Sərxoşluq adamın əsl üzünü ortaya çıxarırmış...




"The Telegraph" alimlərə istinadən yazır ki, alkoqol sərxoş olanların şəxsiyyətini əsaslı şəkildə dəyişmir. Bir çox adamlar qeyri-adi hərəkətlərinin içkiyə görə baş verdiyini söyləsələr də, yeni elmi-tədqiqat işi sərxoşluq və ayıqlıq zamanı xarakterdə radikal dəyişikliyin baş vermədiyini qeydə alıb.

Yeganə fərq bundadır ki, sərxoş adamlar daha ekstravert - yəni çılğınlıq və coşqunluq vəziyyətində olurlar. Məqalədə deyilir ki, sərxoşluq, əslində adamların şəxsiyyətinin "ucadan ifadə olunmuş" versiyasıdır.

Missouri Universitetindən professor Rayçel Vinoqrad deyib ki, sərxoş adamların özlərinin və onları kənardan müşahidə edənlərin qiymətləndirməsi arasındakı fərq alimləri təəccübləndirib. "Təcrübədə iştirak edənlər içkili vəziyyətdə şəxsiyyətlərinin bütün aspektlərində fərqli olduqlarını düşünürlər. Lakin ayıqlıq və sərxoşluqda fərqli olan yeganə faktor ekstraversiyadır"-alim deyib.

Məqalədə deyilir ki, bizim sərxoş olarkən başqa adama çevrilməyimizə dair inamımız əsassızdır. Spirtli içkilərin şəxsiyyətin dəyişməsinə səbəb olub-olmadığını öyrənmək üçün alimlər 156 iştirakçı üzərində müşahidə aparıblar. Təcrübədən əvvəl onlara xüsusi anket formaları paylanıb. Burada onlar öz qənaətlərinə görə ayıq və sərxoş vəziyyətdə necə adam olduqları barədə suallara cavab verməli idilər.

Bundan sonra iştirakçılar laboratoriyaya aparılıb və burada onlara içmələri üçün araq və limonad kokteylləri verilib. Daha sonra onlar içkili vəziyyətdə müxtəlif qrup tədbirlərində iştirak ediblər.Bu tədbirlər zamanı müəyyən şəxsiyyət xüsusiyyətləri də müzakirə olunurdu.Spirtli içkilərin qəbulundan sonra iştirakçılar səmimiliklərinin və razılaşma hisslərinin azaldığını bildiriblər. Bunun əvəzində onlar sərxoş vəziyyətdə çılğınlıq və coşqunluq hisslərinin artdığını deyiblər.

Lakin onları kənardan müşahidə edənlər yalnız ekstraversiyanı, yəni çılğınlıq və coşqunluğu görə biliblər. Doktor Vinoqradın fikrincə, həm iştirakçılar, həm də qiymət verənlər - həm düzgün, həm də düzgün olmayan nəticəyə gəliblər. Məsələ burasındadır ki, sərxoş olanlar daxillərində gedən dəyişiklikləri, qiymət verənlər isə zahiri dəyişiklikləri daha yaxşı görürdülər. (BBC)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu