Yay vaxtına keçid bərpa oluna bilərmi?


Nazirlər Kabinetinin 17.03.2016-cı il tarixli 131 saylı Qərarına əsasən, carı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olunub.

Yay vaxtına keçidin ləğvi heç də hamı tərəfindən müsbət qarşılanmır.

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov AzVision.az-a bildirib ki, yenidən yay vaxtına keçid mümkünsüzdür. “Yay vaxtına keçidin astrononik cəhətdən mənası və əhəmiyyəti yoxdur. Sadəcə olaraq enerjiyə qənaet olunması və işdən sonra insanların boş vaxtlarının qalması üçün bu edilirdi. Amma bu ildən yay vaxtına keçilmədi. Həmçinin bizim iqlim qurşağı üçün yay və qış vaxtlarına keçid xeyir gətirmir. Əksinə insanlarda müəyyən stress yaradır, aviareyslərdə, dəmiryollarında hərəkətlərdə müəyyən problemlər yaradır”.

X.Mikayılov yayda insanların istirahətinə daha çox vaxt qalması üçün təkliflər irəli sürüb. “Yay vaxtına keçid məhz qaranlığın daha gec düşməsi baxımından insanlar üçün əhəmiyyətli idi. Bu rejimlə də müəyyən şeylər etmək olar. Məsələn, yay aylarında iş saatlarını bir saat qabağa çəkmək olar. Əgər iş saat 9:00-da başlayırsa, yayda 8:00-da başlamaq olar. Lakin təklif səsləndirilsə də bununla bağlı müəyyən razılığa gəlinmədi. Dünyanın əksər ölkələrində bu rejimə riayyət edirlər”.

Qeyd edək ki, ölkəmizdə yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif etmişdi.

Onu da qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu