Hepatitə yoluxan zaman hamiləliyi yarımçıq saxlamaq mütləq deyil


“Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin “Hepatitlərdən qorunaq!” adlı ictimai maarifləndirmə layihəsi çərçivəsində görüş-sessiyalar davam edir. Əsasən qadın məsləhətxanalarında, doğum evlərində və ginekoloji kabinetlərdə reallaşdırılan tədbirlərdən daha biri 2 saylı Qadın Məsləhətxanasında baş tutub.

“Hepatitlərdən qorunaq!” layihəsinin rəhbəri Fəxriyyə Abdullayeva bildirib ki, adıçəkilən layihəni Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyələşdirir. Məqsəd hamilələri, doğuşa və aborta gələn qadınları hepatit virusları barədə məlumatlandırmaqdan ibarətdir: "Hamilə qadınlar bu viruslara çox asanlıqla yoluxa bilirlər. Bu isə həm onların özlərinin, həm də dünyaya gətirəcəkləri uşağın sağlamlığı üçün çox böyük təhlükə yaradır. Elə bu səbəbdən də biz belə görüşləri keçirməklə siz xanımları bu qorxulu virusdan qorunmağın yolları ilə tanış etməyə çalışırıq".

Hepatitə yoluxan zaman hamiləliyi yarımçıq saxlamaq mütləq deyil


Layihə rəhbəri belə bir sosial əhəmiyyətli layihəni həyata keçirməkdə onlara dəstək verdiyi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkür edərək deyib ki, bu tədbirlərin hamilə və hamiləliyi planlaşdıran xanımlar üçün müəyyən qədər əhəmiyyətli olacağına inanır.

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun əməkdaşı, həkim-ginekoloq Gülnarə Rzayeva hepatitlərin müxtəlif növləri olduğunu deyib: "Hepatit A və E kəskin hepatit adlanır. Bunlara el arasında "sarılıq" da deyilir. Sadəcə, pəhriz saxlamaqla keçib gedə bilir. Amma etinasız yanaşıldığı halda orqanizmdə çox ciddi fəsadlar yaradır, hətta qaraciyərin funksional pozğunluğuna gətirib çıxarır".

Ginekoloq diqqətə çatdırıb ki, Hepatit B və C isə birbaşa qaraciyərin xəstəliyidir. Bu virusların vaxtında aşkarlanması və müalicə edilməsi mütləqdir: "Normal

insanlara nisbətən hamilə qadınlarda bu viruslar daha təhlükəlidir. Çünki hamiləlik zamanı uşaq ana bətnində inkişaf edib böyüdükcə, onsuz da qadınların daxili orqanları sıxılır, müəyyən narahatlıqlar yaradır. Bu viruslara yoluxduqda isə bu narahatlıqlar daha da artır. Üstəlik, hər ikisinin - həm ananın, həm də uşağın sağlamlığı ciddi təhlükə altına düşür. Ona görə də ilk mərhələdə xanımlar hamiləliyi planlaşdırarkən, daha sonra hamiləliyin 12-ci həftəsinə qədər mütləq yoxlanmalıdır. Həmçinin hamiləliyin 24-26-cı həftəsində təkrar analizləri verməlidir. Əgər qadında hamilə olduğu zaman bu viruslardan biri aşkarlanıbsa, onun daşıyıcı və ya xəstə olduğu müəyyənləşdirilməli, müvafiq tədbirlər görülməlidir".

Gülnarə Rzayeva viruslar aşkarlandığı halda hamiləliyi yarımçıq saxlamağın heç də vacib olmadığını da diqqətə çatdırıb: "Əgər qadın daşıyıcıdırsa, o özünü qorumaqla, bir neçə dəfə hamilə qalıb, sağlam uşaq dünyaya gətirə bilər. Bundan əlavə, uşaq doğulandan 12 saat müddətində Hepatit B-yə görə peyvənd olunur. Bu isə qadına rahatlıqla uşağına süd verə bilməsi üçün imkan yaradır. Bir məsələni də diqqətinizə çatdırım ki, Hepatit C-dən fərqli olaraq, Hepatit B cinsi yolla da yoluxa bilir. Amma onun peyvədi var. Hepatit C isə yalnız qanla yoluxur ki, buna da müxtəlif əməliyyatlar zamanı, doğuş və abort proseslərində, manikür, pedikür salonlarında və c. yoluxa bilir. Hepatit C-nin peyvəndi yoxdur".

Həkim-ginekoloq hər zaman diqqətli olmaqla, insanın öz sağlamlığını qoruya biləcəyini də deyib.

Tədbirdə daha sonra "Hepatitlərdən qorunaq!" layihəsi çərçivəsində hazırlanmış, hepatit virusları haqqında qısa məlumatların yer aldığı bukletlər iştirakçılara paylanıb.





Qeyd edək ki, maarifləndirmə sessiyalarının davam etdirilməsi nəzərdə tutulur.

Həbibə Abdulla



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu