“Abu Arena” kommunal haqları qaldırdı- SAKİNLƏRƏ ŞOK


“Abu-Arena” yaşayış kompleksinin rəhbərliyi deyəsən Tarif Şurasının son qərarından öz xeyrinə yararlanmaq niyyətindədir.

Kompleksdə yaşayan sakinlərin AFN-ə verdiyi məlumata görə, onlara bu gün “Abu Arena”nın 050 209 29 99 xidməti nömrəsindən mesaj göndərilib. Mesajda yazılır: “Hörmətli sakin! Tarif Şurasının 28 noyabr tarixli qərarı ilə qaz və işıq tarifləri qeyri-əhali üçün 01 dekabr tarixindən artmışdır. Bunun nəticəsində də 01 dekabr tarixindən kommunal haqqı hər kvadratmetr üçün 20 qəpik təyin olunmuşdur. Xahiş edirik, noyabr ayı üçün köhnə tariflə, dekabr ayı üçün yeni tariflə ödənişdə bunu nəzərə alasınız. Və kommunal haqqını gecikdirmədən ödəyəsiniz. ABU”

Qeyd edək ki, sakinlərdən bəziləri həmin nömrəyə geri sms yazaraq qazın kommunal xərclərə aidiyyatının olmadığını əsas gətiriblər və qərara etiraz ediblər. Üstəlik, sakinlər bildirirlər ki, bu il ərzində artıq bir dəfə kompleks rəhbərliyi tərəfindən kommunal haqq qaldırılıb: “Biz burdan ev alanda kommunal haqq hər kvadratmetrə görə 65 qəpik idi, bu ilin əvvəlində 20 qəpik qaldırdılar, oldu 85 qəpik, indi də deyirlər daha 20 qəpik də artırıb 1 manat 5 qəpik edirik. Bu məbləğə bizə mühafizə, blokların təmizlənməsi, zibilin götürülməsi xidməti göstərilir. İndi də deyirlər ki, istilik sisteminə görə qaldırırıq qiyməti. Özü də bizə hədə-qorxu gəlirlər ki, harasa şikayət etsəniz istilik sistemləri dayandırılacaq, mənzillərə istilik verilməyəcək. Halbuki biz qışda istilik üçün ayrıca ödəniş edirik”.

“Abu Arena” ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirmək istəsək də, kompleksin nə yuxarıda qeyd edilən nömrəsi, nə də internet resurslardakı digər nömrələr daxil olan zənglərə cavab vermədilər. Hər bir halda qarşı tərəfin mövqeyini verməyə hazırıq.

FƏRİD



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu