Qənirə Paşayeva: "O təşkilatlar cavab verməlidir ki..."


Deputat: "O təşkilatlar cavab verməlidirlər ki, dövlətin ayırdığı vəsait niyə səmərəli istifadə edilmir?”

"Mənim seçildiyim rayonun ən böyük ikinci kəndində prezident sərəncamı ilə böyük bir məktəb tikilib. Ancaq dekabrın 1-dir, bu məktəbuin hələ də istilik sistemi yoxdur”.

Bu sözləri millət vəkili Qənirə Paşayeva Milli Məclisdəki büdcə müzakirələrində söyləyib.

Xanım deputatın sözlərinə görə, məktəbə istilik sistemi çəkilib, ancaq kənddə qaz olsa da, məktəb mavi yanacaqla təchiz olunmayıb: "Deyirlər ki, qaz xəttini çəkmək üçün vəsait yoxdur. Bəs, bu məktəb, ordakı müəllimlər problemi necə həll edə bilərlər? İstilik sistemi olmasa, böyük vəsaitlərlə tikilmiş o məktəb bir ildən sonra hansı vəziyyətə düşəcək?”

Daha sonra Q.Paşayeva səhiyyə sahəsi ilə bağlı təkliflərini səsləndirib: "Milli Oftolmologiya Mərkəzinə bir xəstə göndərdim ki, yoxlanıb əməliyyat olunsun. Amma xəstə mənə dedi ki, əməliyyatı Azərbaycanda etmək mümkün deyil və məni İrana göndərin. Mən də Milli Oftolmologiya Mərkəzinə zəng edib dəqiqləşdirdim və mənə dedilər ki, Azərbaycanda gözün buynuz qişasının əməliyyatı, transplantasiyasına görə lazım olan buynuz qişa toxumalarının ölkəyə gətirilməsi və bu əməliyyatın keçirilməsi qadağandır”.

Deputat bildirib ki, gözün buynuz qişasının toxuma əməliyyatlarının Azərbaycanda keçirilməsinin qadağan olunması və bu toxumaların xaricdən ölkəyə gətirilməsinin qadağan edilməsi səhiyyənin adına ləkədir: "Buynuz qişa toxumalarının xarici ölkəyə gətirilməsinə və bu növ göz əməliyyatın keçirilməsinin qadağan olunması ilk növbədə səhiyyəmizin adına müsbət hal deyil. Bu gün yüzlərlə insan gözün buynuz qişasının əməliyyatına görə növbələrdədir. Amma bu cür qadağalara görə az qalsın ki, minlərlə insan göz nurundan məhrum qalsın. Xahiş edirəm ki, bu cür qadağalar aradan qaldırılsın”.

Deputat Bəxtiyar Əliyev isə bədxərclik edən qurumları günahlandırdı: "Maliyyə Nazirliyi vəsaitləri toplayır, amma digər qurumlar onu xərcləyir. O təşkilatlar cavab verməlidirlər ki, dövlətin ayırdığı vəsait niyə səmərəli istifadə edilmir?”

B.Əliyev daha sonra elm və təhsilə ayrılan vəsaitin azlığına diqqət çəkib: "Təhsilə və elmə nə qədər çox vəsait ayrılarsa və tələbkarlıq qoyualrsa ki, bizə buna uyğun məhsul verin, bu, ölkəmizin neftdən asılılığına son qoya bilər”.

Deputat Jalə Əliyeva mədəniyyətin inkişafı və təbliği üçün büdcə vəsaitlərinin artırılmasını zəruri sayıb.

Deputat Məlahət İbrahimqızı qlobal maliyyə böhranının olduğu bir dövrdə hazırlanan büdcə zərfini "mükəmməl” adlandırıb. Eyni zamanda bəzi təkliflərini irəli sürüb. Bildirib ki, bir sıra rayonlarda, o cümlədən Şəmkirdə on milyonlarla dollarlıq vəsait hesabına qazılan artezian quyuları elektrik enerjisi il təchiz olunmadığı üçün ciddi problemlər yaranıb. //musavat.com



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu