Beyləqanda uşaqların və əsgərlərin payını belə yeyirlər- TƏFƏRRÜAT




Beyləqan rayonu ilə bağlı şikayətlər durmadan artır. Rayonda rəhbər vəzifə tutan şəxslərin etdiyi özbaşınalıqlar barədə müraciətlərin ardı-arası kəsilmir desək, yanılmarıq.

İcra başçısının 2 fevral gənclər günü münasibətilə keçirdiyi tədbirdə etdiyi biabırçı çıxışın ardından bu gün rayonun Mil qəsəbə 2 saylı Uşaq Bağçasının müdirəsi Sevil Hüseynova haqda məlumat daxil olub. Bildirilir ki, müdirə bağçaya verilən ərzaqları mağazalarda satdırır: "S.Hüseynova ərzaq almaq üçün bağçaya ayrılan pulları da mənimsəyir. Bu işdə onun korrupsiya ortağı ərazi icra nümayəndəliyinin sədri Tofiq Məmmədovdur ki, birlikdə maxinasiyalar aparırlar. Digər bir əsas etibarlı tərəf müqabili isə öz doğma övladıdır".
Mənbə iddia edir ki, müdirənin oğlu Elşən Hüseynov Hərbi Prokurorluqda mühafizə rəisidir. Hərbi prokurorluğun zəhmindən, əzəmətindən öz maraqları naminə istifadə edən E.Hüseynov hərbi hissələrin komandirlərini, maliyyə-təsərrüfat rəislərini üzdən-gözdən salıb onlardan ərzaq payı alır və anasının rəhbərlik etdiyi uşaq müəssisəsinə ötürür. Beləliklə, bağçada uşaqlara verilən minimum miqdarda ərzaq da bu yolla təmin olunur. Sonucda Hüseynovlar ailəsi azyaşlı uşaqların və Vətəni qoruyan əsgərlərin payını yeyirlər: "Müdirənin və icra nümayəndəsi Tofiq Məmmədovun gəlirləri təkcə ərzaq xətti ilə formalaşmır. Müəssisənin ştat cədvəlində "ölü canlar" var. Məsələn, Sevinc Xankişiyevanın adı 6 ildir ki, bağçada tərbiyəçi kimi ştat cədvəlindədir. Hər ayda adına 120 manat əmək haqqı yazılır. Lakin 6 ildə bir dəfə də olsun Xankişiyeva bağçaya getməyib. Götürək elə adı bağçada süpürgəçi kimi gedən Nigar Əliyevanı. O da illər ərzində bağçanın yolunu belə tanımayıb. Onun əmək haqqı kartı da Sevinc Xankişiyeva kimi bağça müdirəsi S. Hüseynovanın cibində, daha doğrusu, çantasındadır. Hətta analıq məzuniyyətində olan işçilər də maaş kartlarını saxlamaq üçün müdirəyə vermək məcburiyyətindədirlər".
Qeyd edək ki, məsələ ilə bağlı sonolay.org məlumat yayıb. Yazıda adları keçən şəxslərin mövqeyini verməyə hazırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu