Kredit oliqarxlarının “Yeddi təpə” layihəsi batır


Cəmi bir neçə ay əvvəl təntənəli şəkildə təqdim olunan və Beynəlxalq Bank tərəfindən maliyyələşdirilən “7 Hills Baku” tikinti layihəsi başlamağa imkan tapmadan dayanıb.

Bakının Heydər Əliyev prospekti ilə Babək prospektinin arasında, Keşlədəki keçmiş beton zavodunun ərazisində inşa olunması planlaşdırılan yaşayış kompleksində tikinti işlərinin dayanması müştəriləri təşvişə salıb.

İnternet forumlarda bu layihə barədə yer alan, xəbər saytlarının səhifələrinə də yol tapan məlumatlarda deyilir ki, kompleksin təməlinin hələ mart ayında qoyulacağı elan edilmişdi. Lakin layihədə işlər məhdud miqyasda katlavan qazma mərhələsindən o yana keçməyib.

Əvvəlcə “7 Hills” şirkəti tikinti işlərinin Avropa Oyunlarına görə ləngidiyini bildirib. Ancaq Avropa Oyunları başa çatsa da tikinti işləri başlamayıb, üstəlik layihənin reklamına dair lövhələrin şəhərdən yığışdırılması müştərilərin narahatlığını daha da artırıb.

“7 Hills” (“7 təpə”) yaşayış kompleksinin təqdimatı 2014-cü ilin dekabrında Bakıdakı “Globus Plaza”da keçirilib. Orada elan edilib ki, layihə Azərbaycan Beynəlxalq Bankı tərəfindən ipoteka kreditlərin ayrılması yolu ilə maliyyələşdiriləcək.

Həmin vaxt maliyyə göstəriciləri kəskin şəkildə pisləşən və problemli kreditlər içində olan Beynəlxalq Bank isə layihəni maliyyələşdirmək üçün ərəb banklarından İslam bankçılığı üçün cəlb etdiyi sindikatlaşdırılmış kreditdən istifadə etməli idi.

Belə ki, “7 Hills” müştərilərinə Beynəlxalq Bankın İslam bankçılığı xidmətinin “İcarə” məhsulu vasitəsilə 15 il müddətinə mənzil əldə etmə proqramını təklif edirdi. Layihənin rəhbərləri əmin edirdilər ki, “7 Hills” Bakıdakı bir çox başqa tikinti layihələri kimi yarımçıq qalmayacaq, çünki ölkənin ən iri bankı onun həyata keçirilməsinə təminat verib.

Lakin çox keçmədən Beynəlxalq Bank ətrafında Cahangir Hacıyevin istefası, kredit oliqarxlarının kütləvi həbsi ilə müşayiət olunan qalmaqallı proseslər başladı. Və bu proseslər “7 Hills” yaşayış kompleksinin tikintisi layihəsinə də təsir etdi. Beynəlxalq Bank layihəyə kredit ayrılmasını dayandırdı və şirkət tikinti işlərinə başlamağa imkan tapmadan işlər yarımçıq qaldı.

Həmin vaxt şirkət müştəriləri qaçırmamaq üçün Avropa Oyunlarına görə Bakıda tikintilərə tətbiq edilən məhdudiyyətdən yararlana bildi. Daha sonra açıqlandı ki, Beynəlxalq Bank ipoteka kreditlərini dayandırdığı üçün “7 Hills” kompleksində mənzillərin satışı “Bank Technique” tərəfindən ayrılan ipoteka kreditləri vasitəsilə aparılacaq. Başqa sözlə, tikintinin maliyyələşdirilməsini bu dəfə “Bank Technique” üzərinə götürdü.

Ancaq bu günlərdə məlum oldu ki, “Bank Technique” özü də ciddi böhran içindədir, hətta müflis olmaq təhlükəsi ilə üzləşib. Beynəlxalq reytinq agentliyi olan “Moody’s” bankın yerli və xarici valyuta ilə uzunmüddətli deposit reytinqini Caa1-dən Caa2-yə endirib.

Agentlik bildirib ki, bank fevral ayında həyata keçirilən devalvasiyadan sonra ciddi maliyyə itkiləri ilə üzləşib və kapital yetərsizliyi ilə qarşı-qarşıyadır. Bankın bu itkilərin yerini doldurmaq üçün 28 milyon dollar ehtiyacı var və əgər bu vəsait tapılmasa, reytinqi yenidən aşağı salına bilər.

Beləliklə, hazırda “Bank Technique”nin də bu yaşayış kompleksinin tikintisini ipoteka kreditləri ilə maliyyələşdirməsi qabiliyyəti şübhə altındadır.

“7 Hills” şirkətindən mətbuata bildirilib ki, layihəyə görə müştərilərin Beynəlxalq Banka ödədiyi ödənişlərin bir hissəsi bankda dondurulub. Nəticədə tikintidə ləngimə yaranıb. Ancaq layihənin dayandırılmasından söhbət getmir.

“7 Hills” şirkətinin rəhbəri Mədət Rüstəmovdur. Həmin Mədət Rüstəmov ki, buna qədər Bakıda elit yaşayış komplekslərinin inşası ilə məşğul olan digər tikinti şirkətinin - “Yeni Həyat”ın Direktorlar Şurasının rəhbəri olub.

“7 Hills” şirkətinin ofisi isə Beynəlxalq Bankdan yüz milyonlarla dollar kredit götürüb qaytarmayan oliqarx, keçmiş deputat Dünyamin Xəlilovun və onun ortağı Xaqani Bəşirovun “Globus Plaza” ofis mərkəzində yerləşir. İşgüzar çevrələrdən məlum olub ki, əslində “7 Hills” layihəsinin arxasında da bu oliqarxlar, o cümlədən Cahangir Hacıyev dayanır.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu