74 köçkün ailəsinə 200 min manat borc yazıldı: VƏZİYYƏT GƏRGİNLƏŞDİ




Bu gün səhər saatlarında Xəzər rayonu Mərdəkan qəsəbəsi “Kristal” pioner düşərgəsində məskunlaşan məcburi köçkünlər sayğaclaşmada yaranan problemlərə, daha doğrusu, onlara əlavə borcun yazılmasına kütləvi etiraz ediblər. Belə ki, SOCAR işçiləri ilə sakinlər arasında qarşıdurma yaranıb. Buna səbəb istifadə etmədikləri təbii qaza görə onlara borcun yazılmasıdır. Qeyd edək ki, həmin düşərgədə müvəqqəti olaraq 74 məcburi köçkün ailəsi məskunlaşıb.

Sakinlərin verdiyi məlumata görə, iki gündür SOCAR “Azəriqaz” İstehsalat Birliyinin işçiləri əraziyə gələrək məcburi köçkünlər yaşayan evlərə sayğac quraşdırır. Hər bir sayğac sahibinə “Smartkart” almağı tövsiyə ediblər. “Smartkart” əldə edən köçkünlər bildirir ki, istifadəçilərə külli miqdarda borc yazılıb. Əlləri hər yerdən üzülən məcburi köçkünlər “Qaçqınkom”a üz tutublar. Qurumda şikayətçilərə bildirilib ki, bu məbləğ onlara əsassız yazılıb.

Belə ki, düşərgədə yaşayanlar arasında Şükür Şükürova 3 400 manat, Allahverdi Məmmədova 3 442 manat, Fərrux Şirinova 2 650 manat, Elman Qasımova 3 59 manat, Baloğlan Quliyevə 1 660 manat, Məhərrəm İsmayılova 2 400 manat, Faiq Əliyevə 1 108 manat, Eyvaz Qasımova isə 3 min manatdan yuxarı borc yazılıb: “Bu nə deməkdir? Həyətimizə heç bir qaz gəlmədiyi halda 3 min manatdan yuxarı borc yazılır. Görünür, indi dövlət büdcəsini qaçqınların kommunal xərcləri ilə doldurmaq istəyirlər. Heç bir qaz xəttindən istifadə etməmişəm. Heç hamam da yoxdur ki, deyim qızdırıcı işlətmişəm. Evi də odun sobası ilə qızdırmışam. Nəyə əsasən bizə bu qədər borc yazıblar? “Qaçqınkom” da bu məsələdə bizi “yola verir”. Ümumi hesablayanda düşərgəyə 200 min manata yaxın borc gəlib. Səbəb nədir? Bunu bizə aydın başa salan yoxdur”. Sakinlər əvvəllər düşərgədə iki qaz sayğacının olduğunu bildirib. Həmin sayğacın birini xeyli müddət əvvəl açıb aparılıb: “Dəqiq bilirik ki, bu, “Azəriqaz” İstehsalat Birliyinin işidir. Nə əsasla məcburi köçkünlərə bu qədər pul yazır? Biz sayğac quraşdırılmasının əleyhinə deyilik, sadəcə gəlib aydınlaşdırsınlar ki, nəyə əsasən bu qədər borc yazıblar? 15 ildir ki, qaz xətləri istifadə edilməyib. Son bir il olar ki, düşərgə təbii qazla təmin olunub”.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev Cebhe.info-ya açıqlamasında sözügedən məsələnin araşdırma tələb etdiyini deyib: “Məlum fərmandan əvvəl hər bir məcburi köçkün üçün limit ayrılırdı. Hər bir nəfər üçün qış aylarında 45 kub, yaz-payız aylarında 35 kub, yayda 25 kub limit vardı. Həmin limitdən artıq istifadə edildikdə əlavə borclar yaranırdı ki, bu da istehlakçılar tərəfindən ödənməlidir. Ola bilsin ki, həmin borc limitdən artıq yığılıb qalmış məbləğdir”.

Qurum rəsmisinin sözlərinə görə, hər bir abonent haqqında məlumat və baza var:“İstifadə olunan qazın dəyəri hesablanır və ödəniş tələb olunur. Əgər kimsə həmin məbləği öz borcu hesab etmirsə, “Azəriqaz” İstehsalat Birliyinə müraciət etməlidir. Araşdırma əsasında onlara yazılı cavab verilməlidir”.

Qeyd edək ki, yanvarın 23-də Azərbaycan prezidenti İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədi ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinəti müəyyən edilir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etmək tapşırılıb.(cebhe.info)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu