Həlak olan polislərimiz dəfn edilir - Foto
AzVision.az-ın əməkdaşı xəbər verir ki, II Fəxri Xiyabanda təhlükəsizlik tədbirləri gücləndirilib. Ərazidə çoxlu sayda polis əməkdaşları var.
Dəfn mərasimində daxili işlər naziri, general-polkovnik Ramil Usubov başda olmaqla nazirliyin yüksək rütbəli şəxslərinin iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. 2 polis əməkdaşı həlak olub. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. Fakt üzrə Baş Prokurorluq tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.