Alı Alıyev prezidentin göstərişinə niyə əməl etmir?- ŞİKAYƏT VAR


Hazırda Horadiz səhərində yaşayan Füzuli rayon Saracıq kənd sakini, məcburi köçkün Həsimov Elnur Aydın oğlu prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Cənab Prezident! Sizə bildirmək istəyirəm ki, mən Həşimov Elnur Aydın oğlu Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Horadizin mənfur düşmənlərdən azad oldunmasından sonra ailəmizlə birlikdə 1996-cı ildən həmin şəhərdə məcburi köçkün kimi məskunlaşmışıq. Bu günə qədər təsərrüfatla məşğul oluruq, dövlətimizə, Vətənimizə layiqli vətəndaş kimi yaşamışıq.

Mən uşaqlığımı, gəncliyimi heyvandarlığa həsr etmişəm. Erkən yaşlarımda heyvanlarmı otararkən düşmən gülləsi sağ ayağıma dəyib. Bu gün də canımda düşmən gülləsi gəzdirirəm. Kiçik yaşlarımdan bu qədər əziyyətlər çəkməyim, zəhmətim bu gün Füzuli rayon icra başcısı Alı Alıyev tərəfindən qiymətləndirilmir. Alı Alıyev təkcə mənə aid deyil, eləcə də digər vətəndaşlara məxsus heyvanların otlaq sahəsini əlimizdən alıb satmaqla məşğuldur.

Cənab prezident! Alı Alyev mənə deyir ki, bu torpaqlar mənimdir, özüm bilərəm nə edirəm. Füzuli rayonunda minlərlə torpaq sahəsini zəbt etməsinə baxmayaraq, Alı Alıyevin gözü yenə də doymaq bilmir. Onun vəzifəsindən sui-istifadə etməsi mənim öz doğma rayonumuzda yaşamağıma imkan vermir. Sizdən xahiş edirəm ki, heyvandarlığımı inkişaf etdirməyimizə, Alı Alıyevin səbəbsiz olaraq mənə və digər yerli camaata maneələr yaratmaq cəhdlərinin qarşısının alınmağına köməklik göstərəsiniz. Biz Sizə inanırıq, Sizin əmriniz altında torpaqlarmızı mənfur düşmənlərdən azad etməyə daim hazırıq. Allah Sizi xalqımızın başı üzərindən əskik etməsin!” (Tia.az)

AFN.az xatırladır ki, ölkə başçısı iyul ayında Nazirlər Kabinetinin iclasında bu məsələyə toxunub. İlham Əliyevin mövzu ilə bağlı nitqini təqdim edirik: "Bəzi hallarda torpaqlar zəbt edilib. Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir. Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur.
...Bu gün kənd təsərrüfatının inkişafı ilə bağlı məruzələr səsləndi. Həm kənd təsərrüfatı naziri, həm "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri çıxış etdilər. Çünki bu məsələlər bir-biri ilə sıx bağlıdır. Kənd təsərrüfatında çox böyük inkişaf gözlənilir. Birincisi, indi həm islahatlar aparılır, tədbirlər görülür, həm də çox ciddi elmi yanaşma var. Əminəm ki, biz yaxın zamanlarda daha da böyük nəticələr görəcəyik. Qeyd etdiyim kimi, bu il artıq 3,1 faiz artım var. Amma daha da böyük artım gözlənilir. Əlbəttə ki, biz torpaqlardan daha da səmərəli şəkildə istifadə etməliyik. Burada təkliflər səsləndi. Mən bu təklifləri, xüsusilə heyvandarlıqla bağlı olan təklifləri dəstəkləyirəm. İndi heyvandarlıq qapalı yerlərdə inkişaf edir. Ona görə o qədər də böyük örüş torpaqlarına ehtiyac yoxdur. Bu torpaqlardan səmərəli şəkildə istifadə olunmalıdır ki, ərzaq təhlükəsizliyi tam təmin edilsin və çox böyük ixrac potensialı da yaradılsın.
...Xüsusilə nəzərə alsaq ki, neftdən gələn gəlirlərin həcmi azalıb, biz bu gəlirləri müəyyən mənada kənd təsərrüfatı məhsullarının ixracı ilə kompensasiya etməliyik. Ona görə, torpaqlardan səmərəli şəkildə istifadə əsas vəzifədir. Bəzi hallarda torpaqlar zəbt edilib. Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir. Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur. Bu, yolverilməzdir".

İlham Əliyev vurğulayıb ki, torpaqlardan səmərəli şəkildə istifadə edilməlidir: "Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud da ki digər şəxslərdən alınmalıdır və o insanlara verilməlidir ki, onlar əkib-becərsinlər. Ona görə, Prezident Administrasiyasına göstəriş verildi ki, əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır. Yerli icra orqanları da bu məsələ ilə məşğuldurlar".

Göründüyü kimi, prezident hər şeyi bilir və məsələni olduqca konkret qoyub. Lakin vətəndaşın yazdıqlarından belə çıxır ki, Alı Alıyev ölkə başçısının tapşırıqlarını nəzərə almır, öz bildiyini etməkdə davam edir.

İstirahət günü olduğu üçün Füzili İH-dən mövqe almaq mümkün olmadı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa çalışacağıq.

FƏRİD



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu