İdmançılarımız erməniləri məğlub etdilər


Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri davam edir.

Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə ilk olaraq boksçularımızdan 49 kq çəki dərəcəsində çıxış edən Hacıbaba Fərziyev rinqə çıxıb.

Amma həmyerlimiz ümidləri doğrultmayıb. O, ukraynalı Dmitri Zamotayevlə görüşdən məğlub ayrılıb – 1:2.

Milli komandamızın üzvü Elvin İsayev (60 kq) ikinci döyüşündə də qalib gəlib. Son Azərbaycan çempionu Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyan üzərində qələbə qazanıb – 3:0. İsayev 1/4 finalda tailandlı Saylom Ardee ilə üz-üzə gələcək.

Yığmamızın Kuba əsilli üzvü Lorenzo Sotomayor da (64 kq) erməni boksçunu mübarizədən kənarlaşdırıb. O, Hovanes Baçkovu 2:1 hesabı ilə üstələyib. Sotomayorun 1/4 finaldakı rəqibi braziliyalı Joedison de Xesus olacaq.

69 kq çəki dərəcəsində çıxış edən Roman Zakirov “Baku Fires” klubundan yaxşı tanıdığımız Belarusu təmsil edən Məhəmməd Nuruddinova uduzub – 0:3. Kamran Şahsuvarlı (75 kq) ilk görüşdə Qazaxıstan milli komandasının üzvü Rüstəm Svayevə məğlub olub – 0:3. London Olimpiadasının iştirakçısı Vətən Hüseynli də (81 kq) yarışa məğlubiyyətlə başlayıb. Həmyerlimiz İsveçrə təmsilçisi Uke Smajli ilə bacara bilməyib – 0:3.

Qadın boksçularımız da “Strandja” turnirində çıxışlarına başlayıblar. Anaxanım Ağayeva (51 kq) irlandiyalı Keyr Smitlə dueldən məğlub ayrılıb – 0:3. Dünya çempionatının gümüş mükafatçısı Yana Alekseyeva ilk görüşdə bolqarıstanlı Svetlana Kamenova ilə qarşılaşıb. Bərabər döyüşdən sonra hakimlər qələbəni yerli idmançıya veriblər.

Milli komandamızın digər üzvü Anna Əlimərdanova isə (54 kq) yarışa qələbə ilə başlayıb. Boksçumuz Yunanıstan təmsilçisi Aikaterini Koutsoqeorqoponu mübarizədən kənarlaşdırıb – 2:1. Əlimərdanova növbəti mərhələdə amerikalı Kristina Kruzla qarşılaşacaq. Yelena Vıstropova (69 kq) qazaxıstanlı Zarina Soloyevayla, Leyla Cavadova isə (75 kq) belaruslu Viktoriya Kebikava ilə görüşəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu