Komitə GMO məhsul axtarıb tapmayıb?


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadənin qadağan olunması ilə əlaqədar müxtəlif növ məhsullar yoxlayıb.

Bu barədə komitədən verilən məlumatda deyilir. Xəbərdə deyilir ki, genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsinin qarşısının alınması və istehlakçıların hüquqlarının qorunması məqsədilə tədbirlərin görülməsi üçün əmr verilib.

Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən ticarət şəbəkələri, satış nöqtələri və bazarlardan 20 adda məhsuldan nümunə götürülərək laborator müayinə üçün komitənin Təcrübə - Sınaq Mərkəzinin (AzTest) GMO məhsulların sınağı laboratoriyasına təqdim edilib. Bü nümunələr 5 adda düyü, 2 adda soya, qarğıdalı, qarğıdalı turşusu, yaşıl noxud, lobya, yemiş, qarpız, bulğur, arpa yarması, kartof çipsisi, sezar sousu, italyan ketçupu, badamlı və vaflilli südlü şokolad məhsullarıdır.

Artıq 4 adda düyü, 2 adda soya, qarğıdalı, qarğıdalı turşusu, yaşıl noxud, lobya, yemiş, qarpız, bulğur məhsullarından götürülmüş nümunələrin sınaqları başa çatıb. Sınaq nəticələrinə əsasən adıçəkilən məhsulların tərkibində GMO aşkar edilməyib. Digər məhsulların sınağı isə davam edir. Sınaq nəticələri davamlı olaraq ictimaiyyətə açıqlanacaq.

Məlumat üçün bildirək ki, “Yeyinti məhsulları haqqında” qanunun 9-cu maddəsi ilə yeyinti məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının istifadəsi qadağan olunub.

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 28 aprel, 2015-ci il 1266-IVQD nömrəli qanununa əsasən elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını istehsal etmə və həmçinin istehsal olunmuş məhsulları xeyli miqdarda bilə-bilə idxal etmə və ya satma üçün cinayət məsuliyyəti müəyyən olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu