Dollar kreditləri təkzibi- hökumət vətəndaşları sevindirmədi


Dollar kreditləri ilə bağlı problemin başlanmasından iki ilə yaxın vaxt keçir. Bu müddətdə hökumət problemin həlli istiqamətində əməli addım atmayıb. Hətta dövlət rəsmiləri dəfələrlə bankları dəstəkləyəcək açıqlamalarla çıxış ediblər. Reallıq isə odur ki, kreditlərin əhaliyə dollarla verilməsi qanunsuz olduğu halda, banklar bunu etməklə əhalini çətin duruma salıblar. İndi isə hökumət və banklar, o cümlədən səlahiyyətli şəxslər problemi həll etməkdə maraqlı görünmürlər.

İki gün əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının bu problemi həll etmək istəyi ilə bağlı xəbər yayılsa da, dərhal təkzib edildi. “İstiqlal.az” bildirirdi ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə bank sektorunun problemli aktivlərini “bir dam altında” birləşdirməyi planlaşdırır. Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib ki, hökumət artıq müəyyən müddətdir problemli aktivlərin idarə edilməsinin institusionallaşdırılmasını müzakirə edir: “Müvafiq hesabat artıq Prezident Administrasiyasına təqdim edilib. Maliyyə Sabitliyi Şurası artıq bunun üzərində çalışır və böyük ehtimalla yaxın günlərdə qərar qəbul olunacaq”.

Palata bu xəbərdən sonra bir cümləlik təkzib yayaraq borclulara bəd xəbər açıqlayıb: “Diqqətinizə çatdırırıq ki, dollar kreditlərinin köhnə məzənnə ilə ödənilməsi məsələsi hazırda gündəmdə deyil və xəbər həqiqəti əks etdirmir”.

İqtisadçı alim Fikrət Yusifov musavat.com-a açıqlamasında bildirib ki, vaxtı keçmiş və bu səbəbdən problemli kreditlər kimi dəyərləndirilən borcların məbləği getdikcə artır: “Mərkəzi Bankın internet səhifəsində yayımlanan statistik məlumatlara görə, bu sahədəki vəziyyət bir o qədər ürəkaçan deyil. Cari ilin yanvar ayında banklar tərəfindən verilmiş ümumi kreditlərin həcmi 21199,5 milyon manat olub. Səkkiz ay ərzində bu məbləğ 4,4 milyard manat və ya 20,8 faiz azalaraq, 16839,7 milyon manata təşkil edib. Lakin buna baxmayaraq, həmin dövrdə gecikmiş kreditlərin həcmi 278,3 milyon manat və ya 21,2 faiz artmışdı”.

Ekspertin sözlərinə görə, gecikmiş və sonradan problemli kredit statusu alan bu borcların böyük bir hissəsini vaxtilə vətəndaşlara yüksək faizlərlə xarici valyutada verilmiş kreditlər təşkil edir: “Manatın son devalvasiyasından ötən müddət ərzində Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklara problemli kreditlərlə bağlı ünvanlanan tövsiyələr demək olar ki, səmərə vermədi. Müşahidələr onu göstərir ki, bəzi banklar bu tövsiyələri nəinki qəbul etməyiblər, əksinə, bunun əvəzində krediti ödəyə bilməyən müştərilərə müxtəlif formalarda təzyiq göstərmək yolunu seçiblər. Bu yolun nə qədər səmərəli ola biləcəyini anlamaq çətindir. Hesab edirik ki, nə qədər gec deyil, banklar məsələyə baxışlarında ciddi dönüş etməlidirlər. Onların bütün səyləri problemin kökündə dayanan ən mühüm məsələnin- əsas borcun qaytarılmasını təmin etməyə yönəldilməlidir. Bu gün borcun əsas hissəsini qaytarmaqda çətinliklə üz-üzə qalmış müştəridən yüksək faiz, gecikən hər gün üçün cərimə tələb etməklə banklar eyni zamanda öz durumlarını ağırlaşdırmış olurlar”.

F.Yusifovun sözlərinə görə, bu yolla ən yaxşı halda problemin 10-15 faizini həll etmək mümkün olar: “Bəs hansı addımları atmaq daha real ola bilər? İlk növbədə belə kreditlər üzrə hesablanmış faizlər və cərimələr silinməlidir. Burada müştərinin razılığı ilə onun real imkanlarına uyğun simvolik bir faiz dərəcəsi müəyyən edilə bilər. Əsas məsələ isə kreditin ödəniş vaxtının maksimum uzadılmasıdır ki, müştəri onu hissə-hissə qaytara bilsin. Əks halda, vaxtı keçmiş kreditlərin həcmi daha da arta bilər ki, bu, banklar üçün arzuolunan deyil”.

O qeyd edib ki, müştərilərə yüksək faizlə xarici valyutada verilən kreditlərin bankları hara gətirib çıxardığı göz qabağındadır: “Son bir ildə 11 bank bağlanıb. Yerdə qalan bir çox bankların da durumu heç də yaxşı deyil. Borcun qaytarıla bilməməsi səbəbindən pis kreditlərin həcminin artması bankın vəziyyətinin getdikcə ağırlaşması deməkdir. Bağlanan bankların demək olar ki, hamısı apardıqları yanlış kredit siyasətinin qurbanına çevrildilər. Xarici banklardan 3-4 faizlə götürdükləri kreditləri öz müştərilərinə 20-28 və bəzən bundan da artıq faizlə verərkən banklar bu siyasətin bir gün onları hara gətirib çıxaracağının fərqində olmalı idilər. Əslində bu daha çox qazanmaq hərisliyinin yaratdığı bir mənzərədir. Bu mənzərə bu gün də ölü kreditlərə münasibətdə dəyişə bilmir. Bir çox banklar bütün riskləri göz önünə alıb, yaranmış vəziyyətdə belə maksimum qazanmaq həvəslərini boğa bilmirlər”.

F.Yusifov deyib ki, indi artıq Maliyyə Sabitliyi Şurası, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən görülən tədbirlər nəticəsində kreditlərin verilməsi sahəsində müəyyən dönüş yaranıb: “Kredit bürolarının fəaliyyətə başlamasından sonra bu məsələdə ciddi qayda yaradılacağı şübhəsizdir. Yəni artıq banklar kredit verməzdən öncə müştəri haqqında müfəssəl məlumat əldə edə biləcəklər. Bir məsələni unutmaq lazım deyil ki, bank sektoruna vətəndaşlarımızın inamının bərpa olunmasında problemli kreditlərlə bağlı atılan hər bir addım əhəmiyyətlidir. Əgər bu gün bank özündən asılı olmayan səbəbdən krediti vaxtında ödəyə bilməyən müştərisinə tərəf getmək əvəzinə, onu özündən uzaqlaşdırırsa, bu, bütövlükdə bank sisteminə olan inamın azalmasına səbəb ola bilər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu