Kürdəmir rəhbərliyindən prezidentə şikayət edildi


Bir neçə gün əvvəl evi yanmış Kürdəmir rayonu Yenikənd kənd sakini Məhərrəmov Şəhriyar Tofiq oğlu ölkə başçısına müraciət edib. Vətəndaşın AFN.az-ın e-mail ünvanına göndərdiyi məktubu olduğu kimi təqdim edirik:

Möhtərəm Prezident!

Bu məktubu Sizə yazmağımın səbəbi, ailəmizin bu günlərdə ağır və üzücü hadisə ilə üzləşməsi, lakin aidiyyatı qurumların hadisəyə olduqca soyuqqanlı və səhlənkar yanaşması ilə bağlıdır. Belə ki, adını qeyd etdiyim kənddə ailəmizə məxsus 4 otaqlı ev 12.07.2015-ci il tarixində axşam saatlarında elektrik naqillərində baş verən qısaqapanma nəticəsində tamamilə (içindəki bütün əşyalarla birlikdə: sənədlər, geyim, pul və zinət əşyaları və s.) yanıb kül olmuşdur.
Yenikənd kənd orta məktəbində 30 ildən artıq müəllim işləyən atamın, təqaüdçü anamın, bacımın və onun körpə uşaqlarının birlikdə yaşadığı bu evin sıradan çıxmasından sonra, ailəmiz çox ağır vəziyyətlə üzləşib. Cənab Prezident! Hadisədən sonra FHN Kürdəmir Rayon Dövlət Yanğından Mühafizə Hissəsi, Kürdəmir rayon İH başçısının Yenikənd kəndi üzrə icra nümayəndəliyi və Kürdəmir rayonu Yenikənd kəndi bələdiyyəsi yanğın hadisəsini, dəymiş ziyanın mövcudlugu ilə bağlı arayış və müvafiq sənədləri bizə təqdim etmişlər.
Lakin təəssüflər olsun ki, baş vermiş hadisədə dəymiş ziyanın hec olmasa, qismən ödənilməsi üçün bir neçə dövlət orqanlarına rəsmi şəkildə (ərizə, teleqram, məktub) müraciət etməyimizə baxmayaraq, heç bir müsbət cavab ala bilmirik.
Hadisə ilə əlaqədar FHN-nin nümayəndəsi bizə heç bir köməklik göstərə bilməyəcəyini söylədikdən sonra Kürdəmir rayonunun icra başçısı Ceyhun Cəfərovun qəbulunda olduq. O da həmcinin bizə heç bir köməklik göstərə bilməyəcəyini dedi və əvəzində kobud şəkildə “Gedin, kənd camaatı pul yığıb evinizi tikəcək” cavabını verdi.

Möhtərəm Prezident!
Gördüyünüz kimi, aidiyyatı qurumlar öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görmək əvəzinə, köməksiz bir ailəni öz taleyi ilə baş-başa buraxdılar. Fövqəladə hadisə nəticəsində evsiz-eşiksiz qalmış, hər bir şeyi əlindən çıxmış ailəmizin isə evi bərpa etməyə heç bir maddi imkanı yoxdur.

Cənab Prezident!
Ailəmiz adından bunu da vurğulamaq istərdim ki, Sizin həqiqətən hər bir azərbaycanlının Prezidenti kimi, daim xalqın yanında olduğunuzun hər zaman şahid olmuşuq. Biz hər zaman Sizin – Ümummilli Liderin layiqli davamçısının dövlətimiz üçün gördüyü işləri, atdığı addımları, yürütdüyü uzaqgörən siyasəti qürürla və inamla dəstəkləmişik. Şəxsən mən bir inəsənət adamı kimi rəhbərlik etdiyim Abşeron qrupu ilə birlikdə dahi şəxsiyyət - Ulu Öndərimizin bir çox yubiley konsertlərində və tədbirlərində, o cümlədən YAP-nın seçkiqabağı təbliğat və təşviqat tədbirlərində və konsertlərində (istər bölgələrimizdə, istərsə də Bakıda) mütəmadi olaraq təmənnasız və qürür hissi ilə iştirak etmişəm.

Möhtərəm Prezident!
Ailəmizin üzləşdiyi bu ağır vəziyyətdə, çətin məqamda bizə dəstək olmağınızı Sizdən artıq dərəcədə xahiş edirik.

Dərin hörmətlə, Məhərrəmovlar ailəsi

[medium]http://afn.az/uploads/posts/2015-07/1437723007_ku1.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-07/1437722989_ku2.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-07/1437723028_ku3.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-07/1437723006_ku4.jpg[/medium]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu