Dünyanın ən müasir 25 PET-KT mərkəzindən biri Azərbaycandadır




Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin nəzdində fəaliyyət göstərən Nüvə Təbabəti Mərkəzinin bir ili tamam olub.

Nüvə Təbabəti Mərkəzi Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə Azərbaycan arasında həyata keçirilən Texniki Əməkdaşlıq Proqramı çərçivəsində təsis olunub. Müəssisə ölkəmizdə Pozitron Emissiya Tomoqrafiyası (PET) müayinəsi aparan ilk və yeganə mərkəzdir. PET müayinəsi orqanizmdə hüceyrə mübadiləsini molekulyar səviyyədə göstərməyə imkan verən müasir tibbi-diaqnostik görüntüləmə metodudur. Müayinə nəticəsində bədənin funksional və anatomik quruluşu barədə birgə məlumat əldə edilərək, orqanizmin hər hansı bölgəsində hüceyrə səviyyəsində baş verən bütün dəyişikliklər müəyyən olunur.

PET-KT müayinəsindən onkoloji xəstəliklərin erkən diaqnostikası, şişin mərhələsinin təyin edilməsi, yayılmış şişlərin (metastazlar) ilkin mənbəyinin və mənşəyinin müəyyən olunması, şişin cərrahi yolla çıxarılmasının mümkünlüyünün dəyərləndirilməsi, şişə qarşı ən optimal müalicə üsulunun seçilməsi, şüa müalicəsi üçün şiş həcminin təyin edilməsi və planlaşdırılması, şiş əleyhinə aparılan müalicənin effektivliyinin qiymətləndirilməsi, müalicədən sonra şişin yenidən inkişafı (residiv) hallarının müəyyən edilməsi, cansız çapıq toxuması ilə aktiv şiş toxumasının fərqləndirilməsi, Alzheymer xəstəliyi, Parkinson xəstəliyi, epilepsiya, demensiyalar zamanı beyin funksiyalarının dəyərləndirilməsi, ürək hüceyrələrinin canlılığının və funksional vəziyyətinin müəyyən edilməsi, səbəbi bilinməyən uzun müddətli qızdırmanın mənbəyinin təyini zamanı istifadə edilir.

Mərkəzdə “Siklotron” avadanlığı vasitəsi ilə hazırlanan radiofarmasevtik dərman vasitələrinin sterilliyi, toksikliyi, dozası və molekulyar quruluşu yüksək standartlara cavab verən xüsusi laboratoriyada yoxlanılır və keyfiyyətinə zəmanət verilir.

2017-ci il fevralın 18-də Azərbaycan Milli Onkologiya Mərkəzinin təşəbbüsü ilə PET-KT müayinəsi ilə neyroendokrin törəmələrin erkən diaqnostika və müalicəsinə yönəlmiş “NETS-2017” adlı simpozium keçirilmiş, bu elmi forumun işində çoxsaylı yerli və xarici alim iştirak etmiş, maraqlı diskussiyalar, elmi müzakirələr və informasiya mübadiləsi aparılmışdır.

Keçən bir il ərzində Nüvə Təbabəti Mərkəzində bir çox onkoloji xəstə PET-KT müayinəsindən keçirilmiş, kardioloji və nevroloji problemi olan xəstələr müayinə olunmuş, onlara yüksək səviyyəli tibb xidməti göstərilmişdir. Mərkəz onkoloji xəstəlikdən əziyyət çəkən vətəndaşlarımızın şəfa tapmasında yardımçı olmuşdur.

Bu uğurlarına görə Azərbaycan Milli Onkologiya Mərkəzi nəzdindəki Nüvə Təbabəti Mərkəzi bu yaxınlarda “Avropa Nüvə Təbabəti Assosasiyası” tərəfindən akkreditasiya olunaraq dünyanın ən mükəmməl 25 PET-KT mərkəzinin siyahısına daxil edilmişdir. Bunun nəticəsi olaraq Milli Onkologiya Mərkəzinə dünyanın bir çox ölkələrindən müraciətlər daxil olmağa başlamışdır. Rusiya, Suriya, Əfqanıstan, Ukrayna, Liviya, Gürcüstan, Qazaxıstan, bir sıra Avropa və Asiya dövlətlərinin pasiyentləri Nüvə Təbabəti Mərkəzində beynəlxalq səviyyədə müayinədən keçmişlər.

İraqdan gəlmiş Xəlif Yasin bildirir ki, indiyədək Liviyada müalicə almışdır. “Avropa Nüvə Təbabəti Assosasiyası”nın rəsmi saytında dünyanın ən yaxşı 25 PET-KT mərkəzinin siyahısında Azərbaycanın da adını gördükdə Bakıya gəlməyə qərar vermişdir. X.Yasin burada yaradılmış şəraitdən, ən son avadanlıqlarla müayinə prosedurlarından razılığını bildirdi. İraqda müayinəyə ehtiyacı olanlara Azərbaycanı, Nüvə Təbabəti Mərkəzini tövsiyə edəcəyini deyən iraqlı qonaq Azərbaycan və azərbaycanlılardan, onların səmimiyyəti və mehribanlığından da çox təsirləndiyini vurğuladı.

Yeri gəlmişkən, Rusiyada, Türkiyədə və digər ölkələrdə onlarla Nüvə Təbabəti Mərkəzi fəaliyyət göstərməsinə baxmayaraq, onların heç biri “Avropa Nüvə Təbabəti Assosasiyası”nın rəsmi saytı tərəfindən dünyanın ən yaxşı anoloji

mərkəzləri olaraq pasiyentlərə tövsiyə olunmamışdır. Azərbaycan Milli Onkologiya Mərkəzi nəzdindəki Nüvə Təbabəti Mərkəzi təkcə Cənubi Qafqazda, Yaxın və Orta Şərqdə deyil, eləcə də Avropanın özündə də ən son innovasiyalarla, nanotexnoligiyalarla təchiz edilmiş qabaqcıl müasir diaqnostika və müalicə ocağıdır.

Burada ən yüksək peşə hazırlığına malik bacarıqlı tibbi personal çalışır. Azərbaycan Milli Onkologiya Mərkəzinin nüvə təbabəti şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzov Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə başa vuraraq, 2007-2012-ci illərdə Türkiyənin Mərmərə Universiteti xəstəxanasında nüvə təbabəti üzrə uzmanlıq təhsilini müvəffəqiyyətlə bitirmişdir. 2010-2011-ci illərdə ABŞ-ın Nyu- York şəhərindəki məşhur “The Mount Sinai Medical Center” və “New York Presbyterian Columbia Cornell” Universitet Xəstəxanalarında nüvə təbabəti üzrə ixtisas kursu keçmiş, 2013-2014 illərdə isə Böyük Britaniyanın “University College London Hospital”-ın Nüvə Təbabətı İnstitutunda klinik tədqiqatçı -həkim kimi fəaliyyət göstərmişdir. Nüvə təbabətinə dair 20-dən çox elmi məqaləsi xarici tibb jurnallarında dərc olunmuşdur. Nüvə Təbabəti Mərkəzində fəaliyyət göstərən bütün orta tibbi personalı və həkimlər xaricdə ixtisas üzrə təhsil və kurs keçmişlər.

Nüvə Təbabəti Mərkəzinin ərsəyə gəlməsində, müasir uğurlarında Azərbaycan rəhbərliyinin, ölkə Prezienti İlham Əliyevin böyük əməyi vardır. Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə Azərbaycan arasında həyata keçirilən Texniki Əməkdaşlıq Proqramının reallaşdırılması nəticəsində yaradılmış bu nəhəng struktur bir ölkə brendi kimi Respublikamızı onun hüdudlarından çox-çox uzaqlarda da layiqincə təmsil edir, tanıdır. Nüvə Təbabəti Mərkəzinin yaradılmasının ideya rəhbəri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyevin də dediyi kimi, bu elmi-tibbi müəssisə, möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü ilə təşəkkül tapan, son dövrlərdə yeni inkişaf mərhələsinə qədəm qoyan tibbi turizmin

formalaşmasını və imkanlarını daha da artıracaq, onun keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına yardımçı olacaqdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu