir.”

Araşdırmalarımız zamanı onu da öyrənə bildik ki, KFC-ni quş əti ilə “Qarant Holdinq”in tərkibində olan “Ucar aqro” MMC-nin tərkibində yaradılmış “Quş əti və emalı müəssisəsi” təmin edir.

Saytında göstərilən məlumata görə, hazırda KFC-nin Bakıda 7 kafesi fəaliyyət göstərir. Menyüsü müxtəlifdir. Əsas menyünü toyuq əti təşkil edir.

Nazir oğlunun  KFC restoranında zəhərlənən uşaqlar reanimasiyadadır

AFN.AZ olaraq KFC-nin rəhbərliyində təmsil olunan Əli adlı şəxslə əlaqə saxlayıb zəhərlənmə məsələsinə aydınlıq gətirməyə çalışdıq. Restoran direktoru sualımızı sualla qarşıladı: “Siz heç maraqlanmısız ki, uşaqlar harada zəhərlənib, hansı xəstəxanada müalicə alıblar?” Xəbəri yalanlamağa çalışan Əli bəy təəssüf ki, suallarımızı sonacan dinləmədi.



Uşaqların valideynləri isə bizimlə söhbətdə bildirdilər ki, KFC-də zəhərlənən uşaqlar hal-hazırda 1 saylı Şəhər Uşaq Xəstəxananın reanimasiya şöbəsində müalicə olunurlar. KFC-də zəhərlənən uşaqlar ciddi həkim nəzarətində saxlanılırlar. Həkimlərin səyi nəticəsində uşaqlar bu gün həyatdadırlar.
Valideynlər onu da qeyd etdilər ki, İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqların Müdafiəsi Dövlət Xidmətinə müraciət ediblər, lakin hələ ki, heç bir tədbir görülməyib.




Xəstəxanada uşaqların müalicəsi ilə məşğul olan Rəna həkimlə də danışdıq. Həkim bildirdi ki, uşaqlara lazımi tibbi yardım göstərilir və müalicə olunurlar.



Bütün bunlardan da göründüyü kimi, dünya brendi olan KFC Azərbaycanda iş prinsipi ancaq pul qazanmaqdır. KFC-də keyfiyyətsiz qida, müştəri məmnuniyyətinə etinasızlıq və məsuliyyətsizlik adi hala çevrilib.

Təqdim etdiyimiz 1-ci və 2-ci foto KFC-nin “ParkBulvar”dakı kafesinin açılışı mərasimində çəkilib. Göründüyü kimi, mərasim kifayət qədər təmtəraqla həyata keçirilib, cəlbedicilik üçün nə lazımsa edilib.





3-cü foto KFC-nin “28 May”dakı kafesinin açılışındandır. Hansı ki, yuxarıda qeyd edilən azyaşlılar həmin kafedə qidalanmadan zəhərləniblər. Açılış mərasimində KFC-nin layihə direktoru Zaur Məmmədov, AFK MMC-nin baş direktoru Yalçın Namazov iştirak edib. Bu mərasimdə də səs-küylü təqdimat olub, müştərilər üçün şirin vədlər verilib.



P.S. Yazı dərc olunmazdan əvvəl redaksiyamıza KFC-nin nazir oğlu Anar Məmmədovdan alınması ilə bağlı məlumat daxil oldu. Hazırda xəbərin dəqiqləşdirilməsinə çalışırıq. Lakin fakt odur ki, KFC-ni Azərbaycana gətirən AFK nazir oğlu Anar Məmmədovun “Garant Holdinq”inin saytında holdinqə daxil olan şirkət kimi göstərilir.

P.P.S. Mövzu ilə bağlı araşdırmalarımız davam edir.

FƏRİDƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu