Əhaliyə ünvanlı sosial yardım yerinə İNƏK...




Vahid Əhmədov: “Artıq insanlara vəsait verilmir, onlar üçün şərait yaradılır”

Prezident İlham Əliyevin 2016-cı il 7 aprel sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünü məşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlarının yaradılması üçün onların mal və materiallarla təmin olunmasına başlanılıb.Əmək bazarının inkişafı və hər bir əmək qabiliyyətli vətəndaşın səmərəli məşğulluğuna şərait yaradılması prezident İlham Əliyevin ölkədə güclü iqtisadi potensiala və yüksək sosial standartlara malik cəmiyyətin qurulmasına yönələn sosial-iqtisadi siyasətinin strateji hədəfləri sırasında yer alıb.

Bu siyasətin icrası olaraq, ölkədə iqtisadi şaxələndirmə şəraitində əmək tutumlu sahələrin yaradılması və çoxsaylı iş yerlərinin açılması əmək resurslarının səmərəli məşğulluğunun təminatında əhəmiyyətli rol oynayır. Dövlət başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı isə dövlət məşğulluq siyasətində vətəndaşların özünüməşğulluğuna şərait yaradılmasını nəzərdə tutan yeni bir keyfiyyət mərhələsi açıb. Sərəncam aztəminatlı ailələrin məşğulluğuna və əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaradılmasına, gələcəkdə vergi və sosial sığorta ödəyicilərinin çoxalmasına, digər tərəfdən kiçik və orta sahibkarlığın inkişafına geniş imkanlar yaradıb. Bu məqsədlə Prezidentin ehtiyat fondundan 6 milyon manat vəsait ayrılıb və ilk dəfə olaraq Azərbaycanda dövlət səviyyəsində özünüməşğulluq proqramının icrasına başlanılıb.

Proqram çərçivəsində aztəminatlı ailələrin özünüməşğulluğunun dəstəklənməsi istiqamətində ilk tədbir olaraq Tərtər, Hacıqabul və Laçın rayonları üzrə bir qrup işsiz və işaxtaran vətəndaşa mal və materiallar təqdim edilib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü, deputat Vahid Əhmədov “Cümhuriyət” qəzetinə bildirib ki, sözügedən məsələ çox əhəmiyyətlidir: “Çünki biz həmişə Milli Məclisdə Sosial Müdafiə Fondunun büdcəsini müzakirə edəndə bu məsələyə toxunurduq. Yəni, ələbaxımlı, ehtiyac meyarı müəyyən edilmiş insanlara müəyyən müavinətlər verilib. Amma indi pilot layihələr həyata keçirilir. Artıq insanlara vəsait verilmir, onlar üçün şərait yaradılır. Kim hansı əmək fəaliyyətilə məşğul olmaq istəyirsə, ƏƏSMN-yi tərəfindən onlar üçün vəsait ayrılır, şərait yaradılır.

İstər fermer təsərrüfatı, istərsə də sahibkarlıq fəaliyyətini təşkil edib müraciət edən şəxsə təhvil verirlər. Bu, çox əhəmiyyətli məsələdir. Həm iş yerlərinin açılmasına kömək edir, həm də insanların özlərini təmin etmək üçün işləri olacaq. Bir neçə ay əvvəl Göyçayda bu cür pilot layihə həyata keçirmişdik. İndi cənab prezident tərəfindən vəsait ayrılıb, sərəncam verilib. Bütün rayonlarda bu layihələr həyata keçirilir, bu, çox təqdirəlayiq haldır”. Burda əsas məqsəd ünvanlı sosial yardımın aradan qaldırılmasından ibarətdir. Artıq ünvanlı sosial yardım alanlar yeni işlə təmin olunacaq və özlərinin təsərrüfatları və ya biznes fəaliyyəti olacaq. Bu zaman onlar öz sahələrində işləyib gəlir əldə edəcəklər və ünvanlı sosial yardım almağa da heç bir ehtiyacları olmayacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu