Nazirlik sahibkarlara xəbərdarlıq etdi





"Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən özəl sektora aid müəssisələrdə heç bir yoxlama həyata keçirilmir".

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib. O bildirib ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrı-ayrı şəxslərin özlərini “əmək müfəttişləri” kimi təqdim edərək bəzi sahibkarlıq obyektlərində yoxlamalar aparmaq istəməsi faktları barədə məlumatlar daxil olub: "Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sahibkarların diqqətinə çatdırır ki, ölkəmizdə sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində aparılan işlərin davamı olaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, 2015-ci ilin noyabr ayından özəl sektora aid müəssisələrdə yoxlamaların aparılması iki il müddətinə dayandırılıb. Həmin vaxtdan etibarən Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən də özəl sektora aid müəssisələrdə heç bir yoxlama həyata keçirilmir.

Hazırda bu və ya digər sahibkarlıq obyektində kiminsə özünü “əmək müfəttişi” kimi təqdim edərək yoxlama aparmaq istəməsi də dələduzluqdan başqa bir şey deyil.

Ona görə də sahibkarlardan belə halla qarşılaşdıqları təqdirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı Mərkəzinə dərhal məlumat vermələri xahiş olunur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu