Yeni binalarda kommunal ödənişlər kimə və necə ödənilməlidir?




Yeni tikilən binalarda kommunal ödənişlərlə bağlı tez-tez əhalinin şikayətlərinə rast gəlinir. Bir sıra mənzil-tikinti korporativləri (MTK) binaları istifadəyə verdikdən sonra idarəçiliyini də özləri həyata keçirirlər ki, bu da sakinlərlə korporativlər arasında narazılıqların yaranmasına səbəb olur. Korporativlər tərəfindən müəyyən olunan kommunal ödənişlərin həcmi və bunun müqabilində göstərilən xidmətlərin keyfiyyəti bir çox hallarda sakinləri qane etmir.

Məsələyə münasibət bildirən “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə bildirib ki, ümumiyyətlə çoxmənzilli bina tikilib istifadəyə verildikdən sonra tikinti şirkəti, sahibkar və ya tikinti korporativi oradan çıxmalıdır.

O qeyd edib ki, qanunvericiliyə əsasən, çoxmənzilli yaşayış binaları istifadəyə verildikdən sonra binanın idarə edilməsi üçün mənzil mülkiyyətçiləri müştərək cəmiyyət yaratmalıdırlar: “Bütün mənzil mülkiyyətçilərinin iştirakı ilə yığıncaq keçirilir və yığıncaqda qərar qəbul edilib protokollaşdırılır. Onun əsasında mənzil mülkiyyətçiləri müştərək cəmiyyət kimi qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət edirlər. Ondan sonra yığıncaq keçirilir, bütün mənzil mülkiyyətçiləri orada iştirak edir, binanın aylıq, rüblük, illik istismar xərclərini (lift, istilik, abadlıq, yaşıllaşdırma, avtodayanacaq, mühafizə və s.) hesablayırlar və ümumi məbləğ razılaşdırılır. Sonra kvadratmetrə, adambaşına görə hər mənzilə nə qədər məbləğ düşdüyünü müəyyən edirlər və ona uyğun aylıq maliyyə yığımı təşkil olunur. Hər rübün sonunda da hesabat verilir. Yəni bina qəbul kommissiyasına təhfil verildikdən sonra 6 ay müddətinə həmin cəmiyyət yaradılmalıdır və binanın idarəedilməsi həmin cəmiyyətə verilməlidir. Tikinti şirkəti, sahibkar və ya tikinti korporativi isə oradan çıxmalıdır”.

Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov da bildirib ki, bina istifadəyə verildikdən sonra idarəçiliyin həyata keçirilməsinin bir neçə formaları mövcuddur: “Ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılır, ya bələdiyyə tərəfindən açıq tender keçirilir və tenderin qalibi idarəçiliyi həyata keçirir, ya da bələdiyyə tərəfindən bu iş ixtisaslaşdırılmış şirkətə tapşırılır. Lakin MTK-lar bina istifadəyə verildikdən sonra da qanunsuz olaraq özləri idarəçiliyi həyata keçirməyə çalışırlar. Biz bu məsələlərlə bağlı ciddi iş aparırıq. Bizim ərazimizdə bina inşa edən bir neçə MTK-ya məktub göndərmişik, ondan sonra tenderin elan olunması barədə təkrarən məktub göndərmişik. Sənədləri bizə verməyən MTK-lar barəsində qərar qəbul etmək üçün məhkəmə qaydasında müraciət etmişik”.

Bələdiyyə sədrinin sözlərinə görə, MTK-lar kommunal xidmətlərin qiymətini əsassız olaraq dəyərindən yüksək müəyyənləşdirirlər: “Bir sıra MTK-lar isə yığılmış pullarla nəzərdə tutulmuş işləri həyata keçirmir. Binanın qarşısında asfalt çəkmək, təhlükəsizlik kameralarını quraşdırmaq və bu kimi işləri həyata keçirmək lazım gələndə kənarda dayanırlar. Ona görə də biz bu sahədə ciddi iş aparırıq. Artıq bir neçə binada bu məsələ həllini tapmaq üzrədir. Şirkət getmək istəmir, biz isə məhkəmə qaydasında icra məmurlarına müraciət etmişik ki, gəlib o şirkətləri oradan çıxarsınlar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu