Qubanın Qonaqkənd qəsəbəsi sakinlərindən "SOS!"- aidiyyatı qurumlar tələsmir


Qubanın ən qədim kəndlərindən biri hesab olunan Qonaqkənd Vəlvələ çayının içində - vadisində yerləşir. Bu səbəbdən yaşayış məntəqəsinin arxasındakı dağlardan axıb gələn sel suları da qəsəbə üçün həmişə təhlükə yaradır.

Kənd sakinləri AFN.az-a bildiriblər ki, son günlər bu təhlükə daha da artıb. Vəziyyət o qədər kritikləşib ki, hətta bu yaxınlarda Bakı-Quba-Rusiya yolunun Vəlvələ kəndinin yaxınlığından keçən Vəlvələ çayının üzərindəki Vəlvələ körpüsünün beton dirəklərini belə sel yuyub. Qonaqkənd sakini Niyatulla Məhərrəm oğlu Orucovun redakisyaya verdiyi məlumata görə, son günlər yağan güclü yağışlar və əriyən qarın nəticəsində çayın səviyyəsi xeyli qalxıb evlərin hasarlarına çatıb, hətta həyatyanı səhələrə dolub: "Ən acınacaqlısı isə selin qəsəbədə yaşayan 1500-dən çox insanın təsərrüfatına vurduğu ziyan yox, birbaşa onların həyatına təhlükə yaratmasıdır. Kənd sakinləri dəfələrlə məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına müraciət etsələr də, ciddi heç bir tədbir görülmür. Halbuki real vəziyyət ərazinin relyefinin mürəkkəb olmasına baxmayaraq, təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir".

Niyatulla Orucov bildirir ki,sürüşmə nəticəsində keçmiş Atuş kəndi ərazində Vəlvələ çayının qabağı “boğulub” və çayın məcrası genişlənib, suyun səviyyəsi qalxıb. Onun sözlərinə görə, son zamanlar qəsəbə sakinlərinin çoxu selin qəsəbəni basması təhlükəsindən səksəkə içindədir: “Hər an faicə baş verə bilər, camaat su içində qala bilər. Sentyabr ayının 2-si, 24-ü,17-si, oktyabr ayının isə 13-ü, 15-i ,17-si çayın səviyyəsi artıq evlərə çatmışdı. Elə ilk təhlükə zamanı- sentyabr ayında mən Fövqəladə Hallar Nazirliyinə sel təhlükəsi ilə bağlı teleqaram vurdum. Onlar da teleqaramı nazirliyin nəzdində olan Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə yönəldib və bir müddətdən sonra mənə qəliz və qeyri-konkret bi cavab məktubu gəldi, hansı ki, bu cavabdan normal heç nə başa düşmək olmur. Cavabdan ümumən belə başa düşmək olur ki, onlar nəsə tədbir görməyə tələsmirlər, daha doğrusu, bunu istəmirlər. Elə bil biz A-dan danışırıq onlar bizə B-dən nağıl danışırlar. Halbuki təhlükə vəziyyətində yaşayırıq və dedyimi kimi hər an faciə baş verə bilər. Bu cür laqeyd cavaba görə biz təzədən Fövqəladə Hallar Nazirliyinə məktub yazdıq. Ancaq reallıq odur ki, qəsəbə sakinlərinin bu halı görünür onların veclərinə deyil. Yerli bələdiyyəyə də, Quba icra hakimiyyətinə də vəziyyətlə bağlı dəfələrlə məlumat verilib. Ancaq yerli orqanlar hər dəfə deyirlər ki, məsələdən məlumatlıyıq. Gəlib baxıblar da, amma deyirlər onların yetərincə texnikası yoxdur və bu məsələ dövlət səviyyəsində həll olunmalıdır. Bizim isə istəyimiz odur ki, ya çayın qabağına qoruyucu bənd çəksinlər ki, biz evimizdə rahat yaşaya bilək, ya da bizi buradan köçürsünlər. Çünki bu vəziyyətdə, özü də payız-qış aylarında hər gün, hər saat həyacan içində yaşayırıq. Əgər bizim imkanımız olsa, biz özümüz nəsə bir tədbir görərdik, amma bizim belə imkanımız yoxdur. Allahın ümidinə qalmışıq.
Ümid edirik bu yazıdan sonra müvafiq qurumlar ən azından problemə laqeyd yanaşmayacaq, vəziyyət araşdırılacaq və müvafiq tədbirlər görüləcək. Yoxsa əks halda..."

FƏRİD
















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu