"Əbədi ömür üçün yaşadı və onu qazandı"- Qənirə Paşayeva Zəlimxan Yaqubdan yazdı


Türk dünyasının böyük şairi, dəyərli oğlu Zəlimxan Yaqubun vəfatının ildönümündə Fəxri Xiyabanda qəbirüstü abidəsinin açılışı olub.

AFN xəbər verir ki, açılış mərasimində iştirak edən millət vəkili Qənirə Paşayeva böyük şair haqda təəssüratlarını bölüşüb:

Zaman nə qədər surətlə keçir… Artıq 1 ildir aramızda yoxdur. Amma cismanı. Əslində O, hər gün aramızdadır. Gözəl şeirləri, maraqlı xatirələri ilə. Mənə kiçik bacım deyərdi. Bu gün şairin gözəl xanımı “Qənirə xanım, ömrünün son günlərində iki insanın telefonunu yığmağımı istədi və danışdı. Bir siz bir də Nizami Cəfərovla danışdı” dedi. Nur içində yatsın. O qədər gözəl xatirələri var, danışmaqla bitməz. Çox kiçik yaşlarımdan tanıyırdım onu. Əmim Qəzənfər Paşayevlə tez-tez gələrdilər bizim evimizə. Sazlı-sözlü məclislər bəzən gecə saatlarına qədər davam edərdi. Rəhmətlik Zəlimxan Yaqub sadəcə Vətən Azərbaycanın deyil bütün Türk dünyasının böyük itkisidir. Krımdan qayıdanda ona Qaspirallının qəbrini ziyarətim, evində olduğum zaman yaşadığım duyğulardan danışmışdım. Aradan bir müddət keçmiş zəng etdi. Kırımdan danışırdı. ”Sənin o söhbətin məni yaman duyğulandırmışdı. Gəldim buraları ziyarət etdim. Poemanı da elə buradan yazmağa başlamışam. Dinlə, oxuyacam indi sənə" dedi və telefonda söyləməyə başladı. Sonuna doğru səsi titrəyrdi. Mən də telefonun bu başında ağlayırdım. Bu qədər böyük sevgi vardı onun qəlbində Türk dünyasına. Onun ağrısına üzülər, sevincinə sevinərdi. Və illər əvvəl "Peyğəmbər" poemasını yazdığı zaman bizə qonaq gəlmişdi. Biz az anamla da söhbət etdi və birdən “siz Allah adamısınız, ona görə də yeni yazdığım "Peyğəmbər" poemasından bir hissəni elə bu evdə oxusam yaxşıdır" dedi və söyləməyə başladı. Heyranlıqla dinləyirdik.

O, bir Allah vergisi idi, fitri istedad idi. Onun qədər əzbərində şeir saxlayan ikinci bir insanı görmədim. Onu itirəndə təkcə insanlar deyil, söz də, ədəbiyyat da üzüldü. Çünki O, şeirə marağı olmayan bir insanda da şeirə məhəbbət yara bilirdi. Kinsiz idi, səmimi idi Zəlimxan Yaqub. O, bütün ömrü boyu əbədi ömür üçün yaşadı və onu qazandı. Və O, hər zaman Azərbaycan ədəbiyyatında, tarixində yaşayacaq böyük bir şair kimi var olacaq. Nur içində yat, Türk millətinin dəyərli oğlu!






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu