"Hələ də zorakılıq faktlarına rast gəlinir"- komitə sədri


"Erkən nikahlar, qadınlara qarşı zorakılıq, məişət zorakılığı və digər problemlərin həlli üçün hələ çox işlər görülməlidir".

Bunu Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, Azərbaycanda görülən işlərə baxmayaraq, hələ də qadınlara qarşı zorakılıq faktlarına rast gəlinir".

“Bütün dünyada, eləcə də Azərbaycanda qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilən uğurlarla yanaşı, bir sıra problemlər hələ də aktuallığını saxlayır. Xüsusilə hərbi münaqişələrdə zorakılığa məruz qalanlar əsasən qadın və uşaqlardır. Yaşanılan stress, fiziki və psixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyat boyu davam edi. Məhz buna görə də zorakılığa məruz qalan qadınlara psixoloji, tibbi, hüquqi yardımın göstərilməsi və onların reabilitasiya olunaraq yenidən ailəyə, cəmiyyətə reinteqrasiya olmaları vacibdir".

H.Hüseynova deyib ki, dövlətin əsas prioriteti qadınların öz hüququnu bilməsi, onların fəallığının artırılmasıdır: "Lakin bəzi hallarda qadınların məlumatsızlığı bir çox çətinliklər yaradır. Bundan başqa, az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır. Belə qadınlar fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi çətinliklərlə üzləşirlər".

O, həmçinin əlavə edib ki, hazırda bütün yerli icra hakimiyyətlərində gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb: "Ölkədə qadın hüquqlarının müdafiəsi, milli qadın hərakatının formalaşması və genişlənərək institutlaşması üçün mühüm işlər görülüb. Azərbaycanda bu sahədə güclü hüquqi qanunvericilik bazası yaradılıb. Mövcud qanunların prioritet istiqamətlərindən biri də məişət zorakılığının qarşısının alınmasıdır. Qadınlarımız bilir ki, onların arxasında güclü dövlət müdafiəsi dayanır. Lakin təkcə qanunların qəbul olması əsas deyil, onların həyata keçirilməsi də vacibdir. Məhkəmə qərarlarında bu sahədə qəbul olunan qanunlara və qoşulduğumuz konvensiyalara istinad edilməlidir. Hakimlər ölkə qanunları ilə yanaşı, dövlətin qoşulduğu beynəlxalq sənədlər haqqında da ətraflı məlumata malik olmalı, məhkəmə qərarları çıxaran zaman həmin hüquqi aktlardan istifadə edilməlidir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu