Tovuz rayonunda skalioz və kifozla mübarizəyə dair tədbirlər keçirilib


Tovuz rayonunda və Qovlar şəhərində "Sağlamlığın Qorunması" İB-nin, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin təşəbbüsü və təşkilatçılığı ilə uşaqlar arasında artan skalioz və kifozla mübarizəyə dair tədbirlər keçirilib.

Tovuz şəhərində məktəb müəllimlərinin, rayon və kəndlərdən olan ziyalıların, həkimlərin və tibb işçilərinin iştirakı ilə keçirilən toplantılarda çıxış edən millət vəkili Q.Paşayeva bildirib ki, uşaqlar arasında skalioz və kifozların surətlə artması hamını ciddi narahat edir və zamanında bu hal aşkarlanıb tədbirlər görülməzsə, bundan əziyyət çəkən hər bir uşağın gələcəyi çox ağır xəstəliklərlə keçəcək. Bu, millətimizin sağlam gələcəyi üçün çox vacib məsələdir deyən millət vəkiili Q.Paşayeva bütün həkimləri, müəllimləri, ailələri, ziyalıları bu məsələyə böyük diqqət ayırmağa çağırıb. O, bildirib ki ölkəmizdə bu sahədə yaxşı mütəxəsislərlə geniş müzakirələr aparıb, onlardan rayonda müəllimlər, həkimlər, ziyalılar, ailələrlə bu cür geniş görüşlərin keçirilməsi, təlim və tövsiyyələrin çatdırılmasını xahiş edib və bu gün böyük bir heyət bunun üçün rayona gəlib. Vertebra mərkəzinə, onun rəhbəri İradə Hacıyevaya təklifi dəstəkləyərək Tovuza gəldiyi üçün təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva bildirib ki, rayon müəllimləri, həkimləri, ziyalıları ilə geniş müzakirələrdən sonra yaxın günlərdə İradə xanımın rəhbərlik etdiyi heyət yenidən Tovuza gələcək və skalioz və kifozdan, onurğa problemlərindən əziyyət çəkən uşaqları pulsuz müayinə edəcək və onlara müalicələr yazılacaq və ailələrə bundan sonra həmin uşağın həyatı tərzi necə olmalıdır məsləhətləri veriləcək.

Millət vəkili məktəb yaşlı uşaqlar arasında artan skaliozlardan,onurğa əyilmələrindən də danışıb və ibtidai sinif müəllimlərini bu məsələyə xüsusi diqqət göstərməyə çağırıb: “Biz ibtidai sinifdə oxuduğumuz illərdə müəllimlərimiz bizə yazı yazmağı öyrətməklə bərabər partada doğru oturmağı, yazı yazarkən necə oturmaq lazımdır onu da öyrədərdi və hər dərsdə hər birimizə bəlkə bir neçə dəfə xəbərdarlıq edərdi. Bundan başqa hər sabah səhər tezdən dərslər başlamaqdan əvvəl idman meydançasında ümumi idman hərəkətləri edərdik və ondan sonra dərslərə gedərdik və bunun nəticəsində oğlanlarımız da, qızlarımız da fiziki sağlam olurdular. Məktəb rəhbərliyimizi, müəllimlərimizi bu məsələlərə xüsusi diqqət göstərməyə çağırıram. Nə qədər məktublar alıram ailələrdən, nə qədər insanlar qəbula gəlir. Uşaqlarının skaliozunun müalicəsinə və ya əməliyyatına dəstək istəyirlər. Uşaqlarımız arasında bu kimi halların daha da artmaması üçün məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür və mən inanıram ki, ibtidai sinif müəllimlərimiz və ümumiyyətlə bütün müəllimlərimiz bu məsələyə bundan sonra daha da böyük diqqət göstərəcək. Uşaqlarımızın fiziki və mənəvi sağlam böyüməsi üçün hamımız əlimizdən gələni etməliyik.” Bundan sonra Vertebra mərkəzinin rəhbəri İradə Hacıyeva geniş çıxış edərək skalioz, kifoz və digər onurğa əyilmələri, uşaqlar arasında bu halların sürətlə artmasının səbəbləri, əlamətləri, ailələr, həkimlər və müəllimlərin uşaqların yerişinə, oturmasına, hərəkətinə ciddi diqqət yetirəcəyi halda bu problemləri aşkar etmənin çətin olmaması, skalioz, kifoz və digər onurğa əyriliklərini görən kimi ailələrin, müəllimlərin hara, kimlərə müraciət etmələri, hansı hərəkətlərə, idman növlərinə həmin uşağı yönəltmənin vacibliyi və s. kimi məsələlər ətrafında geniş müzakirələr və fikir mübadiləsi aparılıb və suallar geniş cavablandırılıb.

Millət vəkili Q.Paşayeva və Vertebra mərkəzinin rəhbəri İradə Hacıyeva çıxışlarında bildiriblər ki, bir sıra inkişaf etmiş Avropa ölkələrində məhz profliaktik tədbirləri gücləndirməklə bu problemi tamamilə yox səviyyəsinə endirməyə nail olunub və bu məsələdə ailələrin, həkimlərin və müəllimlərin üzərinə böyük vəzifələr düşür. Tədbir iştirakçılarına skalioz, kifoz və digər onurğa əyrilikləri ilə bağlı geniş məlumatları özündə əks etdirən materiallar da təqdim edilib və onların kəndlərdə ailələr arasında geniş yayılmasına çağırış edilib.

Qovlar şəhərində də Tovuz rayonunda və Qovlar şəhərində "Sağlamlığın Qorunması" İB-nin, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin təşəbbüsü və təşkilatçılığı ilə uşaqlar arasında artan skalioz və kifozla mübarizəyə dair tədbir keçirilib və müəllimlərin, ailələrin iştirakı ilə geniş müzakirələr aparılıb. Sonra isə Qovlar şəhərində internat məktəbində uşaqların skalioz, kifozla bağlı pulsuz müayinə olunublar. Müəllimlərə, tərbiyəçilərə müayinələrin nəticəsi olaraq bəzi məsləhətlər verilib.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu