Nurayın fəryadı və "at(a)" qeyrəti


Samir GÜLƏLİYEV, jurnalist

Təxminən bir sutkaya yaxındır ki, özümə gələ bilmirəm. 10 yaşlı Nuray Babazadəyə qarşı Qubada vəhşicəsinə zor tətbiq edilən videonu izləyəndən sonra. Və qərara gəldim ki, az da olsa sakitləşmək üçün bu haqda yazım.

Bəli, dekabrın 7-də balaca Nuray Quba rayon Məhkəmə Qərarları İcraçıları Şöbəsinin boynuyoğun əməkdaşları tərəfindən işgəncələrə məruz qalır, özü də onu zorla almaq istəyən “ata”sının gözü qarşısında. Və, sonra da həmin “ata” deyilən qeyri-müəyyən məxluq çıxıb mətbuata açıqlama verir. Adam özünü haqlı çıxartmaq üçün nə deyirsə, bir az da özünü “yandırır”.
Həmin şəxs deyir ki uşaq mənimdi, uşağımı istəyirəm. İddia budur. Amma bu məxluq uşağını necə istəyir, necə tələb edir, bu göz qabağındadır. Onun elədikləri nəinki atalıq, heç bir canlının hərəkətlərinə sığmır. Bu məxluqa necə ata adı vermək olar, bunu anlaya bilmirəm.
Təsəvvür edin, məhkəmə icraçılarının otağında onun uşağını 10 il saxlayan ailəyə küçə söyüşləri söyən bu məxluq hələ utanmadan məhkəmə icraçılarını da köməyə çağırır ki, gəlin mənim uşağıma işgəncə verin. Hələ bir utanmadan mətbuata da açıqlama verir ki, həmin vaxt əsəbi olub. Və həmin “ata” deyilən məxluq icraçılara kömək edib uşağını sürüyə-sürüyə otaqdan çıxarır. Bu naməlum canlı hansı atalıq hissindən danışır, mən bilmirəm. Bu nəinki insanlıq, hətta digər canlılara da yad hissdir. O ata deyil, sadəcə 3 hərfdən ibarət bir sözdür. Bu hərflər hansılardır, onu da kim necə istəyir elə düzsün. Nəinki atalıqdan, azca insanlıqdan anlayışı olan, qəlbində (əgər varsa) insanlıq sevgisi olan bir şəxsin nəinki öz doğma balasına, heç düşmən övladına belə bir işgəncə verməsini mən dərk edə bilmirəm. Onda qalsın ki, öz doğma övladına qarşı bu cür işgəncə verəsən. Öz doğma övladına işgəncə vermək üçün qoluzorluları köməyə çağıran “ata”nın gələcəkdə həmin övladına hansı sevgi verəcəyinə kim qarant verir? Əlbəttə ki, Quba rayon Məhkəməsinin gözü ayağının altını görməyən hakimi və məhkəmə icraçılarından başqa heç kim.
Məhkəmə icraçısının uşağa göstərdiyi psixi təzyiqə baxın. İcraçı uşağa dirənib ki, anandan əl çəkməsən onu həbs edəcəyik. Uşaq isə yalvarır ki, “Xahiş edirəm, yalvarıram, qurban olum anama dəyməyin”. Uşağın bu yalvarışlarına baxmayaraq həmin “ata” icraçılarla birlikdə uşağı sürüyür, onu zorla ailəsindən ayırır. Bu qədər qəddarlıq hansı məhkəmədə var? Məgər məhkəmə icraçıları qoluzorluq, insana işgəncə vermək üçündür, yoxsa məhkəmələrdəki problemləri qanuni yoluna qoymaq üçün? Məhkəmənin icra sistemi reketlik etmək, insanlara işgəncə vermək üçündür?
Təsəvvür edin, uşaq açıqlama verir ki, mən o şəxsi tanımıram, mən onunla yaşamağa qorxuram, bu insanı anadan olandan sonra ancaq məhkəmədə görmüşəm. Uşağın bu açıqlamasından sonra həmin “ata” deyilən məxluq uşağa qarşı yenidən zor tətbiq edir. Və bu hadisədən də uşaqda həmin “ata”ya qarşı aqressiya daha da artır.
Əlbəttə ki, bu hərəkətləri edən “ata” həmin uşağı sevib böyütmək, xoşbəxt etmək üçün deyil, başqa məqsədlər üçün alır. Birincisi ona görə ki, əgər o “ata” olsaydı onun qız uşağı başqasının ailəsində böyüməzdi. Razıyam, deyəcəksiniz ki, ana ayrılıb, uşaq da anada qalıb və uşaqda ataya qarşı aqressiya yaradılıb, atanın qəddarlığı uşağın beyninə yeridilib. Bunu qəbul edirəm. Ata xəstə ananı atıbsa, ana və onun qohumları uşaqda ataya qarşı aqressiya yaradıb. Bu Azərbaycan reallığında mümkündür. Yaxşı, bəs bu 10 ildə niyə ata bir dəfə öz övladını heç olmasa ayda bir dəfə görmək üçün məıhkəməyə müraciət etməyib? Ata əgər övladını sevirsə, məhkəmə vasitəsilə, həmin o qoluzorlu icraçıları köməyə çağırmaqla heç olmasa ayda bir dəfə görməyə cəhd edəydi. Niyə onda həmin “ata” qoluzorlu icraçıların gücündən istifadə etməyib? Niyə onda haqqını həmin qoluzorlulardan, qəddar məhkəmədən tələb etməyib? Onda uşağı deyildi? Uşaq 10 yaşına çatandan sonra yadına düşdü? Ağır xəstəliyinə görə öləcəyini bilib həyat yoldaşını 9 aylıq körpəsi ilə küçələrə atan “ata” indi nə istəyir? İndi ailə, uşaqcanlı olub bu məxluq?
Bu 10 ildə uşağının harda, kimin yannda, hansı şəraitdə yaşadığından xəbəri olmayan şəxs indi uşağının 10 yaşı olduğunu dərk edib onu geri istəyir ki, onun əməyindən istifadə etsin, onu ikinci həyat yoldaşının əlinin altında istismar etsin. Bəziləri yazırlar ki, uşağın atası nə qədər pis olsa, xalasından uzaq ola bilməz. Amma, həmin şəxslər düşünmürlər ki, o uşaq atasının deyil, tanımadığı, qanı qanından, canı canından olmayan ögey ananın yanına gedir və həmin qadının istismarında olacaq. O uşağı həmin qadının yanında hansı aqibəti gözlədiyi də məlum deyil. Bu uşağın təhlükəsizliyinə orda qarant duran kim var? Əlbəttə ki, “ata” deyilən həmin şəxsdən başqa heç kim. Bu “ata”nın da kim olduğunu, hələ uşağa sahib çıxmamış ona verdiyi işgəncə göz qabağındadırsa, demək əlavə şərhə ehtiyac yoxdur.
Bu prosesdə əsas cinayətlərdən biri də, Quba rayon Məhkəməsinin hakiminin qəddarcasına çıxardığı qərar və məhkəmə icraçılarının amansızlığıdır. Bu gün Azərbaycanda minlərlə nigahın pozulması nəticəsində ana, nənə, baba himayəsində qalan uşaqlar var. Həmin uşaqların əksəriyyəti məhkəmələrin çıxardıqları qətnamələrin olmasına baxmayaraq illərlə aliment ala bilməyiblər. Məgər bu qətnamələr icra üçün deyil? Məgər o qətnamələri məhkəmələr Azərbaycan Respublikası adından çıxarmayıb? Niyə qoluzorlu məhkəmə icraçıları həmin qətnamələri icra etməkdən boyun qaçırır, amma 10 yaşlı uşağı sürüyə-sürüyə ailəsindən ayırır? Vicdan söhbəti eləmirəm ona görə ki, bu hərəkəti edən şəxslərdə vicdandan danışmağa dəyməz. Bu sadəcə cinayətdir, özü də amansız cinayət. Azyaşlıya qarşı zor tətbiq etmək, ona psixi və fiziki zor tətbiq etmək ən ağır cinayət faktıdır. Bax Azərbaycanın hüquq-mühafizə orqanları bu faktı araşdırmalı, həmin şəxsləri məsuliyyətə cəlb etməlidir, əgər edərlərsə.
Ən dəhşətli fakt isə odur ki, uşağa dəstə ilə zor tətbiq edən məhkəmə icraçılarından biri mətbuata açıqlamasında utanmadan deyib ki, prosesdə uşağa zor tətbiq edilməyib. Belə çıxır ki, bu zor deyil. Demək bu hərəkətlər məhkəmə icraçılarının gündəlik adi davranış qaydalarıdır. Onlar zor tətbiq etmək nəyə deyirlər? Bəlkə həmin icraçılar zor tətbiq etmək deyəndə uşağı almaq üçün ora zirehli qoşun yeritməyi nəzərdə tuturlar?
İndi söz sizindir, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Məhkəmə Qərarları İcraçıları Baş İdarəsi. Araşdırın və bu cinayəti törədənləri cəzalandırın!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu