Ötən ay 273 nəfər əcnəbi fərdi uçot qeydiyyatına alınıb




2017-ci ilin yanvar ayında sistemdə əlavə olaraq 273 nəfər əcnəbi şəxs qeydiyyata alınıb.

Bu barədə AFN-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edilir ki, onların hər birinə unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açılıb, sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilib. Bununla da cari ilin 01 fevral tarixinə fərdi uçot sistemində qeydiyyatda olan xarici vətəndaşların sayı 34 213 nəfərə çatıb. Azərbaycanda fərdi uçot sistemində fərdi şəxsi hesabı olan əcnəbilər 125-dək ölkəni təmsil edirlər. Onların arasında sayca daha çox olan Тürkiyə, Gürcüstan və Rusiya vətəndaşlarıdır.

Respublikamızın mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb edilən digər gəlirləri əldə edən əcnəbilərin də fərdi uçot sistemi ilə əhatə olunması ölkəmizin vətəndaşları ilə bərabər, onların da gələcək pensiya təminatı hüquqlarını formalaşdırmalarına imkan yaradıb. Sistemdə qeydiyyatda olan digər sığortaolunanlar kimi, fərdi şəxsi hesaba malik əcnəbilər də məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsi prosesinə “Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti vasitəsilə ardıcıl şəkildə nəzarət edə bilirlər.

Xatırladaq ki, 1 fevral 2017-ci il tarixinə fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların ümumi sayı 3 393 453 nəfər təşkil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu